2 ilin 102 ünvanı
Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı qərb bölgəsində uğurla yerinə yetirilir
Gəncə-Qazax iqtisadi rayonu qərb bölgəsinin 11 şəhər və rayonunu əhatə edir. Ərazisi 12,4 min kvadrat kilometr, əhalisi təqribən 1,2 milyon nəfərdir. İqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur. Kənd təsərrüfatı və sənaye məhsulları ilə yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında həyatın hər sahəsinin sürətli inkişafı və bu məqsədlə müvafiq infrastrukturların yaradılması üçün çox dəyərli tədbirlər nəzərdə tutulmuşdur. Dövlətin qayğısı və köməyi ilə həmin tədbirlərin böyük əksəriyyəti uğurla yerinə yetirilir. Son 2 ildə bir sıra cari işlərin icrası ilə yanaşı, qərb bölgəsində 102 yeni ünvan salındı.
Dövlət proqramının icrası ilə əlaqədar konkert olaraq hər şəhərdə, hər rayonda nə kimi işlər görülüb? Başlayaq ölkəmizin qərb qapısı sayılan Qazax rayonundan.
Bu yaxınlarda Prezident İlham Əliyev qərb bölgəsində olarkən Sınıq körpü sərhəd-kömrük məntəqəsinin, Qazax-Gürcüstan sərhəd yolunun, Birinci Şıxlı məktəbinin, S.Vurğun Poeziya evinin açılışında iştirak etdi. Dövlət başçısı yerlərdə görülən işlərə yüksək qiymət verdi. Ümumiyyətlə, ötən illərdən bu qədim diyara Heydər Əliyev Elm Mərkəzi, "Dədə Qorqud" guşəsi, "Müdriklər bağı", Olimpiya İdman Kompleksi, diaqnostika mərkəzi və onlarca digər obyekt yadigar qalıb.
Son 2 ildə Birinci Şıxlı və Qaymaqlı kəndlərində yeni məktəblər, inzibati binalar tikilib. İllik istehsal gücü 110 min ton olan "AzRosPromİnvest" birgə müəssisəsinin, 36 km uzunluğunda beynəlxalq avtomobil yolunun, Çaylı kəndində üç min tonluq taxıl qəbulu məntəqəsinin, Kommuna kəndində illik istehsal gücü 100 min ton olan qarışıq yem kombinatının inşası başa çatdırılıb. Canalı kəndində müasir standartlara cavab verən yeni uşaq bağçası, Alpout və Xanlıqlar kəndlərində isə həkim məntəqələri istifadəyə verilib.
İqtisadiyyat sürətlə inkişaf edir, güclü-qüvvətli sənaye müəssisələri yaranır. Rayon üzrə ümumi məhsul istehsalının həcmi 120 milyon manata çatıb. İllik istehsal gücü 1 milyon ton olan sement zavodunun, Çaylı kəndində 250 tonluq meyvə-tərəvəz saxlama kamerasının tikintisində işlər davam edir. Bunlardan əlavə, 1, 2 və 5 saylı şəhər, Alpout, Dəmirçilər, Qaymaqlı və Fərəhli kənd orta məktəblərində istilik sistemləri yenidən qurulub, Birinci Şıxlı kəndində 640 yerlik üçmərtəbəli yeni məktəb binasının tikintisi başa çatdırılıb.
Dövlət proqramına uyğun olaraq əhalinin işıq, qaz və su ilə təminatının yaxşılaşdırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilib. Yeni salınmış yaşayış evlərinə, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərə üç kilometr uzunluğunda SİP tipli kabel çəkilib, yüzlərlə sayğac yenisi ilə əvəz edilib, 105 transformator əsaslı və cari təmir olunub. Eləcə də sərhəd bölgəsində yerləşən Dəmirçilər, Quşçu Ayrım, Hüseynbəyli, Cəfərli, Daş Salahlı və Canalı kəndlərinə qaz xətləri çəkilib, Quşçu Ayrım, Məzəm, Qaymaqlı, Dəmirçilər, Birinci Şıxlı kəndlərində artezian quyuları istifadəyə verilib, Məzəm kəndinin yuxarı hissəsində 30 tonluq su anbarı tikilib.
