Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanmışdır

 

AzərTAc xəbər verir ki, martın 7-də Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanmışdır.

Sənədi Azərbaycan tərəfdən SAM-ın direktor əvəzi Gülşən Paşayeva, Türkiyə tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri professor Bülənt Aras imzalamışlar.

Memorandumda tərəflər arasında toplantıların, görüşlərin keçirilməsi, birgə araşdırmaların aparılması, müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlıq və s. məsələlər nəzərdə tutulmuşdur.

İmzalanmış sənədi yüksək qiymətləndirən G.Paşayeva vurğulamışdır ki, ölkələrimizi eyni maraqlar birləşdirir. Azərbaycan ilə Türkiyə arasında əlaqələr son illər daha da fəallaşmışdır. Bundan sonra da ölkələrimiz arasında beynəlxalq münasibətlərin, iqtisadi, mədəni, strateji əlaqələrin, eləcə də regional əməkdaşlığın inkişafında mühüm addımlar atılacaqdır.

Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığa toxunan B.Aras demişdir ki, keçən ilin avqustunda imzalanmış "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım" haqqında Saziş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin bariz sübutudur.

 

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 2.