"Əfsanələr
paytaxtı" - Şabran
Azərbaycanın bütün bölgələri qəbul edilən dövlət proqramlarının icrası nəticəsində öz simasını dəyişir, əhalinin sosial həyatı yaxşılaşır. Bunu Şabran rayonunun timsalında da görmək mümkündür.
Ötən il şabranlılar üçün əlamətdar olmuşdur. Dövlət başçısı iki dəfə Şabrana səfər etmiş, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan nəqliyyat sektorunun çox mühüm layihələrindən biri - Bakı-Rusiya sərhədi magistral yolunun Şabran rayonundan keçən hissəsində tikinti işlərinin gedişi ilə maraqlanmışdır. 2010-cu ilin avqustunda isə bu nəhəng layihə çərçivəsində rayon mərkəzindəki Dəvəçi çayının üzərində tikilmiş, ölkə ərazisində ən böyük - 540 metr uzunluqda körpünün açılışı olmuşdur. Ölkə başçısı həmçinin qədim Şabran şəhərinin tarixi qalıqları, "Çıraqqala" abidələr kompleksinin elementləri əsasında tikilmiş seyrəngahla tanış olmuş, əsaslı şəkildə yenidən tikilən Bakı-Quba yolunun açılışında iştirak etmişdir.
Keçən ilin ən yaddaqalan hadisəsi isə Qədim İpək Yolunun üstündə yerləşən, 2300 yaşlı Şabranın tarixi adının bərpa olunmasıdır. Şabranın qədim adının bərpa edilməsinə görə rayon sakinləri Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edirlər.
- Ötən ilin əvvəllərində qarşıya qoyulan vəzifələri müəyyənləşdirərkən rayonda iqtisadi və sosial sahələrin bütün aspektləri üzrə görüləcək işlərlə bağlı 83 bənddən ibarət tədbirlər planı qəbul etmişdik, - deyə RİH-nin başçısı Novruz Novruzov bildirir - Həmin tədbirlərin demək olar, əksər hissəsi yerinə yetirilmiş və ya hazırda icrası davam etməkdədir. Şabranda bu gün dövlət vəsaiti hesabına irimiqyaslı bir neçə layihə yerinə yetirilir. Bu sırada rayon ərazisində inşası davam edən dövlət əhəmiyyətli Taxtakörpü su anbarını, anbarın üstündə tikilən su elektrik stansiyasını xüsusi qeyd etmək lazımdır. Təsadüfi deyil ki, ölkə başçısı Taxtakörpü su anbarının tikintisini əhalinin sosial rifahına yönəldilmiş çox böyük əhəmiyyət daşıyan nəhəng layihələrdən biri adlandırmışdır.
Ötən il rayonun iqtisadi göstəriciləri də xeyli yüksəlmişdir. İl ərzində istehsalın həcmi 296,9 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 35 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri son 7 ildə 3 dəfə artaraq 425 manatdan 1245 manata çatmışdır.
N.Novruzov:
- Qəbul
edilən dövlət proqramları sosial dirçəlişlə
yanaşı, regionlara yeni həyat gətirmişdir.
2004-cü ildən bəri Şabranda 5467 yeni iş yeri
açılmışdır ki, onun da 2831-i daimidir. Təkcə son bir ildə
215-i daimi olmaqla 469 yeni iş yeri yaradılmışdır.
Şabranda abadlıq-quruculuq
işlərinə də diqqət çoxdur. Prezidentin
tapşırığı ilə rayonda aparılan abadlıq
işlərinə əlavə 1 milyon manat vəsait
ayrılmışdır. Həmin vəsait hesabına ikimərtəbəli
5 yaşayış evinin dam örtükləri və pəncərələri
dəyişdirilmiş, fasadları alkaponla üzlənmiş,
tarix-etnoqrafiya muzeyi yenidən qurulmuş, qədim Şabran
şəhərinin tarixini əks etdirən panno, 2 giriş
tağı və 6 qapı tikilmiş, küçələrdə
müasir işıqlanma sistemi qurulmuş, yaşıllıq
zolağı salınmış və digər işlər
görülmüşdür.
Şabranda poeziyanı
çox sevirlər. Tikintisi başa çatmaqda olan
"Poeziya evi" və ona bitişik köməkçi bina
tezliklə şeirsevərlərin ixtiyarına veriləcək.
Klassik Azərbaycan şairi Xaqaninin heykəlinin postamentinin və
ərazidəki meydanın yenidən qurulması isə
başa çatmışdır. Heykəlin yaxın günlərdə
postamentə qoyulması gözlənilir. Eyni zamanda, Şabran
şəhər mədəniyyət və istirahət
parkında yenidənqurma işləri aparılır. Bunlardan
savayı, rayonda çox böyük ictimai iqamətgah olacaq
Heydər Əliyev Mərkəzinin tikintisi başa çatmaq
üzrədir.
Rayonda sahibkarlığın inkişafına geniş meydan verilir. Təkcə onu demək kifayətdir ki, keçən il sahibkarlara 4,5 milyon manat kredit verilmişdir. Alınmış kreditlərin həcmi əvvəlki ildən 1,7 milyon manat çox, ondan istifadə edənlərin sayı isə 1932 nəfər artıq olmuşdur. Sahibkarlıq subyektlərinin sayı da 149 nəfər artaraq 1862 nəfərə çatmışdır.
Şabranlılar Bakı və Sumqayıtda təşkil olunan kənd təsərrüfatı yarmarkalarında da fəal iştirak edirlər. Təkcə ötən il rayondan həmin yarmarkalara 14 adda 450 tondan çox kənd təsərrüfatı məhsulları göndərilmişdir. Ümumiyyətlə, Şabranda kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil edir. Ona görə də bu vacib sahəyə diqqət rayon rəhbərliyi tərəfindən həmişə ön planda saxlanılır.
"Ekologiya ili" şabranlılar üçün həm də "Şahdağ" Milli Parkının yaranması ilə yadda qaldı. Amma bu günlər bütün rayon sakinlərinin sevincinə səbəb olan bir şad xəbər də gəldi. Mədəniyyət Nazirliyi tərəfindən Şabran şəhəri 2011-ci ilin "Əfsanələr paytaxtı" elan edilmişdir.
Akif ƏLİYEV
Azərbaycan.- 2011.-5 mart.- S. 6.