Azərbaycan qadını müqəddəs
dəyərlər simvoludur
Cəmiyyətin tərəqqisində qadınların böyük rolu var. Zərif cinsin nümayəndələri ən müxtəlif - siyasi, ictimai, sosial və digər bu kimi statuslarda kişilərdən heç də geri qalmadıqlarını hər zaman təsdiq ediblər.
Təbii Azərbaycan cəmiyyətində də qadınların özünəməxsus yeri və rolu var. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Xüsusən xalqımızın mənəvi dəyərlərinin formalaşmasıda və qorunmasında da qadınlarımızın böyük rolu var. Eyni zamanda, Azərbaycan qadınları tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə sanballı töhfələrini veriblər.
Milli Məclisin deputatı Flora Qasımova ilə söhbətimiz də bu mövzudadır. Xatırladaq ki, 122 saylı Xankəndi seçki dairəsindən deputat seçilən Flora Qasımova Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi komandir Şirin Mirzəyevin həyat yoldaşıdır.
- Flora xanım,
adınız həmişə həyat yoldaşınız
Şirin Mirzəyevin adı ilə qoşa çəkilir.
Şirin Mirzəyev Vətən uğrunda şəhid olub,
göstərdiyi şücaətlərə görə Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
İstərdik söhbətimizə elə həyat yoldaşınızla
bağlı xatirələrlə başlayaq...
- 1987-ci ildən - Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürməsindən sonra Dağlıq Qarabağdan ilk məcburi köçkün düşənlər Xankəndi sakinləri oldular. 1991-ci ildən başlayaraq 15 min yerli azərbaycanlı Xankəndidən məcburi köçkün düşdü. Eləcə də bizim valideynlərimiz, bacı-qardaşlarımız zorla ev-eşiklərindən çıxarıldılar.
O zaman Şirin Mirəzəyev peşəkar hərbçi idi. SSRİ Daxili Qoşunlarının Bakıdakı hərbi hissəsində qulluq edirdi. 1988-1989-cu illərdə tez-tez Xankəndidə ezamiyyətlərdə olur, orada yaşayan yerli azərbaycanlıların hansı mərhumiyyətlər şəraitində yaşadıqlarını görür və buna görə ermənilərə dərindən nifrət edirdi. Ermənistanın Qarabağdakı işğalçılıq siyasəti açıq müstəviyə çıxandan sonra Xankəndidəki qohumlarımız məcbur olaraq Bakıya üz tutdular. 1991-ci il idi. Mən həyat yoldaşımdan onlara ev tapmaları üçün kömək göstərməsini xahiş etdim. Amma Şirin Mirzəyev heç cür inana bilmirdi ki, azərbaycanlılar doğma Qarabağdan məcburi köçkün düşə bilərlər. O bunu heç cür qəbul edə bilmirdi! Damarlarında Vətən qanı axan bir azərbaycanlı kimi baş verənlərə dözmədi. Xidmət müddətinin başa çatmasına az qalmış tərxis olunmaq barədə raport yazdı, Ağdama yollanaraq özünümüdafiə taboruna komandirlik etməyə başladı. İlk vaxtlarda mən onun daxili qoşunlardan tərxis olunandan sonra yenidən hərbçi kimi fəaliyyət göstərməsini istəmirdim. Amma o, "mən hərbçiyəm, bu mənim borcumdur" deyərək Ağdama yola düşdü. Sonralar müharibə daha da şiddətlənəndə həqiqətən Şirin Mirzəyev kimi peşəkar hərbçilərə ehtiyac duyulduğunu gördüm. O, həvəslə, böyük ümidlərlə tabora komandirlik edirdi. Sonra tabor alaya çevrildi, Şirinin rəhbərliyi ilə uğurlu döyüş əməliyyatları keçirildi. 1992-ci il iyunun 18-də döyüşlərin birində Şirin Mirzəyev qəhrəmancasına şəhid oldu.
