Görüşə körpə gəlib...

 

Şərqin müdrik kəlamlarından birində deyilir ki, dünyada ən müqəddəs səs bizi böyüdən, ərsəyə gətirən anaların səsidir. Büllurluğuna, duruluğuna, aydınlığına görə ən təmiz səs isə suyun səsidir. Ömür çərçivəmizdə yaddaşımızı təzələyən nə qədər səsin, zəngulənin, xoş avazın hənirinə sığınmışıq, doyumsuz nəğmələrin ovqatında yaşamışıq. Amma bizi böyüdən, ərsəyə gətirən anaların səsini yaddaşımızın ən dərin əmanəti, saxlancı kimi qorumuşuq.

O səsin kövrəlməsi, titrəməsi, zədələnməsi, bir az da öləziməsi kimin günahıdır, İlahi?! Bu çətin sorğuya cavab aramaq, azadlıqdan məhrum olan anaların (məhkum deyə bilmədik!) cəza çəkdikləri ünvanda - Bakıdakı 4 saylı müəssisədə olduq. Sən demə, bu yerlərdə dünyanın zərif bəndləri ilmə-ilmə qırılır, həyatın sərt üzü başlayır. Əməlinə görə hətta doğmalar da bir-birindən üz döndərir, övlad anasına, qız balasına güzəştdən imtina edir. Bəzən oxşar hadisələr, bənzər faciələr o qədər üst-üstə düşür ki, elə bil bütün cinayətləri eyni adam törədib. Amma məhbus qadınların səmimi etiraflarını, çəkdikləri mənəvi əzabları dinlədikcə çox mətləblərə aydınlıq gəlir. İki il azadlıqdan məhrum olan Esmira Məmmədovanın dedikləri:

- İki yaşımdan uşaq evində böyümüşəm. Ən böyük bədbəxtliyim ana laylasına möhtac olmağımdır. Bəlkə də o səsin həniri ilə, istisi ilə böyüsəydim, yaşıdlarım kimi mən də xoşbəxt olardım. 15 yaşımdan sonra məhəllə uşaqlarının biri ilə ailə qurdum. Tez də ayrıldıq. Sonra düşdüyüm mühit dəyişdi. Narkotik maddələr qəbul etməyə başladım. Axırı da belə... Dünyaya bir qız uşağı gətirdim. Amma illərlə üzünü görmürəm. Yəqin ki, məndən imtina edib...

Biz bəzən ətrafımızda tüğyan edən belə həyat macəralarından - səhvlərdən, qüsurlardan, qəbahətlərdən utana-utana, astadan və pıçıltı ilə danışırıq. Ona görə də öz səsimiz nəinki cəmiyyətdə, heç ən yaxın əhatəmizdə də qədərincə eşidilmir. Esmiranın dediyi kimi:

- Dəfələrlə bacılarıma üz tutdum, onlardan kömək istədim. Məndən böyüklərin heç biri köməyimə çatmaq, mənə əl tutmaq istəmədilər. Bununla öz günahlarımı onların üstünə atmaq istəmirəm. Amma sonuncu ümid, güman yeri kimi üz tutduğum adamlardan sərtlik və biganəlik görmüşəm.

Biganəlik! Bu da cəmiyyətin bir bəlasıdır. Bəlkə də belə ağrıları, bəlaları islah etməyə, doğru yol göstərməyə az cəhd edənlər ən sərfəli vasitə kimi laqeyd olmağa meyil edir. Amma bu yolun bir ucunda insan həyatı üçün sonuncu uçurum dayanır. Bizim hər birimiz təmənnasız kömək etmək cəhdimizdən axıradək faydalanmırıq. Sonra gec olur, özü də çox gec!..

Biz çox da uzaqlarda yox - elə öz içimizdə əxlaqi sərvətlərin, mənəvi dəyərlərin tələfatını açıq-aydın hiss edir, humanist prinsiplərin gen-bol itkisi ilə üz-üzə qalırıq. Onda həyatın çətin üzü - azadlıqdan kənarda yaşanan məhbus ömrü başlanır. Elə Xatirə Almədətova da öz həyatının təzadlı çağlarından bəzi fraqmentləri həyəcanla danışır:

- Cəmi 20 yaşım var. Bakıda doğulmuşam. Ailədə beş uşaq olmuşuq. Sonbeşiyi mənəm. Hələ 16 yaşım olanda məni ən təhlükəli alverə cəlb etdilər - insan alverinə! Bizi Türkiyəyə, Moskvaya guya iş adamı kimi göndərirdilər. Amma əslində bizim əyləncəyə çevrilməyimiz kimlərinsə qazancını artırırdı. Gec də olsa anlayıram ki, məni ən iyrənc yola təhrik etdilər...

Mütəxəssislərin təhlil və araşdırmaları sübut edir ki, cinayət yolunun bir cığırı da şirnikləndirici və aldadıcı vədlərdən başlayır. Amma bu da heç kəsə haqq və bəraət vermir ki, özünü törətdiyi cinayətlərin məsuliyyətindən uzaqlaşdırsın. Və yalnız təhrikçini günahlandırsın. Əgər bir ana dünyaya övlad gətirib onun taleyini ağır zərbələrin məngənəsində zədələyirsə, onda günahlardan imtinaya zərrə qədər də güman qalmır.

...Cəzaçəkmə müəssisəsinin qapısında 2 yaşlı qızcığaz məhkum anasının görüşünə gəlmişdi. Hələ təzə-təzə dil açırdı. Anası Nailə Qurşumova nə az, nə çox - altı il cəza çəkməlidir. Bu günahsız körpə nənəsinin ümidinə böyüyür. Hələ anlamır ki, onu bu qapıya nədən ötrü gətiriblər. Amma vaxt-vədə gələcək, illər ötəcək bu qızcığaz üçün hər şey bəlli olacaq - anasının cinayətləri də, nənəsinin mərhəməti də! Bu gün şıltaqlığına görə ağlayan körpə onda taleyinə görə kimlərdənsə cavabdehlik, məsuliyyət tələb edəcək. Bu həyat mühakiməsində hər şey bəlli olacaq: Ananın günahları da, övladın mənəvi əzabları da!..

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2011.-8 mart.- S. 6.