Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri - "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxmışdır

 

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri -"Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı çapdan çıxmışdır.

Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstana ilk rəsmi səfərinin 15-ci ildönümünə həsr edilmiş kitabda dost və qardaş ölkələr arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq nitqlərinin köməyi ilə şərh olunur. Azərbaycan və gürcü dillərində nəşr olunmuş, ingilis dilində isə xülasəsi verilmiş kitaba, həmçinin "Azərbaycan-Gürcüstan münasibətləri" haqqında tarixi arayış, məlumat-soraq materialları, fotoşəkillər daxil edilmişdir.

Mərkəz bundan əvvəl ölkəmizin bir çox mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, İKT, NATO, BMT, Avropa Şurası ilə münasibətlərinə dair kitablar nəşr etdirmişdir. "Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyada nümunədir" kitabı ilə isə mərkəz yeni seriyanın - Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərindən bəhs edən kitabların nəşrinə başlamışdır.

Azərbaycan-Gürcüstan dostluğu tarixi köklərə əsaslanır və bütün məqamlarda ölkələrimizin əksər idarəetmə pillələrində fikirləri üst-üstə düşür. Tərəflər arasında tarixən qarşılıqlı anlaşma mövcuddur. Xalqlarımıza dostluq, qardaşlıq hissləri hakimdir, dövlət qurumları arasında heç bir problem yoxdur. Bu, ölkələrimiz müstəqillik qazandıqdan sonra özünü daha bariz şəkildə nümayiş etdirmişdir. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri xüsusilə qeyd edilməlidir. Hələ sovet dönəmində Gürcüstan ilə sıx münasibətlərin əsasını qoyan ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı ilə bu dost və qonşu dövlətlə strateji əməkdaşlığın qurulması bir daha gündəmə gəlmişdir. "Gürcüstan və Azərbaycan əməkdaşlıq üçün böyük imkanlara malikdir" deyən ulu öndər bu imkanları reallaşdırmaq və qarşılıqlı anlaşma mühiti yaratmaq üçün öz səylərini əsirgəməmişdir.

İki ölkə arasında münasibətlərin inkişafına xüsusilə dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri təkan vermişdir. Bu baxımdan ulu öndər Heydər Əliyevin Gürcüstana 1996-cı ilin martında reallaşmış ilk rəsmi səfəri müstəsna əhəmiyyət kəsb edir.

2003-cü ilin oktyabrında Azərbaycanın Prezidenti seçilən İlham Əliyev bütün məsələlərdə olduğu kimi, Gürcüstan ilə əlaqələrin inkişaf etdirilməsində də ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yolu davam etdirmişdir. 2004-cü ildə Gürcüstandakı hakimiyyət dəyişikliyi də dost ölkənin Azərbaycana marağını nəinki zəiflətməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni mərhələ başlanmışdır. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş vermiş və strateji xarakter almışdır.

Bu gün Gürcüstan və Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi qlobal enerji, nəqliyyat, kommunikasiya layihələri birləşdirir.

"Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, yeni nəşrdə buraxılışa məsul Vurğun Süleymanovdur. Yaradıcı heyətə mərkəzin baş direktoru Fuad Babayev rəhbərlik etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 2.