- Belə düşünmək
olarmı ki, Şirin Mirzəyevin yarımçıq ömrü,
arzuları, qəhrəmanlıqlarla dolu həyat yolu sizi
parlament seçkilərində namizədliyinizi irəli
sürməyə, insanlara xidmət etməyə səslədi?
- Mən Azərbaycanın dilbər diyarı, Qarabağın gözəl guşələrindən olan Xankəndi şəhərində doğulub boya-başa çatmışam, təhsil almışam, əmək fəaliyyətinə başlamışam. 1976-cı ildən Bakıda yaşamağıma baxmayaraq, həmişə doğma şəhərimə, Qarabağa bağlı olmuşam. Həyat yoldaşımın şəhid olması, Qarabağdan məcburi köçkün düşməyimiz mənim gələcək həyatıma çox böyük təsir göstərdi. Ailəmin çətin vəziyyətinə, övladlarımın hələ məktəbli olmalarına baxmayaraq, hansısa yolla ermənilərə qarşı mübarizə aparmaq, insanlara kömək etmək istəyirdim. Şirindən keçmişdi bu hisslər mənə. 2005-ci ildə cənab Prezident İlham Əliyevin göstərişi ilə 122 saylı Xankəndi seçki dairəsi yaradıldı. Təbii ki, bu, xankəndililərin seçkidə siyasi fəallığını daha da artırdı. Dördüncü çağırış Milli Məclisə seçkilər ərəfəsində ailəmizi tanıyanlar, Şirinin həyat yolunu bilənlər parlament seçkilərində mənə də namizədliyimi irəli sürməyi məsləhət gördülər. Mən bu müraciətləri dəyərləndirdim və seçkidə Xankəndi dairəsi üzrə namizəd oldum.
Qeyd etdiyim kimi, Qarabağ hadisələri başlayarkən Xankəndidən 15 mindən çox azərbaycanlı öz doğma yurdunu, ev-eşiyini məcburi tərk edərək respublikamızın 48 rayonunda məskunlaşıb. Milli Məclisə seçkilərdə namizədliyimi irəli sürərkən platformamda bəyan etmişdim ki, əsas məqsədim xankəndililərlə birlikdə olmaq, onların problemlərinin həllində yardım göstərməkdir. İnanıram ki, deputatlıq səlahiyyətlərimdən istifadə edərək yurd-yuvalarından köçkün düşmüş Xankəndi sakinlərini Milli Məclisdə layiqincə təmsil edəcəyəm.
Həmçinin məqsədim ərazi bütövlüyümüz təmin olunana qədər respublikamızın ayrı-ayrı rayonlarında yaşayan Xankəndi əhalisinin təşkilatlanması, onlar arasında əlaqənin möhkəmləndirilməsi, "Böyük Qayıdış" proqramının uğurla həyata keçirilməsi üçün Bakı şəhərində Xankəndi icra nümayəndəliyinin yaradılmasıdır. Vaxtilə Xankəndidə azərbaycanlıların təhsil aldığı 4 saylı Nizami adına orta məktəb fəaliyyət göstərirdi. 1988-ci ildə həmin məktəbin 750 şagirdi, 73 müəllimi vardı. Məktəbdə təkcə Xankəndi deyil Xocalı, Malıbəyli, Quşçular, Kosalar, Cəmilli və şəhərə yaxın azərbaycanlılar yaşayan digər kəndlərdən olan şagirdlər də təhsil alırdılar. Əslən Qarabağdan olan bir çox ziyalılarımız məhz həmin məktəbin məzunudur. Bu gün Xankəndi sakinləri çox istəyirlər ki, həmin məktəbin fəaliyyəti Bakı şəhərində təmin olunsun. Deputat kimi mən də bu məktəbin fəaliyyətinin bərpa olunmasına, şagird və müəllim heyətinin bir yerə toplanmasına çalışacağam.
