Xalq yazıçısı İsmayıl Şıxlının xatirə barelyefi açılmışdır

 

Martın 7-də xalq yazıçısı İsmayıl Şıxlının uzun illər yaşadığı Üzeyir Hacıbəyli küçəsindəki 27 nömrəli binanın qarşısında onun xatirə barelyefinin açılış mərasimi keçirilmişdir.

Respublikamızın elm, mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin iştirak etdikləri mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq unudulmaz sənətkarın həyat və yaradıcılığı barədə məlumat vermiş, dövlətimizin başçısı İlham Əliyevin söz adamlarına qayğısından danışmış, İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatının və əxlaqının bel sütunlarından biri olduğunu bildirmişdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ustad qələm sahibinin ədəbiyyatımıza əvəzsiz töhfələr verdiyini, xüsusilə "Dəli Kür" romanının bugünədək dillər əzbəri olduğunu diqqətə çatdırmışdır. Həmçinin onun görkəmli yazıçılıqdan əlavə, müharibənin od-alovundan keçmiş cəsur zabit olmasından, daim xalqın haqq sözünü deməyi bacaran deputatlıq fəaliyyətindən danışmışdır.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov İ.Şıxlının "Cəbhə gündəlikləri"ndən tutmuş "Mənim ölən dünyam" əsərinə qədər böyük yaradıcılıq yolu keçdiyini xatırlatmış, görkəmli yazıçının ədəbiyyatsevərlərin qəlbində əbədilik ünvanı qazanmasından söhbət açmışdır.

Akademik Teymur Bünyadov, ədibin "Ölüləri qəbiristanlıqda dəfn edin" əsərinə səhnə həyatı verən rejissor Rövşən Almuradov dəyərli əsərlər yaratmış yazıçının şəxsiyyətinin böyüklüyündən bəhs etmişlər.

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə isə vaxtilə görkəmli sənətkarla bir kollektivdə işləməsindən qürur duyduğunu demiş və onun pedaqoji fəaliyyətini diqqətə çatdırmışdır.

Yazıçının oğlu, tanınmış jurnalist Elçin Şıxlı atasının xatirəsini əbədiləşdirmək məqsədilə imzaladığı sərəncama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, həmçinin mərasim iştirakçılarına təşəkkür etmişdir.

Sonda heykəltəraş Natiq Əliyevin hazırladığı xatirə barelyefinin üzərindən ağ örtük götürülmüşdür.

 

 

Azərbaycan.- 2011.-8 mart.- S. 7.