Benilüks Azərbaycanlıları
Konqresinin dünya azərbaycanlılarına müraciəti
Mərkəzi ofisi Hollandiyanın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həllini tapmadığı təqdirdə işğal olunmuş ərazilərimizin digər vasitələrlə azad ediləcəyi barədə söylədiyi fikirlər erməniləri əməlli-başlı qorxuya salmışdır. Bunu istər Ermənistanda, istərsə də erməni lobbisinin yardımı ilə xarici ölkələrdə nəşr edilən erməni qəzet və jurnallarında işıq üzü görmüş məqalələrdə aydınca görmək olar.
Azərbaycanın hərbi qüdrətinin ildən-ilə artmasından, müdafiə xərclərinə ayrılan büdcə vəsaitinin az qala Ermənistan büdcəsinə bərabər olmasından təşviş hissi keçirən erməni rəsmiləri öz xalqını sakitləşdirmək məqsədi ilə psixoloji hücuma üstünlük verməyə başlamışlar. Onlar dərc etdirdikləri yazılarda müharibə başladığı təqdirdə Rusiyada, Fransada, Amerika Birləşmiş Ştatlarında, Uruqvayda yaşayan daha imkanlı ermənilərin pulu hesabına cinayətkarlardan və muzdlu veteranlardan ibarət dəstənin Azərbaycanla vuruşmaq üçün İranın hava məkanından keçirməklə döyüş nöqtələrinə göndəriləcəyi kimi sərsəm fikirləri ortaya atmışlar. Bəzi məqalələrdə isə hətta döyüşçülərin sayı belə göstərilmişdir. Dünyanın 38 ölkəsindən 200 min erməninin döyüşlərdə iştirak edəcəyi bildirilmişdir.
Benilüks Azərbaycanlıları Konqresi belə materiallara münasibət bildirərək qeyd edir ki, tarixin müxtəlif dönəmlərində xalqımız öz torpaqlarını yadelli işğalçılardan qorumaq məcburiyyətində qalmışdır. Sülhsevər azərbaycanlılar qonşuları ilə hər zaman dinc və mehriban dostluq əlaqələrinin saxlanılmasına və inkişafına üstünlük vermişlər.
Lakin XX əsrin sonlarına doğru Azərbaycan böyük bir haqsızlıqla üzləşmişdir. Tarixi ərazilərimin 20 faizi mənfur qonşularımız ermənilər tərəfindən işğal olunmuş, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulmuş, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan tərəfindən zəbt edilmiş, minlərlə soydaşımız amansızlıqla qətlə yetirilmiş və əsir götürülmüşdür.
Artıq 20 ilə yaxındır ki, torpaqlarımızın azad edilməsi istiqamətində danışıqlar aparan Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq normalarına uyğun sülh yolu ilə həllinə çalışır. BMT, Avropa Şurası, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədəki qərar və qətnamələrinə məhəl qoymayan işğalçı Ermənistan, siyasi və iqtisadi girdabda boğulmasına baxmayaraq, mənfur niyyətindən əl çəkmir, sülh danışıqlarını pozur, konstruktiv mövqe nümayiş etdirmir. Bütün bunlar beynəlxalq qurumların gözü qarşısında baş verir, onlar isə susur, ikili standartlara yol verirlər.
Mənfur düşmənlərimizə xatırlatmaq istəyirik ki, müharibə başladığı təqdirdə, dünya azərbaycanlıları müsəlləh əsgər kimi zəbt olunmuş torpaqlarımızın azad edilməsi üçün Vətənə dönəcək və işğalçılara aman verməyəcəklər.
Benilüks Azərbaycanlıları Konqresi ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, tarixi torpaqlarımızı düşmən işğalından azad etmək və suveren hüquqlarımızı qorumaq məqsədi ilə dünya azərbaycanlılarına müraciət edir və onları Vətənimiz və Prezidentimiz ətrafında daha sıx birləşməyə, səfərbər olmağa çağırır.
BAK-ın dünya azərbaycanlılarına müraciətində deyilir: "Müqəddəs borcumuzu yerinə yetirmək uğrunda çağırışımıza hay verin. İşğal olunmuş ərazilərimizin tezliklə azad edilməsi doğma Vətən qarşısında bizim hər birimizin borcudur. Qaytaraq Vətən borcunu!"
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.- 8 mart.- S. 2.