Milli Paralimpiya Komitəsi 15 illik yubileyini qeyd etmişdir
Martın 5-də Bakı Əyləncə
Mərkəzində Azərbaycan Respublikası Milli Paralimpiya
Komitəsi yaranmasının 15 illiyinə həsr edilmiş təntənəli
tədbir keçirilmişdir.
İştirakçılar
foyedə ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin idmanın inkişafına və
idmançılara diqqət və qayğısını əks
etdirən fotoşəkillərdən ibarət stendə
maraqla baxmışlar.
AzərTAc xəbər verir
ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi
ilə başlamışdır.
Milli Paralimpiya Komitəsinin
prezidenti İlqar Rəhimov 15 il ərzində
idmançılarımızın dünya paralimpiya hərəkatı
tarixinə adlarını böyük nailiyyətlərlə
yazdıqlarını qeyd etmişdir: "1996-cı ilin bu
günü Milli Paralimpiya Komitəsinin yaranması
günüdür. O vaxt ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə ölkəmizdə ictimai sabitliyin bərqərar
olması xüsusi qeyd olunmalıdır. Çünki bu, Azərbaycanda
Paralimpiya hərəkatının təşəkkül
tapmasına və inkişafına xüsusi zəmin
yaratmışdır. Hər sahədə inkişaf edən
respublikamızda fiziki cəhətdən qüsurlu
insanların da cəmiyyətin tam bərabərhüquqlu
üzvü kimi qəbul edilməsi vacibdir. İdman bu mənada
ən gözəl fürsət idi. Həmin dövrdə əlil
idmançılarımız ulu öndər Heydər Əliyevin
qayğısını yaxından hiss etməyə
başlamışlar. Onun 1999-cu ildə imzaladığı sərəncamla
əlilliyin qarşısının alınması və əlillərin
reabilitasiyası üzrə 1999-2002-ci illər xüsusi
Dövlət Proqramının bir bəndi də Paralimpiya
proqramına həsr edilmişdir. Bu tarixi qərar fiziki cəhətdən
qüsurlu insanların cəmiyyətə qaytarılmasında
əhəmiyyətli rol oynamışdır",- deyə o
bildirmişdir. İ.Rəhimov həmçinin qeyd etmişdir
ki, paralimpiyaçılarımızın uğurlu
çıxışları Beynəlxalq Paralimpiya Komitəsinin
(BPK) diqqətindən kənarda qalmadı. 2010-cu ilin may
ayında BPK-nın prezidenti Filip Kraven ölkəmizdə
işgüzar səfərdə olarkən demişdi: "Azərbaycan
son illər olduqca sürətli inkişaf edir. 13-cü Pekin
Yay Paralimpiya Oyunlarındakı
çıxışınız büna əyani sübutdur. Əlbəttə,
bu nəticələr ancaq dövlət rəhbərliyinin diqqət
və qayğısının nəticəsidir".
Tədbirdə
çıxış edən gənclər və idman nazirinin
müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə
idmançılarımızın qazandıqları
medalların Azərbaycanda idmanın inkişaf etdiyinin göstəricisi
olduğunu diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev idmana həmişə diqqət
və qayğı göstərmişdir. İndi isə bu diqqət
və qayğını Prezident İlham Əliyev göstərir.
Bu da öz nəticələrini verir.
Məlumat verilmişdir ki, Azərbaycanda
paralimpiya hərəkatında xüsusi xidmətlərinə
görə Zahir Abdullayev, Ramin İbrahimov, Tofiq Məmmədov,
Rza Osmanov, Kərim Sərdarov və Vladimir Zayets Prezident
İlham Əliyevin 2011-ci il 16 fevral tarixli sərəncamı
ilə "Tərəqqi" medalına layiq
görülmüşdür.
Mərasimdə İ.Rəhimov,
gənclər və idman naziri Azad Rəhimov, keçmiş gənclər,
idman və turizm naziri, hazırda isə mədəniyyət və
turizm naziri olan Əbülfəs Qarayev, əmək və əhalinin
sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Milli
Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə
xüsusi Milli Paralimpiya Komitəsinin medalları təqdim
olunmuşdur.
Qeyd edək ki, bu medal ilk dəfə
Prezident İlham Əliyevə, sonra isə Beynəlxalq
Paralimpiya Komitəsinin prezidenti Filip Kravenə verilmişdir.
Azərbaycan.- 2011.-6 mart.- S. 4.