Şəffaflığın təmin edilməsində auditin rolu

 

İqtisadi inkişafın Azərbaycan modelinin uğurla reallaşdırılması yüksək inkişaf tempini təmin etməklə yanaşı, həm də Azərbaycan iqtisadiyyatını ümumdünya maliyyə böhranının təsirindən qoruyub saxlamağa imkan vermişdir. Bu işdə şəffaflıq amilinə ölkəmizdə diqqət ayrılması mühüm rol oynamışdır. Tam yəqinliklə demək olar ki, şəffaflığın yüksəldilməsi və korrupsiyaya qarşı mübarizə Azərbaycanın dövlət quruculuğu siyasətində heç vaxt kampaniya xarakteri daşımamış və Prezident İlham Əliyevin təbirincə desək, şüurlu bir seçim olmuşdur.

Şəffaflıq amili ulu öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmişdir. Hələ 1996-cı ildə Prezident tərəfindən imzalanmış "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman paralel və lüzumsuz yoxlamaların azaldılmasında, iqtisadi subyektlərin qanuni mənafelərinin qorunmasında mühüm rol oynamışdır. Ölkə başçısının "Azərbaycan Respublikasında iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında" 1998-ci il 27 yanvar tarixli sərəncamı, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanı və digər normativ hüquqi aktlar şəffaflığın təmin edilməsi sahəsində görülən tədbirlərin hüquqi bazasını təşkil etmişdir. Bu sənədlər həmçinin iqtisadiyyatımızda demokratik prinsiplərin bərqərar olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Azərbaycanda dərin sosial-iqtisadi dəyişikliklərin getdiyi, büdcə və vergi intizamının möhkəmləndirilməsinin dövlət siyasətində üstünlük təşkil etdiyi, azad və sosialyönümlü vətəndaş cəmiyyətinin bərqərar olduğu indiki şəraitdə şəffaflığın rolu ikiqat artır. Müasir şəraitdə dövlət başçısı İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində idarəetmə sistemində aparılan ardıcıl struktur islahatları da şəffaflığın təmin olunmasına xidmət edir. Prezidentin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dediyi kimi: "Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün". Prezident bütün fəaliyyəti ilə korrupsiyaya qarşı mübarizə işinin görüntü naminə deyil, ardıcıl, konkret istiqamətli, ictimai-siyasi məzmun və məna kəsb edən, xalqımızı bəşəriyyəti bürümüş bu bəladan qurtarmaq üçün davamlı, konkret strategiya və taktikaya söykənən bir missiyanı həyata keçirdiyini belə bəyan etmişdir: "Bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir".

Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısının tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın 2011-ci il yanvarın 27-də keçirilmiş geniş iclası ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Onu da xatırladaq ki, şəffaflığın artırılması və nəzarətin təkmilləşdirilməsi cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərmanda, "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda (13 yanvar 2004-cü il), Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında (2004-2006-cı illər), Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada, "Daxili audit haqqında" Azərbaycan Respublikasının Qanununda, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Prezidentin 2001-ci il 15 fevral tarixli fərmanında və bir sıra digər normativ-hüquqi aktlarda təsbit olunur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi yollarından biri kimi institusional metodlardan istifadənin zəruriliyini ön plana çəkmişdir. Bu mənada, auditin tətbiqi xüsusi önəm daşıyır.

Dövlət başçısı qabaqcıl dünya təcrübəsini nəzərə almaqla mükəmməl institusional mexanizmin, o cümlədən auditin tətbiqinin ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm istiqaməti kimi daim önə çəkir. Müasir şəraitdə auditin rolu və əhəmiyyətini yüksək qiymətləndirən Prezidentin söylədiyi fikirlər buna bariz nümunədir: "Bu gün Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır". Elə buna görədir ki, iqtisadi siyasətdə yersiz və qanunsuz yoxlama və müdaxilə halları ilə audit arasında hüquqi sədd çəkildiyi, əsassız yoxlamalara qadağa qoyulduğu bir zamanda, auditin əhəmiyyəti və inkişafının zəruriliyi Prezidentin diqqət mərkəzindədir. Buna əyani sübut kimi ölkə başçısının təqdimatına əsasən "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa bu yaxınlarda edilmiş əlavə və dəyişiklikləri göstərmək olar.

Etiraf etməliyik ki, bu vaxta qədər görülən işlərə, aparılan təbliğata baxmayaraq, məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının hələ də yüksək səviyyədə qalması bizi çox narahat edirdi. Məlumdur ki, şəffaflıq amili sayılan kənar auditdən istifadədən yayınma özlüyündə bu və ya digər təsərrüfat subyektində korrupsiya hallarının mövcud olması riskini artırır. Belə vəziyyət qanunvericiliyin tələblərinə zidd olaraq öz fəaliyyətində şəffaflıqdan qaçan təsərrüfat subyektlərinə qarşı maliyyə sanksiyalarının tətbiqini aktuallaşdırır və qaçılmaz edir. Məhz Milli Strategiyanın 48-ci maddəsində nəzərdə tutulmuş tələbin yerinə yetirilməsinə nail olmaq üçün qəbul edilmiş "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər də bu məqsədə xidmət edir.

