122 saylı Xankəndi seçki
dairəsindən deputat Flora Qasımova həmyerliləri ilə
görüşmüşdür
Martın 5-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Flora Qasımova doğma şəhərin ziyalıları ilə görüşmüşdür.
F.Qasımova ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlər, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında deputatların gördüyü işləri xatırlatmış, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tutduğu qətiyyətli mövqedən danışmışdır.
Deputat dövlət başçısının məqsədyönlü siyasəti sayəsində Azərbaycanın iqtisadi qüdrətinin, beynəlxalq aləmdə nüfuzunun artmasını xatırlatmış, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər üçün minnətdarlığını bildirmişdir.
F.Qasımova deputatlıq fəaliyyəti, seçicilərin qaldırdıqları problemlərin həlli sahəsində gördüyü işlərdən də söz açmış, gələcək planları barədə məlumat vermişdir. Qeyd etmişdir ki, hazırda Xankəndi seçicilərinin problemləri ilə bağlı onların birbaşa müraciət edə biləcəkləri müvafiq qurumun yaradılması istiqamətində tədbirlər görülür.
Deputat həmyerlilərinin
problemlərini dinləmiş və onların həlli
üçün çalışacağına söz
vermişdir.
AzərTAc
Azərbaycan.- 2011.-6 mart.- S.4.