Adın şərəflidir sənin, ey qadın!..

 

Deyirlər qadını azad olmayan cəmiyyət inkişaf edib irəli gedə bilməz. Qadınına, uşağına, qocasına hörmət qoyulmayan hər bir cəmiyyət, ictimai-siyasi quruluş gec-tez dağılmalıdır.

Tarixən anaya, uşağa, qocaya xüsusi münasibətilə seçilən Azərbaycanda ikinci dəfə müstəqillik qazanıldıqdan sonra bu vacib məsələyə xüsusi həssaslıq nümayiş etdirilərək bir-birindən əhəmiyyətli qərarlar və qanunlar qəbul olundu. Qadın hüquq və azadlıqları əsas qanunumuzda - Konstitusiyamızda da ayrıca qeyd edildi. Konstitusiyanın 25-ci maddəsində hamının, eləcə də bütün qadın və kişilərin qanun və məhkəmə qarşısında bərabərliyi, onların eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit olunmuşdur. Həmin maddənin üçüncü hissəsi hər kəsin cinsindən asılı olmayaraq hüquq və azadlıqlarına təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətinə görə məhdudlaşdırılmasını da qadağan edir.

Konstitusiyanın 35-ci maddəsinə əsasən hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Qadınların və 16 yaşa qədər uşaqları olan anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə "Əmək Məcəlləsində", "Məzuniyyətlər haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" və "Əhalinin məşğulluğu haqqında" qanunlarda da öz əksini tapmışdır.

Qadın siyasətinin yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə respublikamız bir sıra beynəlxalq sazişlərə qoşulmuş, bu sahədə qanunvericilik aktlarını təkmilləşdirmək imkanı əldə etmişdir. Bu mənada BMT-nin "Qadınların siyasi hüquqları" üzrə 1952-ci il, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-cu il, "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli konvensiyalara qoşulmuş, eləcə də "Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv olunması haqqında" 1985-ci il tarixli yeni konvensiyaya imza atmışdır.

Qadınlarımız müxtəlf beynəlxalq tədbirlərdə də fəal iştirak edirlər. Belə ki, Azərbaycan nümayəndə heyəti 1995-ci ildə qadınların IV Ümumdünya konfransında iştirak etmişdir. 2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir.

Azərbaycan 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2002-ci ildə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulmuşdur.

1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə böyük irəliləyiş idi. Azərbaycan Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilərək daha konkret və daha böyük sferanı əhatə edən Ailə, Qadın və Uşaq Problemıəri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. 2006-cı ildə, eyni zamanda, ölkə Prezidentinin təşəbbüsü ilə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanun da qəbul olunmuşdur. Qanun kişi və qadınların ictimai, siyasi, mədəni və sosial sahələrdə hüquq bərabərliyini nəzərdə tutur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanda qadın hərəkatının inkişafında xüsusi xidmətləri vardır. 2008-ci ildə onun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə həyata keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu dediklərimizə əyani sübutdur. 2008-ci ildə Azərbaycan qadınlarının III qurultayının keçirilməsi də cəmiyyətimizdə qadına olan hörmətdən xəbər verir.

Cənnəti uzaqlarda axtarmayın, çünki o, həmişə olduğu kimi, yenə anaların ayaqları altındadır. Bunu hamının bilməsi mütləq lazımdır. Görünən dağa bələdçi lazım olmadığı kimi, yazılmış həqiqətləri bir də yoxlamağa, saf-çürük etməyə nə hacət? Qalır il boyu çatdırıb onlara - analarımıza, xanımlarımıza, qızlarımıza etmədiklərimizi heç olmasa bu gün etməyə, demədiklərimizi, çoxdan deməyi unutduqlarımızı bu gün - 8 Mart günü deməyi bacaraq: Biz həyatınızı işıqlandıracaq, sizləri sevindirəcək bütün problemləri həll edə bilmədik, amma əmin olun - həll edəcəyik! Oğullarınızı qoruya bilmədik, şəhid oldular - qisasını, intiqamını alacağıq! Torpaqlarınız, şəhərləriniz, kəndləriniz hələ də əsarətdədir, neçə illərdir gedib görə bilmirsiniz, qəbirlərinizə baş çəkə bilmirsiniz - qəti söz veririk: Gedəcəksiniz, görəcəksiniz!

Bunu həm də, əziz xanımlar, bir bayram təbriki kimi qəbul etmənizi xahiş edərdim.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 6.