İkinci regional inkişaf proqramı uğurla icra olunur

 

Sənədin icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda qarşıda duran prioritet vəzifələr də müəyyənləşdirildi

 

Ölkəmiz neft sənayesinin inkişafından böyük həcmdə maliyyə resursları əldə edir və dövlət qeyri-neft sektorunu inkişaf etdirmək üçün bu vəsaitdən səmərəli şəkildə istifadə etməyə qərar verib. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün qəbul edilən iki dövlət proqramı da bu məqsədə xidmət edir.

2004-2008-ci illəri əhatə edən ilk dövlət proqramı uğurla həyata keçirilib. Bu sahədə görülən işləri davam etdirmək üçün 2-ci sənəd - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul olunub. Bu proqram da uğurla həyata keçirilir. İkinci dövlət proqramının qəbulundan sonra bölgələrdə bir sıra istehsal, emal və sənaye obyektləri, eləcə də sosial infrastruktur layihələri başa çatdırılaraq istismara verilib.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda birinci dövlət proqramının uğurla həyata keçirildiyini vurğulayaraq həmin sənədin ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını bildirmiş, eyni zamanda ikinci dövlət proqramının da uğurla başa çatacağına əminliyini ifadə etmişdir.

Konfransda qeyd edilmişdir ki, regionların inkişafına 2004-ci ildən etibarən bütün maliyyə mənbələri hesabına 15,5 milyard dollar sərmayə yatırılıb. Keçən il isə regionların sosial inkişafını sürətləndirmək üçün 3,4 milyard dollar məbləğində investisiya qoyulub.

Ötən il regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisələri, o cümlədən Lənkəranda konserv zavodu və çay fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları zavodu fəaliyyətə başlayıb. Bu dövrdə Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda konsevr zavodu, Gədəbəydə qızıl zavodu, müxtəlif rayonlarda heyvandarlıq və süd emalı kompleksləri tikilib istifadəyə verilib. Eyni zamanda 200-dən çox müəssisənin, o cümlədən 12 kənd təsərrüfatı məhsulları emalı müəssisəsinin, bir çox rayonlarda tikinti materialları istehsalı zavodlarının və digər müəssisələrin tikintisi isə davam etdirilir.

Regionlarda sahibkarlığın inkişafına böyük önəm verilir. Bölgələrdə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilməklə regionlardakı özəl sektorun inkişafı stimullaşdırılır. Bu gün 112 obyektin tikintisində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə edilir. Ümumiyyətlə, ötən illər ərzində böyük əksəriyyəti regionlarda olan 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilib.

Regionlarda aqrar sektorda müasir texnologiyaların tətbiqinə böyük ehtiyac duyulur. Ona görə ki, istər xarici, istərsə də daxili bazarlarda mayadəyəri aşağı, keyfiyyəti yüksək olan məhsullar rəqabətə davamlı olur. İldə 20 min ton quş əti, 60 min damazlıq, 17 min əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik istehsal gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksinin tikilib istifadəyə verilməsi həm də bu məqsədə xidmət edir. Müasir texnologiyaların tətbiqi eyni zamanda ölkəmizə dünya bazarına məhsul ixracını artırmaq imkanını verir. Bunun nəticəsidir ki, 2010-cu ildə 2009-cu illə müqayisədə qeyri-neft məhsullarının ixracı 17,8, çeşidi isə 5,6 faiz artmışdır.

Bunlardan əlavə, 2-ci regional inkişaf dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr nəticəsində ötən il 4300-ə yaxın yeni müəssisə yaradılıb, 52 min 700-ü daimi olmaqla 73 min iş yeri açılıb. Bunlar da regionlarda yaşayan əhalinin sosial rifahının yaxşılaşmasına təkan verib, yoxsulluğun səviyyəsini aşağı salıb.

Regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün enerji təchizatına da xüsusi diqqət yetirilir. Təkcə ötən il Ordubadda Biləv SES, Qəbələdə, Salyanda və Bakıda yeni yarımstansiyalar və yüksək gərginlikli xətlər istifadəyə verilib, 4 kiçik SES-in təməli qoyulub. 5 elektrik stansiyasının tikintsi isə davam edir. Prezident İlham Əliyev konfransda bu məsələyə toxunaraq demişdir: "Azərbaycan bütün qonşu ölkələrə - Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana elektrik enerjisi ixrac edir. Yəni belə imkanlar var və bu, onu göstərir ki, görülmüş işlər öz bəhrəsini verir. Azərbaycan neft-qaz və indi də elektrik enerjisinin ixracı ilə məşğuldur. Vaxt var idi bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə verilirdi. Artıq o dövr tarixdə qaldı".

Hazırda dünyada ərzaq çatışmazlığı qabarıq şəkildə hiss olunmaqdadır. Mütəxəssislər bunu dünya əhalisinin artımı və iqlim dəyişikliyi şəraitində məhsuldarlığın aşağı düşməsi ilə izah edirlər. Belə halda hər bir dövlət öz ərzaq təhlükəsizliyini qorumağa borcludur.

Ölkəmizdə ən çox istifadə olunan ərzaq növü çörəkdir. Buna görə də taxılçılığın inkişafına böyük ehtiyac var. Bu barədə Prezident İlham Əliyev konfransdakı çıxışında demişdir: "Kənd təsərrüfatının intensiv şəkildə inkişafı, həmişə olduğu kimi, bizim üçün çox vacib məsələdir. Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq. İntensiv metodları nə qədər tətbiq etsək belə, yenə də yeni əkin sahələrinin dövriyyəyə çıxarılması məsələləri öz aktuallığını itirməyəcək. Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır. İlk növbədə suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və s.".

Taxılçılığın inkişafında, eyni zamanda toxumçuluq mühüm rol oynayır. Bu istiqamətdə bir sıra işlər görülüb. Dövlət başçısı bu sahənin də inkişafına xüsusi diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb. Prezident çıxışı zamanı qeyd etmişdir: "Mən bu yaxınlarda böyük toxumçuluq zavodunun fəaliyyəti ilə tanış olmuşdum və bu sahədə böyük perspektivlər var. Həm gəlirli sahədir, həm də bizim üçün lazım olan sahədir. O vaxt mənə verilən məlumata görə, hazırda biz özümüzü toxumla təxminən 30 faiz təmin edə bilərik. Elə etməliyik ki, özümüzü toxumla 100 faiz səviyyəsində təmin edək. Bu məqsədlə ya mövcud olan zavodların fəaliyyəti geniləndirilməlidir, ya da ki, yeni zavodlar tikilməlidir, yaxud da hər iki iş bərabər, paralel şəkildə aparılmalıdır. Hər halda, bu, kənd təsərrüfatının inkişafı üçün çox vacib sahədir. Bu il və gələn illərdə buna xüsusi diqqət göstərilməlidir".

 

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 1.