Gəncəni güllə bəzəyən
Nazlı
Gülləri hamı sevir, əzizləyir. Nazlı xanım isə gülləri duyur, güllərin dilini bilir. Hər kəs ya bir dibçəkdə gül bəsləyir, uzaqbaşı yığcam həyətdə nəsə əkir. Nazlı xanım isə bütün Gəncəni bəzəyir.
Gəncənin küçə və meydanlarında, bağ və xiyabanlarında, harda bir gül-çiçək görsəniz, bilin ki, Nazlı xanımın zəhmətinin bəhrəsidir. Nazlı Bağırova 35 ildir ki, Gəncə Yaşıllaşdırma İdarəsinin gülçülük sahəsində çalışır. İnşaat Texnikumunda gülçülük şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əslən Bağmanlıdır. Yaşıllıqlar qoynunda böyüyüb. Özü deyir ki, lap körpəlikdən gülə-çiçəyə meyili, marağı o qədər çox olub ki, harada bir gözəl gül görürdüsə, xəlvətcə onu qoparırmış. Buna görə neçə dəfə danlanıb, cəzalanıb, di gəl ki gül-çiçəyə olan həvəsi ildən-ilə daha da artıb.
Əvvəllər işə gələndə çoxu inanmırdı ki, bu zərif qız tozun-torpağın içində bənd alıb qalsın. Nazlı qaldı, işlədi özü də ürəklə, həvəslə işlədi. Aradan bir neçə il keçəndən sonra gülçülük sahəsinin rəisi oldu. Əslində ona indi də rəis demək çətindir. Səhərdən axşama kimi istixanada, şitillikdə çalışır. Əkir, becərir, hər gülün, hər çiçəyin nazını çəkir. Vaxt olub ölkənin ən müxtəlif gülçülük sərgilərində iştirak edib. 1988-ci ildə Moskvada Ümumittifaq sərgisində bürünc medal alıb.
Nazlı xanım təkcə gül-çiçək bəsləməklə kifayətlənmir. Müxtəlif düzümlər, lövhələr yaradır. Torpaq üzərində əlvan güllərlə Gəncənin gerbini düzəldir, yaxud təqvim lövhəsini hazırlayır.
Onun xidmət etdiyi sahədə 80-nə yaxın gül növü becərilir, 15-dən artıq ağac növü yetişdirilir.
Ən çox sevdiyi gül-çiçəyi soruşduq. Hərəsi haqqında o qədər xoş söz dedi ki, fərqləndirə bilmədik. "Kanna gülü xüsusilə əzizdir - dedi, -yalnız Gəncədə yetişir. Başqa yerdə onu tapmaq çətindir. May ayından başlayaraq noyabra kimi gül verir. Ömrü bir ildir. Türk qərənfilindən isə 5-6 il məhsul götürmək mümkündür. Gülün özü gözəldir, bu bir yana, ətrafda isə yaşıllıq zolağı yaradır. Kalendulanın gözəllikdən başqa müalicə xarakteri var, öskürəyin dərmanıdır". Gül-çiçəyə aid müdrik sözlər, rəvayətlər də söylədi: "yaşıllıq böyük olan yerdə - məzarlıq kiçik olur. Heyif ki, biz gül-çiçəyə qədərincə qiymət vermirik. Hamı gül-çiçəyi sevir. Amma heç kəs bu təsərrüfatın qorunub saxlanılmasına, inkişaf etdirilməsinə kömək göstərmir. 35 il əvvəl işə mən bura gələndə bu yerlər necə idisə, elə də qalır. Əksinə, hələ bir az da dağılıb gedir".
Gülçülük təsərrüfatına baxırıq. Primitiv, sınıq-salxaq, zığ-palçıq içində. Şərait o qədər yarıtmaz, güllər isə o qədər təzə tərdir ki, məşhur hind kinosunun adı yada düşür: "Toz içində çiçək". Həqiqətən də Nazlı Bağırova tozun-palçığın içində gül-çiçək yetişdirir. O, əsl fanatikdir! Hətta bu cür primitiv şəraitdə olmasa belə, yenə sənətindən əl çəkəsi deyil. Təsərrüfat əvvəllər geniş, çox geniş sahəni əhatə edirdi. İndi azala-azala təxminən 7 hektarı qalır. Nazlı işə başlayandan bəri yaşıllaşdırma trestində təqribən 10 nəfərə yaxın müdir dəyişib. Hər gələn də işləri sahmanlamaq əvəzinə, torpaq satmaq haqqında düşünüb. Mən bir neçə kəskin mübahisənin şahidiyəm. Nazlı Bağırova olmasaydı, bəlkə də bu müəssisənin izi-tozu qalmazdı.
Çox ağıllı mülahizələri var. Son vaxtlarda xaricdən kütləvi surətdə ağacların gətirilməsindən söz düşdü.
- Düzü mən bunun əleyhinəyəm, - dedi. - Od qiymətinə hər hansı bir ağacı gətirirlər. Bir-iki il dözür, sonra da tədricən sıradan çıxır. Biz yerli şəraitə uyğun ağac və gül kolları yetirməliyik. Azərbaycan kimi günəşli bir ölkə niyə xaricə möhtac olsun? Belə getsə, yerli ağaclar tam sıradan çıxacaq. Gərək biz elə sortlar yetişdirək ki, özümüz xaricə sata bilək. Gördüyünüz bu balaca sahədə hər il təqribən 100 min şitil yetişdiririk. Halbuki 1 milyona çatdıra bilərik. Ekologiyadan bu qədər danışırıq. Amma bu boyda şəhərdə bir nəbatat bağını yarada bilmirik. Qoy gəlib baxsınlar, öyrənsinlər, yaşıllığa, gözəlliyə alışsınlar.
Nazlı xanım danışdıqca hiss edirsən ki, qayğısızlıqdan, biganəlikdən çox narahatdır. Niyə də olmasın? Hər yerdə abadlığın, quruculuq işlərinin belə geniş miqyas aldığı bir dövrdə nə üçün onları öz bağımızdan olan ağaclarla, gül-çiçəklə bəzəməyək?
Nazlı xanımı 8 Mart bayramı münasibətilə təbrik etmək istədik:
- Özünüz ən zərif gül-çiçəyin içindəsiniz. Bəs, sizə hədiyyəmiz nə olsun?
- Elə sizin bu işlərlə maraqlanmağınız mənim üçün ən böyük hədiyyədir, - dedi.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.-8 mart.- S. 5.