Müasir şəraitdə şəffaflığın artırılması üçün nəzarət-maliyyə mexanizmini səmərəli təşkil etmək, müxtəlif nəzarət növləri arasında qarşılıqlı əlaqələrin təkmil qurulması zərurəti özünü daha çox büruzə verir. Həmin zərurət, ilk növbədə, bu amillərlə əlaqədardır: birincisi, dövlət nəzarəti ilə qeyri-dövlət nəzarəti, o cümlədən kənar audit və ictimai nəzarət arasında fərqlər mövcud olsa da, onların obyekti və məqsədi şəffaflığın təmin edilməsi, idarəetmənin və bütövlükdə iqtisadiyyatın bütün səviyyələrində səmərəliyin yüksəldilməsi və idarəetmənin keyfiyyətinin artırılması durur. İkincisi, mülkiyyət çoxnövlüyünün mövcudluğu və özəl bölmənin iqtisadiyyatda mövqeyinin artdığı indiki şəraitdə dövlət nəzarəti ilə yanaşı, qeyri-dövlət nəzarətinin də geniş tətbiqi tələb olunur. Yeri gəlmişkən qeyd edək ki, inkişaf etmiş ölkələrdə nəzarətin müxtəlif formaları arasında səmərəli və təkmil qarşılıqlı əlaqələr mövcuddur.

Azərbaycanın da bir sıra qanunvericilik və normativ sənədlərində qeyri-dövlət nəzarətinin dövlət nəzarəti çərçivəsində tətbiqi müddəaları nəzərdə tutulmuşdur. Bununla belə, işgüzar əlaqələrin gücləndirilməsi üçün müstəqil nəzarətçilərin cəlb edildiyi işlərin istiqamətləri, məsuliyyət mexanizmi və digər bir sıra məsələlər öz hüquqi həllini tapmalıdır. Bu mənada, xüsusi bir normativ sənədin hazırlanıb təsdiq edilməsi məqsədəmüvafiq olardı. Həmin sənəddə, ilk növbədə, qeyri-dövlət nəzarətçilərinin dövlət nəzarəti orqanlarının nümayəndələri ilə birgə fəaliyyətdə davranış prinsipləri, yoxlama materialları üzrə məsələlərin razılaşdırılma qaydaları və digər məsələlər müəyyən edilməlidir. Ümumiyyətlə isə nəzarətin təkmilləşdirilməsi baxımından bir tərəfdən nəzarəti həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi, digər tərəfdən nəzarət orqanları arasında qarşılıqlı əlaqəni özündə ehtiva edən nəzarət mexanizminin təkmilləşdirilməsi həllini gözləyən problemlərdir.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin xüsusi rolu var. Heç də təsadüfi deyil ki, Prezident dəfələrlə ictimaiyyəti öz nəzarətini daha da artırmağa və cəmiyyətin mənfi tendensiyalardan xilas edilməsinə yardımçı olmağa səsləmişdir. Bu yaxınlarda regionlarda ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı cənab İlham Əliyev demişdir: "Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. ...Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verilsin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq".

Ölkəmizdə aparılan sorğuların nəticələri də ictimai nəzarətin korrupsiyaya qarşı mübarizədə qabaqcıl rol oynaya biləcəyini təsdiqləyir. Belə ki, sorğular zamanı respondentlər ictimai nəzarətin rolunu yüksək qiymətləndirir, bu sahədə mətbuat və televiziyanın, sahibkar birliklərinin və qeyri-hökumət təşkilatlarının rolunu birincilər sırasında qeyd edirlər.

