Elm mübarizlik tələb edir

 

Müdrik bir el məsəlində deyilir: qəlbi elm, mübarizə və insana məhəbbət uğrunda çırpınmayan adamlar nahaq yerə anadan olurlar. Belə adamlar nahaq yerə analarının cavanlığını əlindən alırlar.

İnsan təbiətin yaratdığı möcüzədir. Görünür, təbiət insanı yaradarkən onun üzərinə digər canlılara xas olmayan bir vəzifə də qoyub. Bu vəzifə həyatı yaxınlaşdırmaq uğrunda mübarizədən ibarətdir. Çünki bu vəzifəni yerinə yetirməyə yalnız yer üzünün əşrəfi olan insan qadirdir. Əsl insan əzəl gündən qurub-yaratmaq aşiqi olub. Özündən sonra bəşəri mənada qiymətli irs qoymaq uğrunda əlləşmək, çarpışmaq onun həyatının mənası olub.

Təsadüfi deyil ki, dünya mədəniyyətinin ilkin inkişafını əkinçilik mədəniyyəti ilə əlaqələndirirlər. Çünki bəşər övladı dünyaya gəldiyi ilk gündən əsas yaşayış vasitəsi olan qidalanmaya, geyinməyə və mənzilə ehtiyac hiss edib. Bunlar isə yalnız torpaqdan, həm də onu əkib becərmək vasitəsilə alına bilərdi.

Elmdə son hədd, axırıncı kəşf anlayışı yoxdur. Elm dolaşıqlığa düşə-düşə, dolaşıqlığı aça-aça irəliləyir, inkişaf edir. Elm adamının yolu işığa, aydınlığa gedən yoldur. Elmin əhatə dairəsi hüdudsuzdur. Bu gün üçün yeni olan elmi kəşf sabah artıq köhnəlir, öz yerini daha böyük elmi ixtiralara verir. Artıq atom enerjisindən istifadə olunması bəşəriyyət üçün sirr deyildir. İndi elm bu enerjidən istifadənin yeni, daha səmərəli vasitələrini axtarmaqla məşğuldur.

İnsan şüuru milyon illərdir ki, inkişaf yolundadır. Bu inkişaf gələcəkdə də davam edəcək. İnsanlar elmdə daim yeni-yeni xariqələr yaradacaqlar. Əgər bu vaxta kimi bizi əməli fəaliyyətə istiqamətləndirən şüurumuzun maddi olaraq nədən ibarət olduğunu bilmiriksə, demək, dünyanın elmi sirlərinin hələ heç yüzdə biri belə öyrənilməyib. Bizi əhatə edən aləmin hələ üstü açılmamış bir çox sirləri elmin və elm adamlarının qarşısında bitib-tükənməyən vəzifələr qoyub.

Həyatın bütün sahələrində olduğu kimi, elmdə də bir dinamika, təbiətə, həyata daha dərindən nüfuz etmək meyli var. Burada başlıca vəzifəni elm adamları yerinə yetirməli olur. Çünki əsl alimin başlıca vəzifəsi axtarmaq və bu yolla əldə etdiyi elmi nailiyyətləri xalqın istifadəsinə verməkdir.

Elmə doğru gedən yol heç vaxt hamar olmayıb. Həqiqi elmi yolla yüksələnlərin hamısı məşəqqətlərə, əzablara dözməli olub. Lakin onlar əsl elm fədailəri olduqları üçün bütün maneələri cəsarətlə keçiblər. Tədqiq etdikləri sahədə özlərinə məxsus iz buraxmağa nail olublar. Onları nə elmi ad, nə də şan-şöhrət maraqlandırıb. Şan-şöhrət özü gəlib onları tapıb. Yunanlar bəşəriyyətə Homer və Hesoid, Polikled və Firiy, Evripid və Sofokl, Aristotel və Esxil, Demokrit və Heraklit, Pifaqor və Sokrat, Perikl və Likruq, Demosfen və Platon kimi böyük elm xadimləri vermişlər. Onlardan hər birinin bəşəriyyət qarşısında fərdi xidmətləri vardır.

