Azərbaycan, Rusiya və Ermənistan
prezidentləri birgə bəyanat qəbul etmişlər
AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, martın 5-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekununa əsasən birgə bəyanat qəbul etmişlər.
Sənəddə qeyd edilir ki, liderlər onların bundan əvvəl, 2010-cu il oktyabrın 27-də Həştərxanda keçirilmiş görüşü zamanı qəbul edilmiş üçtərəfli bəyanatın praktiki reallaşdırılması məsələlərini müzakirə etmiş və həmin bəyanatda nəzərdə tutulan tədbirlərə əlavə olaraq növbəti addımlar barədə razılığa gəlmişlər. Bəyanatda qeyd edilir ki, dövlət başçıları, o cümlədən "hərbi əsirlərin dəyişdirilməsini ən qısa müddətdə başa çatdırmaq" barədə razılığa gəlmişlər. Bundan əlavə, sənəddə "bütün mübahisəli məsələləri dinc vasitələrlə həll etmək və atəşkəs xətti boyunca yarana biləcək insidentləri tərəflərin iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında, təşkilatın fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin köməyi ilə təhqiq etmək" istəyi vurğulanır.
Bəyanatda deyilir: "Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələlərinə dair özlərinin müntəzəm əlaqələrinin böyük əhəmiyyət kəsb etməsini qeyd etmiş və ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə əlavə olaraq bu formatda əlaqələri davam etdirmək barədə razılığa gəlmişlər".
AzərTAc
Azərbaycan.- 2011.- 6 mart.- S. 1.