Dövlət proqramında Ağstafa rayonu üzrə bir sıra dəyərli tədbirlər nəzərdə tutulub. Bəri başdan deyək ki, rayonun girəcəyində tikilmiş toxuculuq fabriki son illərin ən önəmli yadigarıdır. Rayonda sosial-iqtisadi problemlərin həlli üçün əlaqəli, əhatəli tədbirlər görülür. İstər rayonun mərkəzində, istərsə də qəsəbə və kəndlərdə yeni müəssisələr açılır, köhnələri bərpa olunur, abadlıq-quruculuq işləri getdikcə geniş miqyas alır.
Nəzərdə tutulan tədbirlər həyata keçdikcə Ağstafa abad diyara çevrilir. Səməd Vurğun parkı, ana və uşaqlar üçün istirahət mərkəzi, dəmir yolu ətrafındakı seyrangah göz oxşayır. Təkcə rayonun mərkəzi küçələri yox, qəsəbə və kəndlərin yolları da abadlaşır, körpülər salınır, səkilər düzəldilir. Dövlət proqramı çərçivəsində Dağ-Kəsəmən kəndindən keçən avtomobil yoluna asfalt-beton döşənib. İndi isə Ağstafa-Böyükkəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması üçün hazırlıq işləri görülür.
Son vaxtlar rayonda üzümçülüyün inkişafına xüsusi fikir verilir. Müxtəlif ərazilərdə artıq 340 hektar bağ salınıb. Abadlıq və quruculuq işləri genişləndiyi üçün tikinti materiallarının istehsalı da diqqət mərkəzindədir. "Çinar" və "Mineral" şirkətləri tərəfindən vulkan külünün hasilatı davam etdirilir. "Çinar", "Akkord", "Altay-Nur" və "Daşqır" şirkətlərinin gil-çınqıl karxanaları, Tatlı kəndində yeni istifadəyə verilmiş daş sexi hamının köməyinə gəlir.
Hazırda 480 şagirdlik Aşağı Kəsəmən kənd orta məktəbində qazanxana - istilik sistemi quraşdırılır, Soyuqbulaq kənd orta məktəbində yeni tədris korpusu inşa olunur, rayon mərkəzində şəhid ailələri və əlillər üçün 32 mənzilli yaşayış binası tikilir.
Bu yaxınlarda isə Dağ-Kəsəmən və Həsənsu kənd orta məktəbləri əsaslı təmir olunmuş, Heydər Əliyev Fondunun vəsaiti hesabına Ağstafa şəhər 4 saylı körpələr evi üçün müasir tələblərə uyğun binanın inşasına başlanmışdır.
Tovuz rayonunda da görülən işlər çoxdur. Bu yaxınlarda dövlət başçısı Olimpiya İdman Kompleksinin, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun açılışında iştirak etdi, yeni yaranan mədəniyyət və istirahət parkı ilə tanış oldu, Bozalqanlı kəndində süd emalı zavoduna baş çəkdi. Bu obyektlərin hər biri rayonun sosial-iqtisadi inkişafında xüsusi rol oynayır. Tovuz-Böyük Qışlaq-Qaralar yolu 43 yaşayış məntəqəsini, o cümlədən Ermənistanla sərhəddə yerləşən 19 dağ kəndini rayon mərkəzi ilə birləşdirir. "Gilan Holdinq"in inşa etdirdiyi süd zavodunun istehsal gücü sutkada 20 tondur. Tam gücü ilə işləyəndə isə onun imkanları ikiqat çoxalacaq.
Dövlət proqramının ilk 2 ilində rayonun kəndarası yollarında əsaslı və cari təmir işləri aparılmış, tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının tikintisi davam etdirilmiş, 10 kəndə təbii qazın verilməsi bərpa olunmuş, ümumilikdə 52 min nəfərin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Zəyəmçay-Tovuz su kəmərinin tikintisi başa çatdırılmışdır.
