Hövsan soğanı

 

Xalq seleksiyaçılarının çoxillik zəhməti və ciddi səyləri ilə bu gün Hövsan soğanı kimi tanıdığımız çox qiymətli ərzağın Abşeronda "məskunlaşmasının" maraqlı tarixçəsi vardır.

Rəvayətə görə, hələ orta əsrlərdə yerli şeyxlərdən biri Məkkə ziyarətindən qayıdarkən orada uzunsov soğan görür və bu soğanın başqa soğanlara nisbət 2-3 dəfə baha qiymətə satılmasının səbəbi ilə maraqlanır. Öyrənir ki, bu soğan dadına və digər keyfiyyətlərinə görə adi soğanlardan qat-qat üstündür. Həmin soğanın toxumundan alıb gətirir və bir neçə il bu soğanın toxumunun artırılması ilə məşğul olur. Bakıətrafı kəndlərdən bir neçəsində peşəkar tərəvəzçilər hesab olunan tanışlarına həmin toxumdan az-az paylayır. Əlavə edir ki, bu soğan toxumunu Həcc ziyarətindən qayıdarkən müqəddəs Məkkədən gətirib və dostlarına paylamaqda əsas amalı Abşeron üçün bu yeni soğan növünün geniş yayılmasına nail olmaqdır. İlk illər həmin soğana Şıxverdi (yəni, Şeyx verdi) soğanı deyirlərmiş. Abşeronun digər kəndlərində əkilib-becərilsə də, məlum olur ki, həmin soğan öz ilkin formasını və qidalılıq keyfiyyətlərini yalnız Hövsan torpağında tam bərpa etdiyindən Hövsan soğanı adı ilə məşhurlaşır. Yarımadanın nadir nemətlərindən olan Hövsan soğanı başqa yerlərdə, eləcə də Abşeronun digər kəndlərində formasını dəyişir, Hövsanda becərilən soğana nisbətən qidalılıq keyfiyyətlərini müəyyən qədər itirir.

Uzun müddət Abşeron rayonuna rəhbərlik etmiş Sadiq Nəbi oğlunun bir müsahibəsində Hövsan soğanı ilə bağlı diqqətimi çəkən bir faktı xatırlatmaq istərdim. Demə, Bakının məşhur kababçıları Hövsan soğanı olmadan lüləkabab çəkməzlərmiş.

Ötən əsrin 30-cu illərində kəndlilərin torpağının və tərpənən bütün əmlakının kollektivləşdirilməsi Hövsan soğanının yalnız kolxozlarda əkilib-becərilməsi ilə nəticələndi. Kolxozçular "əmək günləri"nə düşən digər məhsullarla yanaşı, soğan payı da alırdılar.

Abşeron yarımadasındakı bütün kolxozların bazasında yeni dövlət təsərrüfatları (sovxozlar) yaradılarkən nə qədər qəribə olsa da, Hövsan soğanının toxumçuluğu unuduldu.

Hövsanlı qocaman tərəvəzçilərin təkidli xahişi ilə Hövsan soğanının bərpası məsələsi qaldırılanda məlum olur ki, hələ ötən əsrin 30-cu illərində Qazaxıstana buradan Hövsan soğanının toxumu aparılıbmış. Uzun axtarışdan sonra həmin soğanın geniş ərazidə becərildiyi yer müəyyən edilmiş və oradan 50 kiloqrama yaxın Hövsan soğanı toxumu gətirilməklə bu qiymətli tərəvəzin Hövsan südçülük-tərəvəzçilik sovxozunda əkin sahəsi xeyli genişləndirilmişdi. Ötən əsrin 80-ci illərində sovxoz ərzaq soğanı istehsalının həcmini 90-100 tona çatdırmışdı.

Təəssüf ki, əsasən ixtisaslaşdırılmış dövlət təsərrüfatlarında əkilib-becərilən Abşeronun digər nadir nemətləri kimi, məşhur Hövsan soğanının istehsalı minimuma enmiş, daha doğrusu, yalnız hövsanlıların bəzilərinin həyətyanı sahələrində becərilməklə birdəfəlik itirilməsinin qarşısı alınmışdır.

Hövsanın adına şöhrət gətirmiş Hövsan soğanının əkin sahəsini genişləndirmək imkanını tamamilə itirməməkdən ötrü məhz Abşeronun bu qədim kəndinin sakinləri əsl təəssübkeşlik nümayiş etdirməli, özlərinə məxsus Hövsan soğanının əvvəlki şöhrətini qaytarmalıdırlar.

 

 

Elimxan MEHRƏLİYEV

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 6.