Ədliyyə Akademiyasında 8
Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir
keçirilmişdir
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, Ədliyyə Akademiyasının prorektoru hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov bayram münasibətilə kollektivin qadın əməkdaşlarını təbrik etmiş, onlara möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulamışdır.
Çıxışlarda ölkəmizin ictimai-siyasi həyatında qadınların böyük rol oynadıqları xüsusi vurğulanmış, onların da xidmətləri yüksək qiymətləndirilmişdir. Bildirişmişdir ki, vaxtilə ümummilli lider Heydər Əliyev qadınların xidmətlərini, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində əməyini yüksək qiymətləndirmiş, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ulu öndər demişdir: "Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə, onlara diqqət, qayğı və ehtiram! Bu anlayışlar çox genişdir. Diqqət də, qayğı da müxtəlif formalarda ola bilər. Ancaq kişilər gərək qadınları həmişə yüksəkdə görsünlər, qadınlara gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşsınlar".
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycanda Qadın Problemi üzrə Dövlət Komitəsinin yaradılması, Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli fərmanı ilə həmin qurumun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılması məmnunluq hissi ilə qeyd edilmişdir. Hazırda həmin komitənin ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini uğurla həyata keçirdiyi bildirilmişdir.
Yığıncaqda həmçinin vurğulamışdır ki, bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı, bir sözlə, əvəzsiz çoxşaxəli ictimai fəaliyyəti ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir.
Tədbirin sonunda Ədliyyə Akademiyasının qadın əməkdaşlarına hədiyyələr verilmişdir.
Azərbaycan.- 2011.-8 mart.- S. 3.