Bədən Tərbiyəsi və İdman Günü paytaxtda geniş qeyd olunmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə hər il olduğu kimi, bu il də martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.

Bununla əlaqədar bu gün bir çox tədbirlər keçirilmişdir.

AzərTAc xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunun önündə Gənclər və İdman Nazirliyi müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar təşkil etmişdir.

Bayram münasibətilə keçirilən tədbirə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Kerolin Braun, Yunanıstanın, Niderlandın, Almaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri qatılmışlar.

Nazir müavini İ.İsmayılov və MOK-un vitse-prezidenti Ç.Hüseynzadə Azərbaycanda idmanın inkişafından, idmançılarımızın beynəlxalq səviyyədə uğurlarından danışmış və idman ictimaiyyətini təbrik etmişlər.

Veteran idmançılara hədiyyələr təqdim olunmuşdur. Sonda Gənclər və İdman Nazirliyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi "London-2012 Olimpiya və Paralimpiya oyunlarına 500 gün" kampaniyası çərçivəsində qaçış təşkil etmişlər.

Xarici diplomatlar da yarışda iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 4.