Mamırlaşan çiçəklər

 

Ötən əsrin sonlarında namərd qonşularımız tərəfindən başlanan torpaq iddiası ac əjdaha kimi qədim yurd yerlərimizi qara caynağına keçirdi. Bu elə bir zamanda baş verdi ki, biz heç nəyə hazır deyildik - nə hərbə, nə döyüşə. Ölkə rəhbərliyinin də başı kreslo həşirinə qarışmışdı. Buna baxmayaraq, yurd sevgili insanlar torpaq uğrunda savaşa qalxdılar. Onlar cəsarətlə düşmən üstünə getdilər. Savaşa qalxanlar arasında qızlar da var idi.

Hazırda ehtiyatda olan bu zabit xanımlar - kapitan Aliyə Pirimova, baş leytenant Kəmalə Qəhrəmanova ilə söhbətdə qəribə hisslər keçirirdik. Həqiqətən də bu qızların daxili aləminə vardıqca heyrətlənməyə bilmirsən. Zərif varlıqlarında nəhayətsiz vətən sevgisi, torpaq məhəbbəti gəzdirən qızların bircə arzusu var - Azərbaycan bütövləşsin! İkisinə də bir sual verdik:

- Necə oldu müharibəyə getdiniz?

Öncə Kəmalə Qəhrəmanova söhbətə başladı:

- Mən Ağdamın Yusifcanlı kəndində dünyaya gəlmişəm. Sonradan valideynlərim Bakıda yaşasa da, özüm nənəm Dilşadın yanında qalmışdım. Ermənilərin qovğası başlananda orta məktəbdə oxuyurdum. 1991-ci ildə cəbhəyə gedəndə isə 18 yaşım vardı. Müharibə bizim kinolarda gördüyümüz, kitablarda oxuduğumuz kimi deyil. Çox dəhşətlidir! İlk "silahım" çömçə olub. Əvvəlcə mətbəxdə çalışdım. Sonra silah atmağı öyrəndim. Elə bir məqam yarandı ki, mən qız olduğumu unutdum. Əynimə geydiyim əsgər paltarı, sinəmə sıxdığım avtomat, ürəyimdə gəzdirdiyim vətən məhəbbəti məni ancaq bir sarı simin üstündə kökləmişdi - torpağımız uğrunda vuruşmaq, düşməndən qisas almaq, onların mənfur niyyətlərinə son qoymaq! Bilirsiniz, vətən uğrunda döyüşə atılanın qız, oğlan olduğu fərq etməz. Əsas odur ki, ilk növbədə azərbaycanlı və bu torpağın övladı olduğunu unutmasın! Məndən bir il sonra xalam qızı Aliyə Pirimova bizim dəstəyə gəldi. Bəllidir ki, onu da hansı hisslər döyüş meydanına gətirmişdi. Bizim bir rəfiqəmiz də var idi - Xanımzər Həsənova. Onu da ata-baba yurdundan - Ermənistan adlanan, əslində bizim torpaqlarımız olan vətənimizdən zorla qovmuşdular. İçində torpaq sevgisi və düşmənə nifrət vardı. O, vuruşanda mən heyrətlənirdim. Kənardan heç kəs ağlına gətirməzdi ki, bu qorxmaz, şücaətli, gözünü qırpmadan düşmən üstünə təpərlə gedən əsgər geyimli döyüşçü qız xeylağıdır. Doğrudan da vətən sevgisi bir bambaşqa məziyyətdir. Onun uğrunda savaşa qalxanda sadəcə övlad olursan.

Daxili zənginliyi və təvazökarlığı ilə seçilən Aliyə Pirimova da öz həmkarından geri qalmır. Dünəni ilə öyünməyən bu zərif qızcığazın bir kəlməsi bizi xeyli düşündürdü: "Axı burada nə var? Elə bir böyük iş görməmişik ki... Üstümüzə hücum çəkən düşmənə layiqli cavab vermək üçün biz də oğullarımızın sırasına qatıldıq. Biləsiniz ki, oğlanlarla bərabər döyüşə gedən qızlar çox olub. O zaman buna ehtiyac vardı. Amma biz ordudan 1999-cu ildə öz arzumuzla tərxis olunanda hiss etdik ki, artıq burada qalmaq hansısa bir döyüş təlimini dəqiq bilən əsl hərbçinin yerini tutmaqdır. Ordumuz güclənirdi, sıramıza yeni qüvvələr, xüsusilə də gənclər gəlirdi. Bu səbəbdən də biz döyüşməkdən geri çəkildik. Biz bir vaxt başsız bədən olaraq döyüşürdük. İndi isə qüdrətli Komandanımız var. O vaxt ulu öndər Heydər Əliyevin gəlişi bütün hərc-mərcliyə son qoydu".

