Klublar təkcə mədəniyyət
müəssisələri deyil
Bir vaxtlar yalnız mədəniyyət müəssisələrinin tərkibinə daxil edilən və funksiyaları yalnız insanların mədəni istirahəti və asudə vaxtını səmərəli təşkil etməkdən ibarət olmayan, uşaq və yeniyetmələrin, eləcə də gənclərin istedadlarının üzə çıxarılmasında klublar müəyyən rol oynayıb. Yarandığı dövrlərdən (ilk vaxtlar onlar fəhlə klubları kimi fəaliyyətə başlayıb, sonralar siyasi və ictimai əhəmiyyət daşıyıb) bugünədək mədəniyyət müəssisələri arasında klublar təkcə yuxarıdakı funksiyaları daşımayıb, ötən əsrin əvvəllərində savadsızlığın aradan qaldırılmasında da üzərlərinə ciddi məsuliyyət götürmüşdür. Bunlarla yanaşı, o illərdə klublar həmçinin ideoloji təbliğat mərkəzlərinə çevrilərək siyasi məruzəçiləri - təbliğatçı və təşviqatçıları sovet ideologiyasının təbliğinə cəlb etmişdilər.
Bütün bunlar, əlbəttə, klubların sırf fəaliyyətini təşkil etmirdi. Mədəniyyət müəssisələri arasında klub və kitabxanaların üzərinə bu mənada daha çeşidli fəaliyyət növləri düşmüşdür. İctimai-iqtisadi formasiyaların yerlərini dəyişməsi digər mühüm dövlət orqanlarından və təşkilatlardan fərqli olaraq, mədəniyyət müəssisələrində özünü xüsusi formada göstərmişdir. Kolxoz quruculuğu illərində klubların daşıdığı funksiya bir qədər də forma və məzmunca dəyişilmişdir. Təkcə kolxoz əməkçilərinin yığıncaqlarının keçirildiyi məkan kimi diqqət mərkəzində olmayıb, kinoqurğularla birgə fəaliyyət növünə üstünlük verilmişdir.
Klublarda istər bədii, istərsə də texniki dərnəklərdə qabiliyyət və istedadlarını göstərən gənclərin sorağı sonrakı illərdə ölkənin və dünyanın inkişaf etmiş elmi-texniki dairələrindən gəlmişdir. Özfəaliyyət dərnəklərində musiqinin, teatr və rəssamlığın əlifbasını öyrənmiş yeniyetmələr akademik təhsilə yiyələndikdə belə bu istiqamətdə ilk addım atdıqları klub və mədəniyyət evlərini unutmamışlar.
Klubların fəaliyyətinin genişlənərək mədəniyyət evlərinə keçməsi həmin ərazidə mədəni inkişafın sürətlə inkişafı, intellektual səviyyənin yüksəlməsi demək idi. Mədəniyyət evlərinin daşıdığı funksiyanın klublarınkından kəskin şəkildə fərqlənməməsi də bunu özündə ehtiva edir.
Haqqında söhbət açılan klublar təkcə mədəni istirahət yeri olmadığına görə tabe olduqları təşkilat və baş idarələr də müxtəlifdir. Mədəniyyət Nazirliyinin (bu gün Mədəniyyət və Turizm Nazirliyi) tabeçiliyində olan klublar yalnız say etibarilə deyil, fəaliyyətlərinin çoxşaxəliliyi baxımından da digərlərindən fərqlənmişlər. İstehsalat müəssisələrinin nəzdində də klublar fəaliyyət göstərmişdir. Respublika Həmkarlar İttifaqları Konfederasiyası nəzdində olan belə müəssisələr də az deyildir.
Bir sözlə, klubların funksiyası zaman keçdikcə dəyişdiyi üçün konkret olaraq onları yalnız mədəniyyət müəssisələri hesab etmək doğru olmazdı, baxmayaraq ki, əsasən istirahət və əyləncə yeri hesab edilirdilər. Bu gün isə klubların fəaliyyət istiqaməti bir qədər dəyişib desək daha doğru olardı.
Təbii ki, hər bir valideyn uşaqlarını ağıllı, hərtərəfli inkişaf etmiş, intellektual təfəkkürlü görmək istəyindədir. Bu təlim və tərbiyə isə təkcə elmi əsaslara deyil, həmçinin mədəni-əxlaqi dəyərlərə söykənən bir məsələdir. Uşaq və yeniyetmələrin intellektual səviyyədə inkişafı hazırda bir sıra amillərdən asılıdır ki, onlardan ən əsası vaxtdan səmərəli istifadədir. Uşaqların müasir klub, digər əyləncə və istirahət yerlərinə maraqlarının valideynlərininkindən kəskin fərqlənməsi də sivilizasiyaların dəyişməsi, inkişafın modernləşməsi ilə sıx əlaqədardır. Bu gün uşaqların daha çox maraq göstərdiyi ünvanlardan biri klublardır ki, onlar da əvvəlkilərindən fəaliyyət funksiyasına və şəbəkəsinə görə kəskin şəkildə fərqlənirlər. Belə ünvanlardan biri və spesifiki internet-klublardır.