Rayonda ümumi məhsul istehsalının həcmi 2003-cü ilə nisbətən 3, o cümlədən kənd təsərrüfatı istehsalı 2,3, sənaye məhsulunun həcmi 2,7, əsas kapitala yönəldilən investisiyalar 9,5, tikinti-quraşdırma işlərinin həcmi 10 dəfə artmışdır.
Şəmkir ölkənin ən iri rayonlarından biridir - istər ərazisinə, istər əhalinin sayına, istərsə də iqtisadiyyatına görə. İl ərzində rayon üzrə ümumdaxili məhsul istehsalının həcmi 295 milyon manata çatıb.
Rayonda sahibkarlığın inkişafına xüsusi fikir verilir. Əkin sahələri çoxaldıqca suvarma şəbəkələri genişlənir. Aqrolizinqin bazası möhkəmlənir, fermerlərə kreditlər verilir, güzəştli qiymətlərlə müxtəlif gübrələr satılır. Rayonda ənənəvi sahələrin inkişafı ilə yanaşı, faraş tərəvəzin yetişdirilməsinə xüsusi diqqət yetirilir. Sarıtəpə kəndinin yaxınlığında 2,5 hektar sahədə istixana kompleksi yaradılıb. Bundan əlavə, müxtəlif qəsəbə və kəndlərdə ayrı-ayrı sahibkarlar tərəfindən təqribən 4 min hektar sahədə istixanalar yaradılıb. Dəllərdə isə 10 min tonluq gübrə anbarı inşa olunub.
Hazırda Şəmkir quşçuluq fabrikində yenidənqurma işləri aparılır. "Şərq ulduzu" MMC-nin də fəaliyyəti genişlənir. Fransadan gətirilən üzüm sortlarından yeni plantasiyalar salınıb. Alman texnologiyası əsasında qurulmuş zavodda müxtəlif növ şərablar istehsal olunur. Şəmkirin məhsulları beynəlxalq şərab sərgilərində dəfələrlə nümayiş etdirilib.
Rayonda sosial obyektlərin inşası aybaay, ilbəil genişlənir. Tatarlı, Plankənd, Mehrili, Şiştəpə, Dəllər Cırdaxan, Aşağı Seyfəli, İrmaşlar, Xanallar kəndlərində, Dəllər və Füzuli qəsəbələrində orta məktəblər üçün müasir binalar tikilib. Son illərin xarakterik xüsusiyyətlərindən biri də budur ki, idarələr üçün müasir inzibati binalar inşa olunur. İndi şəhərin giriş hissəsindəki Səməd Vurğun seyrangahının ətrafında bir-birindən yaraşıqlı müasir görkəmli, milli üslublu binalar cərgələnir. Ulu öndər Heydər Əliyevin abidəsi və xatirə muzeyi isə ziyarət yerinə çevrilib. Bu yaxınlarda daha bir obyekt - qarnizon prokurorluğunun inzibati binası istifadəyə verilib. Yenicə təməli qoyulmuş beşmərtəbəli bina isə hərbi qulluqçular üçün nəzərdə tutulub. İndi dağların başında - Şəmkirçayda nəhəng bir dəryaça yaradılır. Dəryaça on minlərlə hektar sahəyə yeni həyat gətirəcək.
Samux bölgənin
ən cavan rayonudur. İkinci Dövlət Proqramı bu yerlərə
yeni həyat verib. Hər yanda
tikinti-abadlıq işləri gedir. Samux sanki öz sərhədinə
sığmır, Heydər Əliyev prospekti boyunca Gəncəyə
doğru can atır. Səfalı guşədə
yeni inzibati mərkəz yaradılır. İdarə
və müəssisələr üçün
yaraşıqlı binalar tikilir.
Rayonda
iqtisadiyyatın sürətli inkişafı üçün
sistemli tədbirlər görülür. Quşçuluq fabriki
keçən il istifadəyə verilib. Bu il isə meyvə qurudulması və emalı
müəssisəsi, 500 kilovoltluq yardımçı stansiya fəaliyyətə
başlayıb. Böyüklüyünə
görə respublikada ikinci olan bu stansiya Gəncə şəhərindəki
poladəritmə və alüminium zavodlarını elektrik
enerjisi ilə təchiz edir.