Respublika Elmlər Akademiyası təşkil olunarkən onun ilk üzvləri sırasında yüksək elmi dərəcəyə malik olanlar çox az idi. Lakin onların hamısı əsl mənada elm fədaisi idi, böyük elmi mərkəzin yaradılması yolunda can qoyurdu. Bu gün, demək olar, dünya elminin bütün sahələrini əhatə edən onlarca elmi-tədqiqat institutunun, ali məktəbin, on minlərlə elmi kadrın yetişməsində onların əməyi misilsizdir. Bu adamların ürəyinin qanı ilə elm məşəli böyük alova dönüb respublikanın hər tərəfini işıqlandırırdı və Azərbaycana dünya şöhrəti gətirdi.

Elmin keşiyində bilavasitə elmlə məşğul olan adamlarla yanaşı, dövlət də durmalıdır. Dövlət elmin yaşayıb inkişaf etməsinə təminat verməlidir. Ötən əsrin 90-ci illərinin əvvəllərində qeyri-qanuni yolla dövləti idarə etmək səlahiyyəti əldə etmiş bəzi səriştəsiz adamlar Azərbaycan dövlətinin təkcə iqtisadiyyatına, sosial həyatına deyil, elminə də ciddi zərər vurdular. İş o yerə çatmışdı ki, hətta Elmlər Akademiyasını bağlamaq haqqında söz-söhbət gedirdi. Ölkə qarşısında böyük xidmətləri olan alimlər ruhdan düşürdülər. Alimə, elm adamına maddi və mənəvi təminat verilmirdi. Xoşbəxtlikdən belə dözülməz vəziyyət uzun surmədi. Elmimiz tədriclə öz axarına düşməyə başladı. Doğrudur, bu gün də elmin inkişafına ayrılan vəsaiti, alimlərin elmi axtarışları üçün yaradılan şəraiti tam qənaətbəxş hesab etmək olmaz. Lakin bir şey var ki, alimlərimiz onların yaradıcılıq imkanlarının heç vaxt məhdudlaşdırılmayacağına, iqtisadi amilin yüksəlməsi ilə əlaqədər şəraitlərinin yaxın zamanda daha da yüksələcəyinə əmindirlər.

Elm həyatın elə zərif, incə sahəsidir ki, o, daim nəzarətdə olmalı, öz yolunu alim adını ləkələyən tör-töküntülərdən təmizləməlidir. Elmə fayda vermək naminə deyil, alim nüfuzundan istifadə etmək xatirinə kiminsə himayədarlığı altında gələnlər, əslində, elmə zərər vurur - onun inkişafına mane olur, həqiqi, cəfakeş alimlərdə narahatlıq hissi əmələ gətirir. Elə "elmi kəşflərimiz" olub ki, onlar həyata vəsiqə alarkən böyük hay-küy qoparıb, elmdə nadir hadisə kimi qiymətləndirilib. Hətta müəlliflər yüksək mükafatlara layiq görülüblər. Lakin çox keçməmiş təcrübədə, əməli işdə belə kəşflərin özünü doğrultmadığı, onun tətbiqinin hətta təbiətə, bitki aləminə zərər vurduğu aşkar olub.

Hədəfi dəqiq vurmayacaq silahı heç ələ almağa dəyməz. Ömrü gödək, faydası az, gözə görünmək xatirinə edilən, hələ mürəkkəbi qurumamış boş hay-küy qoparan elmi kəşf kimə lazımdır? Alim üçün xarakterik olan keyfiyyətlərdən biri də təmkinlə, səbirlə, elmi ardıcıllıqla iş görmək və həmişəyaşar kəşflər etməkdir.

