Onu zəhmət ucaldıb

 

Xalqımız gözəllik , zəriflik, ülvülük rəmzi olan qadının adını həmişə uca tutub. Azərbaycan qadını da bütün dövrlərdə öz iradəsi, zəkası və istedadı ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib və indi də göstərir. Odur ki, tariximizin, mədəniyyətimizin və mənəviyyatımızın neçə-neçə şanlı səhifəsi onun adı ilə bağlıdır.

Sumqayıta şəhər statusu ötən əsrin 40-cı illərində verilib. 63 illik yol keçən bu şəhərin qadınlarının da böyük rolu olub. Sumqayıta 1949-cu ildə gələnlərdən biri, əmək fəaliyyətinə 1 saylı tikinti trestinin 16-cı təmir idarəsində rəngsaz kimi başlayan Gülbahar Vəliyeva o illəri belə xatırlayır: - O zaman Sumqayıtda həyat o qədər qaynayırdı ki, adam bu yüksəlişdən geri qalmamaq üçün gecə-gündüz çalışmaq istəyirdi. Bu şəhər mənim nəzərimdə əsl hünər meydanı idi. Onun elə bir ərazisi yox idi ki, orada iş getməsin. İnsanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Hər kəs nədəsə özünü göstərməyə çalışırdı.

Gənclər təşkilatının üzvü olan Gülbahar ictimai işlərdə də yaxından iştirak edir, keçirilən tədbirlərdə fəallıq göstərirdi. İşdən sonra həmyaşıdlarını bir yerə yığar, görkəmli ədiblərin əsərlərini onlara oxuyardı. Səməd Vurğun, Süleyman Rüstəm, Mirzə İbrahimov və digərlərinin əsərlərini mütaliə etməkdən yorulmazdı. Rəfiqələri onu "mənəvi ana" deyə çağırırdılar.

Qızların çoxu yazıb-oxumağı bacarsa da, bədii əsərlərin çoxunun yalnız adını eşitmişdilər. Təzə eşitdikləri şeirlər, hekayələr onlara yeni stimul verirdi. Odur ki, belə tədbirlərdə iştirak edən qızların sayı get-gedə artırdı.

Gülbahar xanım deyir ki, 1954-cü ilə qədər Sumqayıtda 8 mart o qədər də təmtaraqlı keçirilmirdi. Buna səbəb şəhərə işləmək üçün axışanların yaşayış yerlərinin təminatındakı çətinliklərlə bağlı idi. Diqqət onların yerləşdirilməsinə yönəldiyi üçün bir çox bayramlar arzu olunan səviyədə keçirilmirdi.

İllər keçdikcə şərait yaxşılaşdı, vəziyyət düzəldi. İlk dəfə 1954-cü ildə Sumqayıt rəhbərliyinin yerləşdiyi binada keçirilən 8 marta həsr olunmuş iclasda Gülbahara da söz verildi. Gülbahar azərbaycanlı qadınların həyatından, onların arzularından söhbət açdı. Həmin iclasda birinci fəxri fərman da Gülbahara verildi.

Gülbahar Vəliyevanın əməyi sonrakı dövrlərdə də yüksək qiymətləndirilib. Sumqayıtın 55 illiyi qeyd olunanda "Şöhrət" ordeni ilə təltif olunub.

İmamverdi Vəliyevlə ailə quran Gülbahar xanımın 5 övladı - 4 oğlu və bir qızı var. Onların hər biri ailə başçısıdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 6.