Əsgər anası

 

Onu hamı belə çağırırdı. Sıravi əsgərdən tutmuş, zabitə, komandirəcən. Həlim səsi, mehriban üzü, qayğı dolu baxışları və bir də şəfalı əlləri ilə hər kəsin köməyinə çatmağa tələsirdi...

Erməni işğalçıları torpaqlarımıza hücum edəndə Bakıda rahatlıq tapa bilmirdi. Fikri-zikri döyüş bölgələrində, ön xətdəki əsgərlərimizin yanında idi. Onlara həyan olmaq, yaralananlara ilk tibbi yardım göstərmək arzusu Elmira ananın yuxularını ərşə çəkirdi. Və günlərin birində...

Müharibə illərində hamının əsgər anası çağırdığı Elmira Rəsulova yetmiş il əvvəl Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində təhsil alıb. Ailə qurandan bir müddət sonra Gənc Tamaşaçılar Teatrında işə düzəlib. Teatr mühiti, tanınmış qələm sahibləri və səhnə ustaları ilə ünsiyyət Elmira xanımın həyatında, dünyagörüşündə silinməz izlər buraxıb.

Elmira Rəsulovanın atası Səttar kişi İkinci Dünya müharibəsi illərində hərbi müstəntiq işləyib. Doxsan yaşını qeyd etməyə hazırlaşan anası Zəhra xanım alman faşistlərinə qarşı müharibənin qaynar vaxtlarında hərbi hospitalda şəfqət bacısı kimi çalışıb.

...Qanlı Yanvar hadisələri zamanı Elmira xanım yaralanıb hospitalda və xəstəxanalarda yatanların köməyinə tələsib. Gecə-gündüz onların başının üstündən əskik olmayıb.

Erməni işğalçılarına qarşı şiddətli döyüşlər gedən zaman könüllü olaraq cəbhəyə yollananların sayı artırdı. Mərkəzi hərbi hospitala da hər gün ağır yaralılar gətirirdilər. O vaxt Elmira xanım cərrahiyyə şöbəsində kiçik tibb bacısı idi. Bir gün Ağdam rayonundan olan yaralının həyatını xilas etmək mümkün olmadı. İgid döyüşçünü dəfn etmək üçün doğulduğu kəndə aparanları müşayiət etmək Elmira xanıma tapşırıldı. Elə o vaxtdan Elmira Rəsulovanın "əsgər anası həyatı" başlandı...

Elmira ana Ağdamın Qaradağlı kəndindəki səyyar hospitalın cərrahiyyə şöbəsində kiçik tibb bacısı kimi fəaliyyətini davam etdirdi. Mahrızlıda, Zəngişalıda yaralılarımızın dadına çatdı. Zəngişalıda düşmənlə üzbəüzdəki postumuza qədər gedib çıxdı. Zirəddin həkimlə güllə, mərmi yağışları altında yaralılarımıza ilk tibbi yardım göstərirdi.

Qırx günlük ağır döyüşlərdən sonra Qaradağlıdakı səyyar hospital Sarıcalıya köçdü. Burada da Elmira ana yaralı döyüşçülərimizin tez sağalması üçün gecə-gündüz onların qulluğunda durdu. Hər dəfə sağalıb cəbhəyə dönən döyüşçüləri xeyir-duası ilə yola salanda elə bil dünyanı Elmira xanıma bağışlayırdılar.

Vətən qarşısındakı xidmətlərinə görə Elmira Rəsulova 1994-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə, 1995-ci ildə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Böyük qürur və iftixar hissi ilə bildirir ki, hər iki mükafatı ona şəxsən ulu öndər Heydər Əliyev təqdim edib.

Elmira ananın oğlu Dadaş Hümbətov ordumuzun zabiti, hərbi təyyarəçidir. Nəvəsi Şahin də atasının yolunu seçib, ötən il Aviasiya Akademiyasına daxil olub.

Elmira ana Silahlı Qüvvələrimizin bugünkü qüdrətindən qürur duyur, inanır ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz hər bir tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Elmira xanım müharibəyə nifrət edir, istəmir bir də insan qanı axıdılsın, yurdlar xarabalığa dönsün. Ancaq qətiyyətlə deyir ki, düşmən torpaqlarımızdan çəkilib getməsə, bu ağbirçək yaşında lazım gələrsə yenidən hərbi libasını geyməyə, hazırda Sarıcalı hospitalında çalışan keçmiş döyüş yoldaşları Tünzalə, Xalidə, Rübabə və Tamilla ilə çiyin-çiyinə torpaqlarımızın azadlığı uğrunda savaşlara qatılmağa hazırdır. Ömrün mənasını bunda - vətənə xidmətdə görür Elmira ana.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 6.