Yalnız iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrdə demokratik və şəffaf
cəmiyyət qurmaq olar
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası ölkə həyatında yeni bir prosesin başlanğıcını qoymuşdur. Həmişə dövlət və cəmiyyət üçün faydalı təşəbbüslərlə çıxış edən Azərbaycan Prezidenti bu dəfə də praqmatik düşüncə sahibi olduğunu bir daha sübut etmişdir.
Son bir neçə ildə Azərbaycanda gedən proseslərin inkişaf mərhələlərinə diqqət etsək görərik ki, korrupsiyaya qarşı mübarizə prosesi birdən-birə ortaya çıxmamış, əksinə, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi davamı, hazırkı mərhələdə cəmiyyətin zəruri mənəvi ehtiyaclarının ifadəsi kimi meydana gəlmişdir.
Dövlət başçısı İlham Əliyevin hələ Azərbaycanda birinci prezidentliyinin ilk illərindəki çıxışlarında vurğuladığı bir məqama diqqət edək. Prezident 2003-2004-cü illərdə böyük uzaqgörənliklə deyirdi ki, yalnız iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratik cəmiyyət quruculuğundan söhbət gedə bilər. Dünyada elə bir demokratik dövlət tapmaq olmaz ki, həmin ölkə iqtisadi cəhətdən güclü olmasın və yaxud əksinə, dünyada iqtisadi cəhətdən zəif olan bir ölkə göstərmək olmaz ki, həmin ölkədə demokratik cəmiyyət qurulmuş olsun.
Prezident İlham Əliyev bu sözləri söyləyərkən Azərbaycanın dövlət büdcəsi indikindən 12 dəfə az idi. Müstəqil Azərbaycanı demokratik, şəffaf bir cəmiyyətə çevirmək üçün əzmlə və yorulmadan çalışmaq lazım idi. Dövlət başçısı müstəqil Azərbaycanın uzunmüddətli sürətli iqtisadi inkişaf strategiyasını yaratmaq və davamlı yüksəlişə nail olmağı prioritet məsələ kimi qarşıya qoydu.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbulu ilə iqtisadiyyatın şaxələndirilməsi, ən başlıcası isə qeyri-neft sektoruna sərmayələrin cəlb olunması prosesi intensiv xarakter aldı. Ölkənin inkişafına tam nail olmaq üçün regionlardan başlamağa üstünlük verən dövlət başçısı bununla həm də iqtisadiyyatın neft amilindən asılılığını azaltmış oldu.
2004-2010-cu illərdə Azərbaycan iqtisadiyyatına təxminən 15,5 milyard dollar vəsait yatırılmış, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həmin illərdə orta və kiçik sahibkarlığın inkişafına 700 milyon manat güzəştli kreditlər yönəldilmişdir. Qısa müddət ərzində sosial yönümlü infrastruktur layihələri reallaşdırılmış, ölkə həyatının bütün sahələrində sürətli inkişafa nail olunmuş, Azərbaycan iqtisadi artım templərinə görə dünya ölkələri içərisində birinci olmuşdur.
Çevik iqtisadi siyasət yürüdən dövlət başçısı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmişdir. Dünyanı bürüyən maliyyə böhranı məhz bu strategiyanın reallaşdırılması nəticəsində Azərbaycandan yan keçmişdir.
Bütün bunlara əsasən demək olar ki, korrupsiyaya qarşı mübarizə sadəcə, bir kampaniya deyil, Azərbaycanın hazırkı iqtisadi inkişaf mərhələsindən irəli gələn zərurətdir. İnkişafdan doğan bu zəruri prosesin məsuliyyətini bu gün hər kəs başa düşərək sağlam vətəndaş mövqeyi nümayiş etdirməli, dövlət quruculuğunun möhkəmləndirilməsi işinə töhfəsini verməlidir.
Aygün HƏSƏNOVA,
AzərTAc-ın müxbiri
Azərbaycan.- 2011.- 6 mart.- S. 4.