BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə
Xocalı qətliamı
ilə bağlı məktub göndərilmişdir
Azərbaycanın BMT yanında
Daimi Nümayəndəliyindən
AzərTAc-a bildirmişlər
ki, ölkəmizin BMT
yanında daimi nümayəndəsi, səfir
Aqşin Mehdiyev Xocalı qətliamı ilə bağlı BMT-nin Baş katibinə məktub ünvanlamışdır. Məktub
BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə
də göndərilmişdir.
Məktubda vurğulanır:
"Keçmiş SSRİ-nin 366-cı motoatıcı
alayının iştirakı
ilə erməni silahlı birləşmələri
tərəfindən törədilmiş
bu qətliam onu göstərir ki, ən ağır
beynəlxalq cinayətlərə
görə cəzasızlığa
son qoyulması təkcə fərdi cinayət məsuliyyəti
baxımından deyil,
həm də sülh, ədalət, barışıq və zərərçəkmişlərin hüquqları baxımından
çox vacibdir".
A.Mehdiyev qeyd etmişdir ki, hərbi cinayətlər, insanlığa
qarşı cinayətlər
və soyqırımı
kimi dəhşətli
beynəlxalq cinayətlər
Ermənistanın Azərbaycana
qarşı davam edən təcavüzü
nəticəsində törədilmişdir.
Şəhərin işğal
olunması nəticəsində
yüzlərlə
azərbaycanlı, o cümlədən qadınlar,
uşaqlar və yaşlı insanlar öldürülmüş, minlərlə
dinc sakin yaralanmış və girov götürülmüş,
bir çoxu itkin düşmüş,
şəhər isə
yerlə yeksan olmuşdur.
Məktubda bildirilir ki, Xocalıda ağlasığmaz vəhşiliklər
törədilmişdir. Hamilə
qadınların başları
kəsilərək süngüdən
keçirilmiş, cəsədlər
isə tanınmaz hala salınmışdır.
Bu faktlar onu sübut edir ki, Xocalı
sakinlərinə qarşı
törədilmiş qırğının
məqsədi onları
azərbaycanlı olduqları
üçün məhv
etmək idi. Xocalı sonrakı təcavüz, işğal
və etnik təmizləmə üçün
meydan kimi seçilmişdi.
Ermənistan rəsmiləri
azərbaycanlılara qarşı
törədilmiş vəhşilikləri
millətin və ölkənin müasir tarixə yolunu açan şanlı qələbə kimi qələmə verirlər.
Azərbaycan hökuməti dəfələrlə
qeyd etmişdir ki, Xocalı soyqırımı və Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində
törədilmiş digər
dəhşətli cinayətlərə
görə Ermənistan
beynəlxalq hüquq qarşısında məsuliyyət
daşımalı və
bu cinayətlərin törədilməsində
iştirak edənlər,
onlarla əlbir olanlar fərdi cinayət məsuliyyətinə
cəlb olunmalıdır.
Azərbaycan.- 2011.- 8 mart.- S. 2.