Eyni zamanda, deputat kimi qarşıma qoyduğum əsas vəzifə ən ağrılı yaramız olan Qarabağ probleminin həllində xankəndililərin fəal iştirakını təmin etmək, gənclərimizin vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün fəal iş aparmaqdır. Prezident İlham Əliyevin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlarda nümayiş etdirdiyi qətiyyət, ordu quruculuğundakı uğurlarımız bu işdə bizə böyük ruh verir. Bizim güclü ordumuz var. Bu ordu işğal altında olan ərazilərimizi azad etməyə qadirdir. Hələ ki, sülh danışıqları gedir, amma ermənilər bu danışıqlarda daim qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. Bütün dünya işğala məruz qalanı da tanıyır, işğalçını da. Nə qədər ki, Ermənistana beynəlxalq təzyiq göstərilmir, onlar daha da həyasızlaşırlar. Azərbaycan xalqının isə səbri çoxdan tükənib. Mən bir ana kimi müharibə tərəfdarı deyiləm! Çünki müharibə qandır, insan itkisidir, böyük faciədir. Amma əgər ermənilər sülh danışıqlarında razılığa gəlməyəcəklərsə, biz silaha əl atacağıq. Torpaqlarımızı azad etmək hüququmuzdur və biz hər an bu missiyanı yerinə yetirməyə hazırıq.
Ölkəmizin iqtisadi qüdrətinin artması bütün məcburi köçkünlərin problemlərinin həllini sürətləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasət nəticəsində son illərdə bu insanların sosial rifahının, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb, yeni qəsəbələr salınıb. Konkret ifadə etsək, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı son beş ildə Prezident İlham Əliyev 19 fərman və sərəncam imzalamışdır. Bu ilin fevral ayında isə cənab Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na yeni əlavələr edildi. Bu əlavələrə əsasən qarşıdakı 5 ildə bütün məcburi köçkün ailələri yeni mənzillərlə təmin olunacaq. Həmçinin ötən illərdə qaçqın və məcburi köçkünlərlə bağlı Nazirlər Kabinetinin 65 qərar və sərəncamı olmuşdur.
Çalışacağam ki, deputat imkanlarından istifadə edərək məcburi köçkünlərin problemlərinin həllində yaxından iştirak edim, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətə dəstək olum. Bu mənada, siz çox doğru qeyd edirsiniz ki, Şirin Mirzəyevin həyat yolu məni insanlara xidmət etməyə çağırır. Deputat seçilməyim Şirin Mirzəyevin arzularını həyata keçirmək üçün bir imkandır.
- Xanım deputat kimi bu gün Azərbaycan
cəmiyyətində qadınların rolunu necə qiymətləndirirsiniz?
- Tariximizdən də məlumdur ki, Azərbaycan qadını dövlət idarəçiliyində öz sözünü deyib, həmçinin diplomatiyada da. Azərbaycan qadını at belində qılınc çalıb, həyat yoldaşının silahdaşı olub. Azərbaycan qadını poeziyamızın ən gözəl nümunələrini yaradıb. Ən əsası Azərbaycan qadını həmişə gözəl ana olub. Ailə dəyərlərini, ailə müqəddəsliyini qorumaq, ana olmaq hissi daha çox bizim xalqa məxsus xarakterik xüsusiyyətdir. Ümumiyyətlə isə Azərbaycan qadını müqəddəs dəyərlər simvoludur. Biz bununla fəxr edir, qürur hissi keçiririk.
Çağdaş Azərbaycan qadını da ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması hakim kursun prioritet istiqamətlərindən birinə çevrilib.
Bu gün respublikamızda dövlət tərəfindən aparılan qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvadlığı təbrik dövlət başçısının zərif cinsdən olan vətəndaşlara diqqətinin və ehtiramının təcəssümüdür. Prezident respublikamızın qazandığı uğurlarda qadınların rolunu daim yüksək qiymətləndirir
Respublikamızda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Heydər Əliyev Fondu gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına da xüsusi diqqət yetirir.
Bu gün Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq qadınların bərabər hüquqlarını və bərabər imkanlarını təmin etməyə yönəlmişdir. Əminliklə demək olar ki, bu siyasət daimi və dönməz səciyyə daşımaqla bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcəkdir.
Müsahibəni apardı: Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2011.-8 mart.- S. 4.