Məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan hallarla bağlı qəti tədbirlər görülür

 

Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilmişdir. MHŞ-dən AzərTAc-a bildirmişlər ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tələbləri vurğulanmış, korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 17 hakim barədə intizam icraatlarının başlanılması, o cümlədən 8 nəfərin səlahiyyətlərinə xitam verilməsi və ya aşağı işə keçirilməsi qeyd edilmişdir.

İclasda həmçinin şuranın korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən aparılmış araşdırmalar nəticəsində 3 hakim barədə başlanılmış intizam icraatlarına baxılmış, insan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr yaradılması, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Marif Kazımovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin sədri Fərhad Əfəndiyevə töhmət verilmişdir.

 

 

Azərbaycan.- 2011.-5 mart.- S. 5.