Şəffaflığın artırılmasında beynəlxalq təcrübənin öyrənilməsi, bu ümumbəşəri problemə həsr olunmuş konfrans, seminar, simpozium və digər tədbirlər keçirilməsinin də əhəmiyyəti böyükdür. Son vaxtlar ölkəmizdə bu sahədə bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Bu baxımdan 2008-ci il sentyarbrın 18-də Bakıda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti" mövzusunda keçirilmiş ikigünlük beynəlxalq elmi-praktik konfransı xatırlatmaq yerinə düşər. Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə təşkil etdiyimiz konfransda 10-dan artıq ölkənin və beynəlxalq qurumların nümayəndələri iştirak etdilər. Azərbaycanda şəffaflığın yüksəldilməsinə dövlət tərəfindən böyük önəm verilməsi xarici qonaqlarda dərin təəssürat yaratdı.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarının nəzərinə çatdırdı: "Cənab Prezidentin müasir idarəçilik siyasəti sosial-iqtisadi inkişafda və dövlət təsisatlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə yönəlmişdir. Şəffaflıq iqtisadi artımın, sosial rifahın yüksəldilməsi, ictimai etimadın artırılması, modern və çevik idarəetmənin mühüm vasitələrindən biridir. Şəffaflıq bu məqsədlərə nail olmaqla yanaşı, həm də bütün cəmiyyətləri narahat edən korrupsiyaya qarşı mübarizə üçün qaçılmaz seçimdir". Eyni zamanda, cənab Ramiz Mehdiyev bəyan etdi ki, ölkəmizdə həyata keçirilən islahatların uğuru, ilk növbədə, korrupsiyaya qarşı ardıcıl və səmərəli mübarizədən asılıdır.

Bizim üçün çox önəmli olan isə Prezident Administrasiyası rəhbərinin ölkə auditorlarının işinə müsbət qiymət verməsidir: "Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, müstəqil audit fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Audit maliyyə və vergi intizamının artırılması, vəsaitlərin xərclənməsində aşkarlığın təmin edilməsi üçün səmərəli vasitələrdən biridir. Ölkəmizdə audit fəaliyyətinin dövlət tənzimlənməsi Auditorlar Palatası tərəfindən həyata keçirilir. Fəaliyyəti dövründə Palata audit xidmətinin inkişafına nail olmaqla yanaşı, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə də öz töhfəsini vermişdir. Beynəlxalq standartların tətbiqinə başlanılmış, daxili audit xidmətinin və auditorların fəaliyyətinə nəzarət sistemləri yenidən qurulmuşdur".

İkinci belə tədbir 2009-cu il oktyabrın 16-da Bakıda Milli Məclisin İqtisadi siyasət komitəsi, Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Hesablama Palatası, Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Böhrandan sonrakı iqtisadiyyatda maliyyə resurslarının səmərəli idarə olunmasında şəffaflığın rolu" mövzusunda keçirilmiş ikigünlük beynəlxalq elmi-praktiki konfransdır. 15 ölkənin və bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi həmin tədbirdə şəffaflığın artırılması sahəsində mövcud problemlər və onların həlli yolları istiqamətində müzakirələr aparılmışdır.

Bu beynəlxalq konfransın əsas məqsədi dünyada baş verən maliyyə böhranı şəraitində və böhrandan sonrakı dövrdə büdcə daxilolmalarının formalaşmasında və gəlirlərin təmin olunmasında, maliyyə vəsaitlərinin düzgün idarə olunmasında və daha məqsədyönlü istifadəsində, vergidən yayınmaların qarşısının alınmasında şəffaflıq amilinin rolu və əhəmiyyəti barədə peşəkar müzakirələr aparmaq, mövcud problemləri təhlil etmək, beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq rasional mexanizmlərin tətbiqi istiqamətlərini dəqiqləşdirmək, şəffaflığın artırılması ilə bağlı qanunvericilik aktlarının icra mexanizmini təkmilləşdirmək və yeni qanunların qəbulunu sürətləndirmək, hesabatlılıq və nəzarət sahəsində beynəlxalq standartları tətbiq etmək, maarifləndirmə və beynəlxalq əməkdaşlıq üzrə real nəticələr əldə etmək üçün müvafiq tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinə yardımçı olmaq idi.

2011-ci ilin yanvarında isə Bakıda Azərbaycan İqtisadçılar İttifaqı, Azərbaycan Respublikasının Auditorlar Palatası, Polşa Milli Auditorlar Palatası və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə "Müasir şəraitdə auditin aktual problemləri" mövzusunda Polşa-Azərbaycan elmi-praktik simpoziumu keçirilmişdir. Simpoziumda yeni iqtisadi-maliyyə mühitində auditin rolu və əhəmiyyəti, auditin müasir problemləri və onların həlli yolları, Avropa Komissiyasının Məcburi Audit Direktivinin tətbiqi və onun praktik nəticələri, Avropa Komissiyası tərəfindən müzakirəyə çıxarılmış "Audit siyasəti: böhranın dərsləri" mövzularında məruzələr, onların ətrafında çıxışlar və müzakirələr oldu. Tədbirdə təşkilatçı qurumların nümayəndələrindən əlavə, Vergilər Nazirliyinin, Mərkəzi Bankın, Qiymətli Kağızlar üzrə, Dövlət Komitəsinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və GRBS Tədris Mərkəzinin nümayəndələri də çıxış etdilər. Simpoziumda iştirakçılar tərəfindən irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla şəffaflığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində birgə görüləcək tədbirlər sistemi müəyyənləşdirildi.