Biz tarixi inkişafın elə bir mərhələsinə çatmışıq ki, artıq bəşəriyyət elm, elm adamları və onların elmi yenilikləri olmadan keçinə bilməz. İnsanlar dünyada mövcud olan və bəşər tarixinə qızıl hərflərlə yazılmış möcüzələri adi hal kimi görməyə alışmışlar. Hər şeydən əvvəl, möcüzələr aləmində yaşayan adamlar hər an yeni hikmətlərin yarana biləcəyinə inanırlar. Müasir informasiya vasitələri bütün planetdə, hətta ondan kənarda baş verən hadisələr haqqında bəşəriyyətə ardıcıl məlumat verir. Artın dünyada insanlardan gizli sirr saxlamaq müşkül işə çevrilib. Biz kosmik ənginliklərdə baş verən proseslərdən də hər gün öz evimizdə xəbər tuturuq.

Elm sirli bir aləmdir. O, elm adamlarını həmişə möcüzələr yaratmaq yolu ilə getməyə sövq edir. Bizcə, elmdə ən başlıca şüar "irəliyə get" olmalıdır. Yaxşı və qiymətli olan şey heç vaxt əhəmiyyətini itirmir. İnsanları yaxşılardan nümunə götürüb daha qiymətli olanları yaratmağa sövq edir. Napoleon Bonapart vaxtilə Lüksordakı qədim abidələrin əzəmətinə tamaşa etdikdən sonra vətənə qayıdarkən Parisdə Zəfər tağının tikilməsini əmr etmişdi. Misirdə Nil sahilində bitən nəhəng şabalıd ağacına bənzər banyan ağacının qəribə xüsusiyyəti var. Bu ağac əvvəlcə bir gövdədən boy atıb qalxır, sonra geniş qol-budaq atır. Afrika çox isti olduğu üçün banyanın yarpaqları günəşdən əzab çəkir. Banyan isə qurumaq, məhv olmaq istəmir. Onun hər bir budağı sərbəst yaşamaq üçün on-on beş metr hündürlükdən torpağa köklər salır. Bu gümüşü tellər torpağın rütubətini sorur və bu qayda ilə hər budaq torpaqdan güc alıb müstəqil yaşaya bilir. Bax, elmin də gücü həyat həqiqətinə sadiq qalmaqda, yaşayaraq, inkişaf edərək zirvələr fəth etməsindədir. Çünki elmin yolu mübarizə yoludur. Müdriklər nahaq yerə deməyiblər, sərvət ticarətsiz, elm mübarizəsiz, hakimiyyət siyasətsiz ola bilməz. Bu reallığı elm fədailəri daha aydın hiss edirlər. Elə alim var ki, uzun illərin bəhrəsi olan çox faydalı ixtira və kəşfinin işıq üzü görməsi üçün illərlə əzab çəkir. Ətrafdakı paxılların, gözü götürməyənlərin saxta, elmlə əlaqəsi olmayan hücumlarına məruz qalır. Artıq bir həqiqətdir ki, tənqid azadlığı və fikir mübadiləsi olmadan heç bir elm inkişaf edib müvəffəqiyyət qazana bilməz! Bəla burasındadır ki, çox zaman fikir mübadiləsi və tənqid azadlığı elmi reallığa əsaslanımır. Şəxsi-qərəzlik ön plana keçir və namuslu, qeyrətli, əsl ziyalı alim bundan əzab çəkir! Nə qədər Azərbaycan ziyalısı yersiz çəkişmələrin qurbanı olub, dünyasını vaxtsız dəyişib. Bəzən dövlət səviyyəsində də elm adamlarının qədir-qiyməti lazımınca bilinmir. Totalitarlıq rejimi şəraitində repressiyaya məruz qalanlar arasında çoxlu azərbaycanlı alim, ziyalı vardı. Hüseyn Cavid, Mikayıl Müşfiq və onlarca başqaları əzablar və işgəncələr şəraitində məhv olublar. Halbuki onlar öz ölkəsinin əsl vətənpərvərləri idilər.

