Qax rayonunda əhəmiyyətli layihə və proqramlar uğurla icra edilir

 

2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirələrinə həsr olunmuş yığıncaqda Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev geniş hesabat məruzəsi ilə çıxış etdi. Məruzədən bir daha bəlli oldu ki, ötən il Qax rayonunun iqtisadiyyatında dinamik yüksəlişə nail olunub, regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramında Qax rayonu ilə bağlı nəzərdə tutulan vəzifələrin icrası uğurla davam etdirilib. Ötən il rayonda ümumi daxili məhsul istehsalı 73 milyon 19 min 800 manat təşkil edib ki, bu da 2009-cu illə müqayisədə 8 faiz çoxdur.

2010-cu ildə Qax rayonunda quruculuq işləri geniş vüsət alıb. Qax şəhərinin bütün küçələrində, parklarında abadlıq işləri görülüb. Rayon büdcəsindən əsaslı və cari təmir işləri üçün ayrılmış 156 min 500 manat vəsait hesabına şəhər 1, 5 saylı, Lələpaşa, Tasmalı, Alatəmir və Əmircan kənd məktəblərinin, şəhər poliklinikasının, rayon uşaq xəstəxanasının, mərkəzi və uşaq kitabxanalarının, rayon mədəniyyət evinin, incəsənət məktəbinin binalarında əsaslı və cari təmir işləri həyata keçirilib. Ötən il rayonda "Səngər Qala" istirahət mərkəzində dördmərtəbəli mehmanxana binası, Qarabaldır kəndi ərazisində süd məhsulları emalı müəssisəsi və Qax şəhərinin "Gənclik" massivində dördmərtəbəli yaşayış evi tikilib. İ.Mustafayev küçəsində qəzalı vəziyyətdə olan 5 ev və Əlibəyli kəndində 2 fərdi ev Fövqəladə Hallar Nazirliyi tərəfindən yenidən tikilib.

Hazırda Qax şəhərinin Heydər Əliyev prospektində idman kompleksinin, Qaxbaş kəndi ərazisində ümumi smeta dəyəri 2 milyon 600 min manat olan doqquzmərtəbəli 40 mənzilli yaşayış binasının və smeta dəyəri 2 milyon manat olan "İş Mərkəzi" nin tikinti işləri davam edir. Qax İngiloy kəndi ərazisində də ikimərtəbəli ticarət və mehmanxana binası tikilir. Qax şəhərində Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin inzibati binasının tikintisinə başlanılıb.

Qaxda xüsusi vəsait hesabına inşasına başlanılmış bioloji təhlükəsizlik laboratoriyası binasının, 2010-cu ilin əvvəlindən tikintisinə başlanılmış rayondaxili və rayonlararası avtovağzalın əsas binasının, Alatəmir kəndində "Qax mineral suları" zavodunun tikintisi başa çatmaq üzrədir.

Bütün bunlarla yanaşı, Əmbərçay kəndində tikinti materialları istehsal edən "Muğal" MMC-nin qum-çınqıl zavodu, Güllük kəndində 400 nəfərlik şadlıq sarayı, şəhərin İ.Mustafayev küçəsində Respublika bankının filial binası və Qorağan kəndində həkim ambulatoriyası artıq istifadəyə verilib.

16 saylı Qax Yol İstismar İdarəsi tərəfindən ötən il ərzində respublika əhəmiyyətli yolların saxlanılmasına 254 min 600 manat, yerli əhəmiyyətli yolların tikintisinə və təmirinə 461 min 400 manat vəsait xərclənib. Qax-İlisu-Sarıbaş və Oncallı avtomobil yolunun ümumilikdə 3 km hissəsində asfalt-beton örtüyü əsaslı təmir edilib. Qıpçaq-Üzümlü avtomobil yoluna çınqıl tökülüb.

Meliorasiya və Su Təsərrüfatı ASC xətti ilə podratçı təşkilat olan "Azərkörpü" ASC tərəfindən İlisu-Sarıbaş yolundakı Hamam çayı üzərində 86 metr uzunluğunda biraşırımlı körpünün tikintisi davam etdirilib və kəndin seldən mühafizəsi üçün 6062 kubmetr dəmir-beton işi görülüb. Meliorasiya və Su Təsərrüfatı ASC-nin xətti ilə ilin əvvəlindən Əlibəyli kəndi ərazisindəki Kürmük çayı hövzəsində başlanılmış selə qarşı 300 p/m hissədə 1478 kubmetr beton-mühafizə bəndin tikintisi də ötən il başa çatıb. Həmçinin Çüdülü kəndində Qapıçay çayından Güllük kəndinin əkin sahələrinin suvarılması məqsədi ilə suötürücü stansiyasının tikintisi də tamamlanıb. Rayonun 5 kəndində əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün artezianlar vurulub.

Bir sözlə, ötən müddət ərzində rayonda daxili imkanlar hesabına 1 milyon 284 min manat məbləğində tikinti-quruculuq işləri görülüb. Əlbəttə, sadalanan faktlar tikinti-quruculuq işlərinin tam siyahısını əhatə etmir. Qeyd etmək yerinə düşər ki, Qaxda xalq tətbiqi-sənəti ustaları üçün 12 emalatxana binası və 300 yerlik tamaşaçı tutumuna malik açıq teatr meydançasının tikintisi başa çatdırılıb. Qax şəhərində aparılan yenidənqurma işləri də milli-memarlıq üslubuna əsaslanır.

Ötən il bir çox layihələrin həyata keçirilməsi, proqramların icra olunması sayəsində insanların rifah halı xeyli yaxşılaşıb. Qaxlılar ümidvardırlar ki, yüksək dövlət qayğısı müqabilində həyata keçirilən tikinti-quruculuq işləri, iqtisadiyyatın inkişafına yönələn tədbirlər daha geniş vüsət alacaq.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-5 mart.- S. 6.