Dəniz boyda ürəyi var...

 

Sənəm adı kimi də gözəl və zərif bir xanımdır. Danışığından, sözündən-söhbətindən qəlbinin də beləcə incə olduğu aydın sezilir. Amma onun harada çalışdığını biləndə, xasiyyəti ilə işi arasında yaranan paradoksa təəccüblənməyin.

Sənəm Abdullayeva Neft Daşlarında işləyir. "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin elektrik avadanlıqları və elektrik təchizatı kirayə-təmir sexində laborant vəzifəsində çalışır. Həm də bütün Neft Daşları üzrə qadınlar şurasının sədridir.

- Tək məndən yazmayın, - deyir. - Bu qeyri-adi dəniz şəhərində 247 qadın çalışır. Onlar yalnız bizim NQÇİ-nin işçiləri deyil. Burada neçə-neçə başqa idarələrin işçiləri də var. Məsələn, "28 May" NQÇİ-nin Neft Daşlarının ərazisində yerləşən obyektlərində 14 qadın işləyir. Neftçilərimizin sağlamlığı keşiyində dayanan həkim və tibb işçilərinin, yeməkxanalarda onların xörəyini, çayını hazırlayan, otaqlarının səliqə-sahmanına və təmizliyinə baxanların əksəriyyəti qadınlardır. "Neft Daşları" NQÇİ-nin öz işçiləri olan mütəxəssis qadınlarımız da çoxdur.

Düşünürük ki, qadınlar yalnız idarənin özündə, yəni, istehsalat sahələrindən aralıda, mühasibatlıqda, müxtəlif şöbələrdə çalışırlar. Sənəm etiraz edir:

- Bilavasitə mədənlərdə işləyən xanımlarımız var. İradə İsmayılova, Gülarə Həsənova, Sevinc Məmmədova və başqaları. Onlar neft və qazçıxarma sexlərində işləyirlər. Estakadalar boyu irəliləyərək quyuların debitini, yəni, nə qədər neft verdiyini ölçürlər. Qaz-kompressor sexində də operator və yağlayıcı peşələrinə yiyələnmiş qızlarımız çalışırlar. Məsələn, Brilyant Babaşova, Gülbadam Camalova, Adilə Kərimova və başqaları. Bizim hətta takelajçı qızımız da var - Günəş Quliyeva.

Lakin hansı sahədə çalışmasından və hansı vəzifəni tutmasından asılı olmayaraq, qadın ev sahibəsidir, anadır. Dənizdə işləmək isə qadının günlərlə, bəzən həftələrlə evindən, ailəsindən uzaqda olması deməkdir. Bu baxımdan ələlxüsus da azyaşlı uşaqları olan qadınların dənizdə işləməsi az qala ağlasığmazdır. Amma Sənəm elə qadınlar tanıyır ki, onlar hətta övladları kiçik olanda da Neft Daşlarından ayrılmayıblar: "Belələrinə anaları, qayınanaları kömək edir və onlar evlərindən, uşaqlarından arxayın olub dənizə gedirlər. Bir sıra hallarda qadınlar Neft Daşlarından müvəqqəti olaraq, yəni, uşaqları bir qədər böyüyənədək ayrılırlar. Bəzən isə dənizdəki işlərini qurudakı neft və qazçıxarma idarələrinə dəyişirlər".

Neçə-neçə illərdir Neft Daşlarında müxtəlif vəzifələrdə çalışan qadınlarla tanış olanda görürsən ki, dənizin cazibə qüvvəsi çox böyükdür. Bura bağlananlar bütün çətinliklərə sinə gərərək işlərindən-peşələrindən ayrılmırlar. Ümumi şöbənin rəisi Olqa Çuqunova, mühəndislər Məxmər Qasımova, Rəhimə Əhmədova, mühasib Marina Zabrodina və başqaları belələrindəndir.

Bu ənənə çoxdan yaranıb. Dənizdə neft erası başlananda 1949-cu il idi. İkinci Dünya müharibəsinin qurtarmasından cəmi bir neçə il keçirdi. Müharibə yüzlərlə başıpapaqlının həyatına son qoymuşdu. Təzəcə salınmağa başlayan dəniz şəhərində isə işçi qüvvəsinə ehtiyac vardı. O vaxt burada işləməyə mərd qadınlar çox gəldilər və ən çətin işlərin qulpundan yapışdılar. Zaman keçdikcə dənizdə onları əvəz edənlərin sayı azalmadı.

Bununla belə, Neft Daşlarının sakinlərinin əksəriyyəti kişilərdir. Onlar qışda tufanın-boranın, yayda isə dəli-dolu Xəzərin dalğalarının qoynunda əmək növbəsi çəkən qadınların hər birini özlərinə ana-bacı bilirlər və bu hörmət qarşılıqlıdır.

Sənəm deyir:

- Yeməkxanalarda işləyən qızlar çalışırlar ki, neftçilər çətin iş və hava şəraitində, ev-eşikdən uzaqda olsalar da, isti çaydan, dadlı xörəkdən korluq çəkməsinlər. Başqa sözlə, bizim "Fəhlə Təchizatı Xidməti"ndə 20 nəfər qadın çalışır. Mərkəzi Neftçilər Xəstəxanasının nəzdində olan və dəniz şəhərində fəaliyyət göstərən tibbi-sanitar hissədə isə onların sayı daha çoxdur - 24 nəfər. Həkimlər Ancelika Ozol, Fatma Cavadova, qəlbləri şəfqət və qayğıkeşliklə dolu olan tibb bacıları var qüvvə ilə neftçilərin sağlamlığı keşiyində dayanıblar.

Sənəm bircə özü haqqında danışmır. Bununla belə, bilirik ki, onun da işi çətin və məsuliyyətlidir. Üstəlik də Neft Daşları üzrə qadınlar şurasının sədri kimi ictimai vəzifə daşıyır. Nə az, nə çox - 28 ildir dənizdədir. Sənəm bircə onu deyir ki, Xəzərsiz yaşaya bilmir. Həyatının şirini-acısı da, çətinliyi-uğuru da dənizlə bağlıdır.

Dənizlə belə yaxın dost olmaq üçün isə gərək onun özü qədər güclü olasan. Güc bu qadınların qəlbində, iradəsindədir. Elə onlardan biri - Sənəm Abdullayeva ilə söhbət etdikcə, onun sadəliyini və mehribanlığını, təvazökarlığını və qayğıkeşliyni, ən başlıcası, insansevərliyini gördükcə düşünürsən ki, bu xanımın elə dəniz boyda da ürəyi var...

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 4.