Samuxa səfər edən
Prezident İlham Əliyev rayonda görülən abadlıq və
quruculuq işlərinə yüksək qiymət verərək
deyib: "Hər dəfə bu bölgədə olarkən
sevinirəm ki, qərb zonası çox uğurla inkişaf
edir. Həm kənd təsərrüfatı
inkişaf edir, sənaye müəssisələri, sosial obyektlər
tikilir, həm də yeni parklar, yollar salınır".
Gədəbəydə
qızıl emalı müəssisəsinin işə
salınması ümumən ölkə həyatında
misilsiz hadisədir. Elimizin sərvəti xalqa xidmət edir.
Bundan əlavə, son vaxtlar Şəmkir-Gədəbəy
yolu əsaslı surətdə yenidən qurulub, ucqar
Şınıx bölgəsinə, sərhəd kəndlərinə
təbii qaz çəkilib, neçə-neçə məktəb,
səhiyyə və mədəniyyət ocağı inşa
edilib, yollar, körpülər, keçidlər təmir
olunub.
İkinci
Dövlət Proqramı çərçivəsində
Naftalanda 2 müasir sanatoriya istifadəyə verilib, Goranboyda məcburi
köçkünlər üçün yaraşıqlı
qəsəbə salınıb, Daşkəsən-Xoşbulaq
bölgəsinə asfalt yol çəkilib. Göygöl
rayonunda Olimpiya İdman Kompleksinin təməli qoyulub.
Son illər Gəncə
şəhərində görülən işlər daha
çoxdur.
Prezident İlham Əliyev Nizami yurdunda olarkən əsaslı
yenidənqurma işləri aparılmış "Xan
bağı" mədəniyyət və istirahət
parkına baxdı, "İmamzadə" kompleksində
tikinti-bərpa işlərinin gedişi ilə maraqlandı,
fiziki qüsurlu insanlar üçün yaradılmış
regional informasiya mərkəzi ilə tanış oldu. "Xan
bağı"nda olarkən dövlət
başçısı şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdü, şəhərdə
həyata keçirilən tədbirlər barədə öz
təəssüratını bildirərək dedi: "Mən
çox şadam ki, qısa müddət ərzində burada
yenidənqurma, abadlıq işləri
aparılmışdır və elə bil ki, park yenidən canlanmışdır.
Bu, çox əlamətdar hadisədir və onu
göstərir ki, ölkəmizdə bütün işlər
lazımi səviyyədə aparılır. Həm sənaye müəssisələri
yaradılır, həm sosial obyektlər tikilir, həm də
parklar salınır. Abadlıq işləri
aparılır. Belə də
olmalıdır. Çünki ölkəmiz
inkişaf edir, müasirləşir, gözəlləşir,
belə olan halda, ictimai yerlər, parklar ən yüksək səviyyədə
olmalıdır. Gəncənin tarixi
çox zəngindir, çox böyükdür. Mən çox şadam ki, Gəncənin qədim
tarixi qorunur".
Bir sözlə,
İkinci Dövlət Proqramının icrası ilə əlaqədar
yerlərdə xeyli işlər görülüb. Lakin qarşıda problemlər,
həlli vacib məsələlər də az
deyil. Məlum olduğu kimi, bu günlərdə "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına
həsr olunmuş konfrans keçirildi. Prezident
İlham Əliyev konfransda çıxış edərək
görülən işlər və qarşıda duran vəzifələrdən
danışaraq bildirdi ki, görüləsi işlər
çoxdur, problemlər icra edilir. Ən əsası
ondan ibarətdir ki, biz öz işimizi proqramlar əsasında
qururuq. Hər bir sahə üçün,
hər bir bölgə üçün, hər bir rayon
üçün konkret proqramlar var və icra olunur.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-5 mart.- S. 6.