Biz həqiqi alimlərin simasında bir işıq, nur görməyə adət etmişik. Heç zaman unutmayacağım müəllimlərimin əksəriyyəti nəcib təbiətli, xeyirxah, tələbələri öz oğlu, qızı yerində görən nurani adamlar idi. Onların bir çoxu sonralar Elmlər Akademiyasının müxbir və həqiqi üzvü oldu, özündən sonra cildlərlə qiymətli əsərlər qoyub getdi.

Böyük elmi axtarışların mayasında böyük səbir, təmkin, ətraf aləmi aydın görüb təsəvvür etmək kimi nəcib hisslər durmalıdır. Hədislərdə deyildiyi kimi, üləma öz kökü üstündə inkişaf etməlidir. Müxtəlif neqativ yollarla alim də, akademik də, hətta bir sıra ölkələrin elmlər akademiyalarının üzvü də olmaq mümkündür. Lakin həqiqi mənada alim olmaq tamam başqa şeydir. İnsanlar alimlərdən kənar durmamalı, onlardan qaçmamalı, əksinə, dəmir qırıntıları maqnitin ətrafında toplandığı kimi, ünsiyyəti, alimlərin şirin, tutarlı, ibrətamiz kəlamlarına qulaq asmağa, onlardan nəyisə öyrənməyə can atmalıdırlar.

İnsanlar dara düşəndə öz alimini, ziyalısını axtarır, ona müraciət edir, şadlığını, qəmini onunla bölüşürlər. Çünki onlar öz ziyalısına inanır, ona arxalanırlar. Ləyaqətli alim unudulmur, dünyasını dəyişdikdən sonra isə insanların qəlbində yaşayır. Şuşada dünyaya gəlmiş, Sorbonna Universitetinin professoru olmuş Ceyhun bəyin, Peterburq Universitetinin professoru işləmiş Mirkə Kazım bəyin və digər onlarca həmvətənimizin dünyanın müxtəlif qitə və regionlarında ad-san qazanması kiçik məsələ deyil! Biz də, bizdən sonra gələn nəsillər də bu elm korifeyləri ilə fəxr etməkdə haqlıyıq. "Dünya vətəndaşı" adı almış italyan filosofu Cordano Brunonun bu müdrik kəlamı bizə nəyi demir: "Bir əsrdə qəhrəmanlıqla ölmək insana əsrlər boyu ölməzlik verir". Sağlığında böyük elmin zirvəsinə yüksələnlər həqiqətən ölməzdirlər. Onlar işdə öz ölkələrinin əsl vətəndaşı olduqlarını sübut etmiş adamlardır.

Cəsarətlə deyə bilərik ki, Azərbaycan alimlərinin xeyli hissəsi öz biliyi və bacarığı sayəsində dünya elminin, mədəniyyətinin, incəsənətinin nadir incilərini yaratmaq baxımından bir çox ölkələrin elm adamlarından yüksəkdə durur. Ən adi elmi axtarışlardan tutmuş atom enerjisi, kibernetika, eləcə də kosmik problemlərin həllinədək alimlərimizin yol açmadığı sahə yoxdur. Lakin xoşagəlməz hal budur ki, bir çox alimlərimiz doğma ocağımızın başından uzaqlaşır, yad ölkələri özlərinə vətən etmək eşqinə düşürlər. Onların sorağı ABŞ-dan, Kanadadan, Almaniyadan, Türkiyədən və digər ölkələrdən gəlir. Əlbəttə, Azərbaycan alimi başqa ölkələrdə özünü doğruldursa, elmdə, incəsənətdə, mədəniyyətin müxtəlif sahələrində yadlarla rəqabətə girə bilirsə, bunun üçün fəxr etməyə haqqımız var. Məsələnin digər tərəfinə - alimin yaxşı güzəran sorağı ilə dünyanı gəzib-dolaşmasına gəlincə, bu, alimlərimizə yaraşan deyil! Məlumdur ki, ölkəmizdə iqtisadi çətinlik müvəqqəti haldır. Keçid dövrünün ömrü həmişə qısa olub. Bu gün vətən oğlu çətinliyə dözmürsə, öz xalqı ilə birlikdə olmaq istəmirsə, buna nə ad vermək olar?!