Onlar döyüşə nə xoşbəxtlikdən, nə də bədbəxtlikdən getmişdilər. O zaman zərurətdən yaranmışdı bu vəziyyət. Qadının əslində bir şərəfli missiyası var. Hər ikisinin titrək səslə, bir az da kövrək və həyəcanla söylədiyi sözlərdə böyük bir həqiqət duyulurdu: "Əslində qadının missiyası tamam başqadı. Ana olmalı, övlad böyütməli, vətən, torpaq qeyrətli nəsil tərbiyə etməlidir. Seçdiyi sənətdə fərqlənməlidir. Amma bu, taleyin yazısı oldu ki, biz döyüşə qatılmaq məcburiyyətində qaldıq. Bu hökmü verən ürəyimiz, imzalayan isə zaman oldu. Torpağımızın işğalına dözə bilmirdik. Bu, elə bir hissdir ki! Onda heç adamın yadına öz varlığı düşmür".

Bu qarışıq zamanda Kəmalə yeganə qardaşı Heydəri itirdi. Aliyənin də qardaşı Faiq müharibədə ağır yaralanaraq əlil oldu. Onların itirmədikləri yalnız vətən məhəbbətidir. Ordudan qayıtdıqdan sonra döyüşsüz açılan səhərlərə, rahat şəhər həyatına alışmaq çətin olsa da, özlərini bərpa edə bildilər. Aliyə deyir ki, müharibə, səngər həyatı bizi çox dəyişmişdi. Təkcə zahiri görünüşümüzdə deyil, düşüncələrimizdə də öz izini qoymuşdu. Amma dirçəlməyi bacardıq.

Kəmalə Qəhrəmanova Bədən Tərbiyəsi İnstitutunu, Aliyə Pirimova isə "Odlar Yurdu" Universitetinin hüquq fakültəsini bitirdi. Hazırda Kəmalə Fövqəladə Hallar Nazirliyində xüsusi riskli xilasetmə xidmətində işləyir. O, həm də Azərbaycanın ilk xilasedici qadın vəzifəsini daşıyır. Maraqlıdır ki, o, bu işində də məhz xilasetmə və mühafizə ilə bağlı fəaliyyət göstərir. Aliyə isə kapitan rütbəsi ilə Sərhəd Qoşunlarının kadrlar şöbəsində çalışır.

Onlar müharibə zamanı dəfələrlə yaralanaraq hospitala düşüblər. Kəmalə söyləyir ki, hələ də bədənimdə mərmi parçası gəzdirirəm. Tez-tez məni incidərək müharibəni yada salır. Elə Aliyə də mənim günümdədir. Biz Qarabağda Fərrux yüsəkliyi uğrunda gedən ağır döyüşdə yaralanmışdıq.

Onların döyüş yolu Ağdamdan başlayıb. Əsgəranda, Ağdərədə ermənilərlə vuruşan bu qızların dilindən qopan titrək bir ifadə o qədər təsirli idi ki, bizi də kövrəltdi: "Vətənimizi çox sevək. Onun düzünü də, dərəsini də, dağını da, göyərçinini də, hətta... Bizim vətəndən heç harada yoxdur. Biz bir vaxt cəbhəyə ona görə getmişdik ki, buna ehtiyac vardı. Bu gün isə, Allaha şükür, Azərbaycanın güclü dövləti və ordusu var. Döyüşün ilk günlərində bizim belə qüdrətimiz olsaydı, heç vaxt uduzmazdıq. Amma müharibədir. Udan və uduzan tərəflər mütləq olur. Təki innən belə qələbələr bizim olsun!"

Sabahın qələbə səltənətinə öz imzalarını atan qızlar da döşündən süd əmdikləri Azərbaycanın aslan qeyrətli övladlarıdır. Onlar həqiqətən də vətən qayasında mamırlaşan oğulların sırasında öz adlarını ləyaqətlə yazan zərif varlıqlardır!

Hər bir dahini, sərkərdəni, qəhrəmanı, vətənpərvəri dünyaya ana gətirir. Bu xanımlar da vətən övladı kimi öz borclarını ləyaqətlə qaytara bildilər. İndi qalır əsl vəzifə - isti ocaq, ailə, övlad sevgisi. Tanrı bu səadəti də sizlərə qismət etsin, yurdumuzun Həcər qeyrətli qızları!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-8 mart.- S. 5.