Bir çox kompüter sisteminin bir-birinə bağlı olduğu, beynəlxalq səviyyədə məşhur, davamlı bir ünsiyyət şəbəkəsi kimi təqdim edilən internetin əhəmiyyəti qısa zamanda uşaqlardan da artıq böyüklərin maraq dairəsini özünə cəlb etməkdə, həyatımıza və məişətimizə müdaxilədə, vərdişlərimizə təsirini göstərməkdədir. Daha dəqiq formada desək, internet-klublar bu "elektron dünya"nın cəmiyyət əsasında yayılmasını təmin edən vasitələrdən biridir. İnternet-kafelər kompüter və bunlarla əlaqəsi olmayan kəslər üçün sanki əhəmiyyətli məkana çevrilməkdə, təəssüf ki, bir çox hallarda zərərli vərdiş, əxlaq və məişətimizə yad olan ünsiyyəti təbliğ etməkdədir. Bu mənada internet-klublardan faydalananların sayı hələ ki zərərçəkənlərdən o qədər də çox deyil.
Mütəxəssislərin qənaətincə, son illər internetin insan həyatına daxil olması ilə eyni vaxtda internet-kafelər yetkinlərdən çox gənclərə təsirini göstərməkdədir. Xüsusilə məktəbyaşlıların - yeniyetmələrin belə ünvanlara marağını artıran lüzumsuz şəbəkələrin fəaliyyətinin genişliyi də burada az rol oynamır. Belə funksiyaları nəzərə alaraq valideynlərin bir çox hallarda internet-kafeləri, internet-klubları "mədəniyyətsiz yer" adlandırması faktlarına da rast gəlinir. Çünki mədəniyyətin bir hissəsi olan əxlaqa burada mənfi təsir edən ünsürlərlə virtual əlaqə əslində cəmiyyətin qəbul etmədiyi hallardandır. Elə buna görə də qızların bu şəbəkədən istifadəsi ən yaxşı halda qəbuledilməz hesab edilir, baxmayaraq ki, bir çox hallarda bunun da qarşısını almaq mümkünsüzləşir.
Lakin elə klublar da fəaliyyət göstərir ki, onlar uşaqların intellektual səviyyəsinin inkişafında əhəmiyyətli rol oynadıqlarını artıq təsdiqləmişlər. "Röyalar dünyası" uşaq klubunun fəaliyyətində bu özünü nümunə olaraq göstərir. Belə ki, burada uşaqlarla düzgün işləməyi bacaran yüksək ixtisaslı pedaqoqlar çalışır. Cəmiyyətdə öz yerini tutmaq uğrunda mübarizə aparan və dünya xalqlarının təkcə elmi deyil, mədəni potensialını öyrənən gənclərə məlum olur ki, psixologiya uşağa düzgün yanaşmaqda, potensialını üzə çıxarmaqda, istedad və bacarığını inkişaf etdirməkdə pedaqoqlara kömək edən nəhəng bir elmdir.
Bir sözlə, uşaq və yeniyetmələr bu tipli klublarda təkcə incəsənətin ayrı-ayrı növləri üzrə deyil, xalq tətbiqi-sənət nümunələri haqqında da təsəvvürə malik ola bilirlər.
Gəncliyin bu gün daha çox meyil saldığı və maraq göstərdiyi idman oyun növləri artdıqca onlarla məşğul olanların sayı da çoxalır ki, bu işdə idman klublarının fəaliyyətini yalnız yüksək qiymətləndirmək olar. İdmanın bütün növləri üzrə fəaliyyət göstərən dərnəklər məhz klub-kafelərdə formalaşıblar. Məhz idman klublarının uşaqların və gənclərin maraq dairəsinə daxil olmasını təsdiqləyən faktlardan biri də qızların bu sahədə (hətta qızların vaxtilə məşğul olması qadağan edilmiş güləş, karate və digər idman növləri də daxil olmaqla) yüksək göstəricilər əldə etməsidir.
Klubların dövrün və zamanın formalaşdırdığı mədəniyyət ocaqları olması funksiyasını heç bir "yenilik" dəyişdirə bilməz. Bütün hallarda mədəniyyət müəssisəsi olaraq klublar öz üzərlərinə düşən funksiyanı daşımaqda, əhalinin mədəni istirahətinin təşkilində üzərinə düşən vəzifələri yerinə yetirməkdədir, sadəcə, onların fəaliyyət növü və şəbəkəsi genişlənmişdir ki, bu da təqdirəlayiqdir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.-5 mart.- S. 7.