Ürək deyir, yaşa hələ
Şahbuz təbiətin
əsrarəngiz gözəllikləri ilə zəngindir. Dağların şəffaf
göz yaşı olan bulaqları, mineral suları ilə
ad-san qazanıb. Uca dağlar, şiş qayalar,
"Batabat" yaylağı, Zorbulaq çeşməsi,
"Üzən ada" möcüzəsi qonaqları heyran qoyur.
Min bir dərdin əlacı olan dərman bitkiləri, meyvələri
adları və tamları ilə fərqlənir.
Şahbuz həm də
uzunömürlülər məskənidir. Rayonda elə bir kənd,
qəsəbə tapmaq olmaz ki, orada yaşı 80-ni, 90-nı,
hətta 100-ü keçmiş adam yaşamasın. Təbiətlə
yanaşı, insanların bir-birilərinə xoş və səmimi
münasibətləri, milli-mənəvi və əxlaqi dəyərlərimizin
qorunub saxlanılması, əmək, zəhmət bu yerlərin
əhalisinin uzun ömür yaşamasına səbəb olan
başlıca amillərdəndir. Şahbuzda həm də
böyük-kiçik yeri bilinir, ağsaqqal, ağbirçək
sözü keçərli olur.
Aşağı
Qışlaq kəndi də bu cəhətdən seçilir.
Kənd qəribə quruluşa, relyefə və gözəlliyə
malikdir. Bəlkə də yaxın zamanlarda kənd turizmi
üçün ən maraqlı ünvanlardan biri də
Aşağı Qışlaq olacaq. İki dağın ətəyində
yerləşən bu kəndi Qışlaq çayı iki
hissəyə bölür. Hər iki tərəf
yaşıllıqdır. Kənddəki 224 ev dağ
yamaclarına söykənərək mərtəbələr
şəklində çay boyunca uzanıb gedir.
6 övladı, 36 nəvəsi,
7 kötükcəsi olan Gültər nənənin 3 il bundan əvvəl
110 illik yubileyi yüksək səviyyədə qeyd
edilmişdi. Rəsmi qonaqların da iştirak etdiyi tədbirdə
yubilyara muxtar respublika Ali Məclisinin sədri adından qiymətli
hədiyyələr təqdim olunmuşdu. Bu gün Gültər
nənə haqq dünyasındadır. Amma onun 109 yaşlı
bacısı Zeynəb nənə hələ gümrahdır.
6 övladı, 23 nəvəsi,
33 nəticəsi olan Zeynəb nənə ilə öz
ocağında görüşdük. Mənzərəli bir
guşədə yaşayır Zeynəb nənə.
Yaxınlarının dediyinə görə, kəndin
xeyir-şər məclislərində fəal iştirak edən
Zeynəb nənə hərdən Naxçıvan şəhərində
və digər yerlərdə yaşayan qohumlarına da baş
çəkir. O, həm də hazırcavablığı,
şirin danışığı ilə sevilir kənddə.
Söhbətimizə
yarızarafat, yarıciddi sualla başladıq:
- Nə tez qocalmısan, ay nənə?
Ağbirçək nənə
eyhamın hara tuşlandığını duyaraq eyni ovqatla
cavab verdi:
- Əslinə qalsa, gəldi-gedər
ömrümüzün elə əsl vədəsində
qocalmışam. Həyatımdan narazı deyiləm. Bir də
ki, ömür heç vədə uzun-qısalığı
ilə ölçülmür. Əsas məsələ
ondadır ki, bu ömrü necə yaşayırsan. Həyat
yoldaşım Xeybərlə birlikdə gərəkli
övladlar, nəvə-nəticələr böyütmüşəm.
Hamısı ilə fəxr edirəm. 71 yaşlı oğlum
İsgəndər Bakıda yaşasa da, tez-tez gəlib-gedir.
Şahbuzdakı qızım Nuriyyə də məni unutmur.
Bir də, a oğul, indiki dövranda adam heç qocalmaq istəmir.
Vaxtilə çox çətinliklər görsəm də,
rahatlığa çıxmışam. Şükür,
heç nədən korluğum yoxdur. Bir qaz idi, onu da çəkdilər.
Özünün dediyi kimi,
şura hökumətinin qurulmasını yaxşı
xatırlayan Zeynəb nənə kolxoz quruculuğunun fəal
iştirakçısı olub. Sonra yeni açılan məktəb
kurslarında yazıb-oxumağı öyrənib.
Böyük Vətən müharibəsi illərində isə
olmazın əzab-əziyyət çəkib. Hamı kimi gecə-gündüz
arxa cəbhədə işləyib. Axşamlarsa lampa
işığında cəbhədə qan axıdan əsgərlərə
yun corab, əlcək, köynək toxuyub. Onların içərisində
qardaşı Qasıməli də olub. O, odlu-alovlu
döyüşlərdə itkin düşüb. Amma Zeynəb
nənə üçün hətta bu itki də erməni
millətçilərinin zaman-zaman başımıza
açdıqları müsibətlər, faciələrlə
müqayisədə dözüləndir. Həmin hadisələrdən
söz düşəndə yaşı əsri
keçmiş ağbirçəyin xırda gözləri
yaşla dolur.
...Elimizin, obamızın
ağbirçək qadınlarından olan Zeynəb Novruzova ilə
söhbətimiz yenə də ömrün qış vədəsini
xatırladan qocalıqdan düşdü. Nazik və uzunsov
barmaqları ilə bəyaz gecələri xatırladan seyrəlmiş
saçlarını "daraqlayaraq" bir el kəlamını
dilə gətirdi: "Qocalıq bir köynək,
çalış əyninə geymə, geydin çıxarda
bilməzsən. Neçə vaxtdır ki, mən də o
köynəyi geymişəm". Sonra isə xoş bir təbəssümlə
məşhur mahnının iki bəndini özünəməxsus
tərzdə ifa etdi:
Ömür deyir
qocalmısan,
Ürək deyir, yaşa hələ.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.- 8 mart.- S. 5.