Azərbaycanda ilk qadın qəzetinin
- "İşıq"ın 100 illik yubileyi qeyd
edilmişdir
Martın 4-də Azərbaycan Mətbuat Şurasında ölkəmizin ilk qadın mətbu orqanı olan "İşıq" qəzetinin 100 illik yubileyi qeyd edilmişdir.
Mətbuat Şurasının idarə heyətinin üzvlərinin, qadın jurnalistlərin və KİV təmsilçilərinin iştirakı ilə keçirilmiş mərasimdə şura sədri Əflatun Amaşov bütün qadın jurnalistləri təbrik etmişdir. Sədr keçən əsrin əvvəllərində Azərbaycan qadınının maarifləndirilməsi, öz dünyagörüşünün formalaşmasında "İşıq" qəzetinin rolunu yüksək qiymətləndirmişdir.
Jurnalistlər Flora Xəlilzadə, Amalya Qasımova, İradə Tuncay, Rəsmiyyə Rzalı, Aygün Həsənova və başqaları "İşıq" qəzetinin yaradıcı heyəti, mövzu dairəsi, peşəkarlıq xüsusiyyətləri, milli jurnalistikamızın tarixindəki yeri və rolundan, eləcə də Azərbaycanda qadın mətbuatının müasir vəziyyətindən danışmışlar. Onlar da Azərbaycan mətbuatının ilk qadın nümayəndələri olmuş Xədicə Əlibəyova, Şəfiqə Əfəndiyeva və Umgülsüm Sadıqovanın Azərbaycan qadınının maarifləndirilməsi yolunda xidmətlərini yüksək qiymətləndirmişlər.
Qeyd edək ki, "İşıq" qəzetinin ilk nömrəsi 1911-ci il yanvarın 22-də çıxmışdır. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görmüş nəşrin redaktoru Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa bəy Əlibəyov olmuşdur. "İşıq" qəzeti maarifçi ideyalarla gündəmə gələrək o dövrün ziyalı qadınlarını ətrafına toplamışdı.
Xədicə
və Mustafa Əlibəyovların nəvəsi, əməkdar
incəsənət xadimi Cəmil Fərəcov tədbirin təşkilinə
görə Mətbuat Şurasına təşəkkürünü
bildirmişdir.
Azərbaycan.- 2011.- 5 mart.- S. 12.