Ölkəmizin müvafiq qurumlarının təmsilçiləri də şəffaflığa dair xarici ölkələrdə keçirilən tədbirlərdə yaxından iştirak edirlər. Auditorlar Palatasının nümayəndələri bu ilin fevralında Brüsseldə Avropa Komissiyası tərəfindən təşkil edilmiş "Maliyyə hesabatı və audit: dəyişmə zamanı?" mövzusunda keçirilən konfransda iştirak etmişlər. 42 ölkə və 53 beynəlxalq maliyyə, mühasibat və audit qurumlarını təmsil edən 547 nümayəndənin iştirak etdiyi konfransda yeni iqtisadi maliyyə mühitində auditin rolu və əhəmiyyəti, audit peşəsi üzrə ictimai nəzarətin formalaşması, auditin müasir problemləri və onun həlli yolları, auditorların müstəqilliyi, auditorlara nəzarət və digər məsələlər müzakirə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Auditorlar Palatasının rəyi Avropa Komissiyası tərəfindən müzakirə olunan sənədə dair hazırlanmış icmalda öz əksini tapmış və Avropa Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.

Azərbaycanda həyata keçirilən çoxsaylı dövlət proqramları içərisində öz sosial-siyasi və iqtisadi əhəmiyyətinə görə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə sənədlər xüsusi yer tutur. İstər Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında, istərsə də Milli Strategiyada Auditorlar Palatasının üzərinə bir sıra mühüm vəzifələr düşür.

İcrası müvəffəqiyyətlə başa çatmış, beynəlxalq ekspertlər tərəfindən yetərincə müsbət qiymətləndirilmiş və geniş ictimai müzakirəsi təşkil olunmuş bu proqramlardan biri 2004-2006-cı illəri əhatə edən "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı"dır. Həmin proqramda digər infrastruktur sahələri kimi, beynəlxalq aləmdə korrupsiyaya qarşı mübarizə işində önəmli rol oynayan auditor xidmətinə xüsusi yer ayrılmışdır. Proqramın "İqtisadi və sosisal sahədə tədbirlər" bölməsinin hər biri geniş məzmun daşıyan 8 maddəsi auditor xidmətinə həsr olunmuşdur. Bu gün tərəddüd etmədən deyə bilərik ki, həmin proqramın üzərimizə qoyduğu öhdəlikləri bütünlüklə həyata keçirə bilmişik. Həmin dövrdə Palata üzvlərinin, bütövlükdə isə geniş ictimaiyyətin korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirilməsi və normativ hüquqi sənədlərlə təmin olunması məqsədilə "Antikorrupsiya. Normativ sənədlər toplusu" nəşr edilmişdir.

Üzərində bir qədər ətraflı dayanmaq istədiyimiz ikinci Dövlət Proqramı Prezidentin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş 2007-2011-ci illəri əhatə edən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"dır. Əvvəlki proqramda olduğu kimi, bu Milli Strategiyada da Auditorlar Palatasının üzərinə bir sıra konkret vəzifələr qoyulmuşdur. Təsadüfi deyil ki, Fəaliyyət Planının "İqtisadi və sosial sahə" bölməsində maliyyə nəzarətinin təkmilləşdirilməsində digər dövlət qurumları ilə yanaşı, Auditorlar Palatasının da iştirakı nəzərdə tutulmuş, həmin bölmənin 6-cı yarımbölməsi isə bütövlükdə auditor fəaliyyətinə həsr olunmuşdur.

Təbii ki, Auditorlar Palatasının bu sahədə işi qeyd edilənlərlə məhdudlaşmır. Bütövlükdə birbaşa və ya dolayısı ilə Fəaliyyət Planında nəzərdə tutulmuş ayrı-ayrı tədbirlərin icrasında da Palatanın üzərinə öhdəliklər qoyulmuşdur və hazırkı dövrədək bu istiqamətdə işlər davam etdirilir.

Müasir şəraitdə auditin öz rol və vəzifələrini daha dolğun və cəmiyyətin maraqlarını təmin edə biləcək bir səviyyədə reallaşdıra bilməsi üçün peşəkarlıq, zəruri diqqətlilik, peşə biliklərinin davamlı yüksəldilməsi, peşə xidmətlərinin lazımi səviyyədə təmin edilməsi, qanunvericiliyə və peşə standartlarına tam riayət olunması, peşəyə xələl gətirən hərəkətlərə yol verilməməsi kimi bir sıra vacib tələblərə cavab verməlidir. Yalnız bu şərtlər daxilində audit özünün təkcə iqtisadi rolunu yox, həm də sosial öhdəliklərini yerinə yetirmək hüququ qazana bilər və bizim fəaliyyətimizin əsas məqsədi də bundan ibarətdir.

 

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru,

professor 

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 5.