Qədim yunan əsatirinin qəhrəmanı Herakl (Herkules) Anteyin qatı düşməni idi. Nə qədər ki Anteyin ayaqları torpağa dəyirdi, heç bir qəhrəman ona qalib gələ bilmirdi. Herkules bu sirri öyrənir, döyüş zamanı Anteyin ayaqlarını yerdən üzür və onu havada boğur. Bizim tərki-vətən alim və ziyalılarımız da ayaqlarını ana torpaqdan üzməkdə yanılırlar, özlərini taleyin ixtiyarına buraxırlar. Taleyin isə nə göstərəcəyi məlum deyil.

Böyük imam Şamilin öz vətəninin övladlarına vəsiyyəti qalıb. Orada deyilir: "Ey mənim dağlılarım, sevin öz çılpaq, əlçatmaz qayalıqlarınızı. Onlarsız torpağınız öz torpağınıza bənzəməz. Torpaqsız isə dağlılara azadlıq yoxdur. Vuruşun o qayalar uğrunda, qoruyun onları. Qoy qılınclarınızın cingiltisi mənim məzar yuxuma lay-lay desin". Bax, bizim ali ziyalılarımızın qarşısında da belə bir mübariz vəzifə durur. Elm olmasa, ictimai həyatımız, vətənimiz tərəqqi edə bilməz. Ən sadə ixtiranın, balaca kəşfin də həyatda öz yeri var. Gərəkli və gərəksiz elm yoxdur. Onun bütün sahələri konkret insan amilinə xidmət edir. Adi zərərli milçəyi qırmaq üçün düzəldilən kimyəvi tərkib icad olunandan bugünkü elmi-texniki tərəqqinin son nailiyyətinə qədər hər şey məhz elmin və elm adamlarının qüdrətli əlləri ilə edilir.

Xəritədə Azərbaycan yerə enməyə hazırlaşan güclü, nəhəng qartalı xatırladır. Torpağa enmək ərəfəsində onun uzaqgörən gözlərində bir parıltı, od, alov hiss olunur. Bəlkə, bu bizim əcdadımız olan atəşpərəstlərin qibtə etdiyi alovun bir parçasıdır ki, qartalın gözlərində ilişib qalıb və bizim zəmanəmizə qədər gəlib çatıb. Bax, bu odu qorumaq, onu daha da şölələndirmək elm adamlarının borcudur! Ölkəmizi bütün dünyaya tanıtmaq üçün var qüvvəsi ilə çalışan Azərbaycan dövləti və onun Prezidenti də məhz bu amala xidmət edirlər.

Hələ XX əsrin 20-30-cu illərində, xalqımız başdan-başa savadsız olan dövrdə ziyalılarımız öz ürəklərini məşəl edib elmə, təhsilə, mədəniyyətə gedən yolumuzu işıqlandırdılar. O zaman Bakı ziyalılarının sorağı Azərbaycanın ən ucqar kənd və rayonlarından gəlirdi. 80-ci illərin axırları, 90-cı illərin əvvəllərində Azadlıq meydanında suverenlik, müstəqillik uğrunda keçirilən izdihamlı mitinqlərin ilk cərgəsində də məhz alim və ziyalılarımız dururdu. Bütün bunlar alim və ziyalılarımızın nəcib əməllərini göstərən keyfiyyətlərdir.

Əsl alim insanlığa ləyaqətlə xidmət etmək naminə elmdə, ictimai həyatda yaxşı nə varsa mənimsəməli, öz biliyinin, əqlinin, mədəniyyətinin nuru ilə Azərbaycanın böyük gələcəyinə gedən yolu işıqlandırmalıdır.

 

 

Şəhrəddin MƏMMƏDOV,

Azərbaycan Dövlət Neft

Akademiyası İctimai fənlər

kafedrasının professoru,

fəlsəfə elmləri doktoru

 

Azərbaycan.- 2011.- 5 mart.- S. 7.