"Xan bağı" bizim tarixi sərvətimizdir

 

Azərbaycan Prezidenti bu sözləri Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanış olanda dedi

 

Cavad xan təbiət vurğunu idi. "Xan bağı" da onun adı ilə bağlıdır. Bağmanda onun 52 hektar bağı var idi. Səfərə gedən tacirlərə nadir ağaclar gətirməyi sifariş verərdi. Əcnəbi qonaqlar da hədiyyə olaraq ona müxtəlif ağac və gül tingi gətirərdilər. Bağın bir hissəsi 1588-ci ildə türk sərkərdəsi Fərhad paşanın ucaltdığı Gəncə qalasının yanına kimi gedib çıxırdı. Cavad xanın ruslara qarşı mərdanə vuruşu da orada olub. Buna görə də Qafqaz canişini M.S.Vorontsov Gəncə qalası ilə bərabər Xan bağını da yer üzündən silməyi qərara alır. 1847-ci ildə Vorontsovun təşəbbüsü ilə Xan bağının aşağı hissəsində təqribən altı hektar sahədə sonralar Sərdar bağı adlanan şəhər parkının bünövrəsi qoyulur.

Rus əsilli İqnati adlı Gəncə memarı şəhərin baş planını hazırlayır. Hər yer dağıdılır, sökülür. Guya bu səfalı guşədə "Avropasayağı kvartal" salınırdı. Həmin baş plan 1873-cü ildə imperator II Aleksandr tərəfindən təsdiq olunur.

Gəncə qalası tamamilə məhv edildi. Tarixi Xan bağı Sərdar bağına çevrildi. 1860-cı ildə ona dekorativ görkəm verildi, mərkəzi hissədə çinar xiyabanı salındı. 1899-cu ildə şəhər Zemstvo idarəsinin təşəbbüsü ilə bağ yenidən quruldu.

Şərqşünas Bartold onu "Cənubi Rusiyanın ən gözəl bağı" hesab edirdi. 1897-ci ildə həmin bağın bir yanında qırmızı kərpicdən Zemstvo idarəsi üçün yaraşıqlı bina da tikildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti "Duma evi" adlanan bu malikanədə yerləşib. İndi Dövlət Aqrar Universitetinin əsas binasıdır. Hələ yüz il bundan əvvəl "Xan bağı"nda konsert və tamaşalar verilər, rəqs axşamları keçirilər, kütləvi gəzintilər olardı. Ötən əsrin əvvəllərində Əsgər adlı Gəncə xanəndəsi ən çox bu parkda konsert verərmiş. Sonra bura Bülbül də gəlib, Sidqi Ruhulla da, Üzeyir bəy də, Məşədi Cəmil Əmirov da. İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alanda Səməd Vurğun burada çıxış edib. Qəhrəmanla şəkil çəkdirib. Xalq artisti Ələddin Abbasov deyir ki, sonralar elin qəhrəman oğlu bu bağda millətimizə dodaq büzən yadellilərə neçə yol "coğrafiya dərsi" verib. İ.Məmmədov həyatdan köçəndə də elə bu bağda torpağa tapşırıldı. İndi burada qəhrəmanın abidəsi ucalır... Gözəllik səltənəti sayılan həmin bağ həmişə ən zərif duyğuların tərənnümçüsü olub. Yüz il, bəlkə də bundan əvvəl yaranmış bir mahnının ruhuna fikir verin:

Ay faytonçu, faytonçu, Faytona mindir məni.

 

Apar Sərdar bağına,

Doyunca gəzdir məni.

 

Ancaq bir zamanlar belə bir bağda doyunca gəzmək hər adama nəsib olmurdu. Ətrafı bağlı idi, çox hündür hasarı və iri giriş qapısı vardı. Orada ancaq say-seçmə insanlar, zadəgan ailələri istirahət edərdilər. Sonralar qapıları geniş ictimaiyyətin üzünə açıldı. Bu yerlər ağac və gül cinslərinin növ zənginliyinə görə Nəbatat bağı sayıla bilər. Burada nadir tapılan bitki cinsləri - Himalay sidri, yapon əzgili, Eldar şamı, hind qozu, bambuk, sərv ağacları və s. qayğı ilə mühafizə edilir.

Prezident İlham Əliyev "Xan bağı"nda da yenidənqurma işlərinin aparılması üçün tapşırıqlar verib. Dövlət başçısı deyib: "Burada yaradılan gözəllik, abadlıq məni və əminəm ki, bütün gəncəliləri ürəkdən sevindirdi".

"Xan bağı" təkcə gözəllik məskəni deyil, həm də şəhərin saf iqlim mərkəzidir. Yayda qızmar günəşin, qışda soyuq küləklərin qarşısını alır. İlin hər fəslində gözəl, günün hər çağında səfalı, cazibədardır Gəncənin bu cənnətməkan guşəsi.

Dövlət başçısının sözləri ilə desək, "Xan bağı nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim mənəvi tarixi sərvətimizdir".

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-8 mart.- S. 3.