“Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 22 fevral tarixli 70-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 22 fevral tarixli 70-IVQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 336-1.1-ci maddəsində “normativ hüquqi aktları” dedikdə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanları və “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 may tarixli 105 nömrəli qərarı nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə:
3.1. gətirilməsi və aparılması “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli fərmanları və “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə qadağan edilən və ya məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməsini bir ay müddətində təmin etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri” və 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri” göstərilməklə, həm adlar, həm də kodlar üzrə axtarışın həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları dövlət sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqları altı ay müddətində dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 3 mart 2011-ci il.
Azərbaycan.- 2011.- 6 mart.- S.
2.