Yel gəldi, il gəldi

 

Üzü Novruza sarı

 

Novruzun gözəl çərşənbələrindən üçüncüsü martın 8-də yurdumuza qədəm qoyur. Xalq arasında ona Yel çərşənbəsi, Külək çərşənbəsi, Hava çərşənbəsi, Yelli çərşənbə, Küləkoyadan çərşənbə deyirlər. Beləcə, Boz ayın müqəddəs çərşənbələrindən sayılan təbiətin ünsürləri ilə bağlı olan Sudan içdik, Oddan keçdik, indi Küləyin həzin mehinə bələnirik.

Qədim etiqadlara görə, bu çərşənbə axşamında oyanan külək ərzi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin , küləyin ahəngində bir hərarət olur. Gün ərzində havanın bir neçə dəfə dəyişməsi küləyin təmizlənməsi kimi başa düşülür. Hər bir çərşənbənin öz adı, öz mənası, öz yozumu var. Folklor nümunələrində, xüsusilə dastanlarımızda, eləcə əski etiqadlarda Yer üzündə küləyin iki rəngi göstərilir: qara . Hətta deyimlərdə belə bir ifadə var ki, hansı qarğışdan, xoşa gəlməyən ifadədən narazılıq yaranarsa, nənələr tez deyərdi: "Ağzından qara yellər aparsın". Yaxud da elə, obaya, ailəyə, nəslə xeyir-dua verəndə söyləyərdilər: "Üstünüzə yellər əssin". Xəzərətrafı, xüsusilə Abşeron bölgəsində küləyin başqa adları var: Xəzri Gilavar. Əski inamlara görə, qara külək siyah, külək bəyaz, xəzri göy, gilavar isə qırmızı libasda təsvir edilir. Bu rənglərin mifik mənaları var. Deyilənə görə, çərşənbə bayramında yurdumuzda dolaşan külək məhz bu dördlüyün rəngindən özünə pay alır qısa müddətdə aləmi gəzir. Ona görə hava təbdən-təbə, rəngdən-rəngə düşür.

İlaxır çərşənbəsinin məhz üçüncüsünün Küləklə bağlanması qədim zamanlardan mövcuddur. Şifahi xalq yaradıcılığında Yelin müqəddəsliyi, ucalığı, qüdrəti ilə bağlı müxtəlif nəğmə, mif, əfsanə, inanc, atalar sözü, bayatılar, tapmacalar var.

İnsanın oda, suya, küləyə, torpağa ehtiyacı yalnız Novruz günlərində baş qaldırmır. Sadəcə, Novruz şənliklərində bu ünsürlərin adı ilə bağlı İlaxır çərşənbələrinin məhəbbətlə, təntənə ilə qeyd edilməsi etiqadla bağlıdır. Qəribədir, müdrik fikirlər elə məntiqi əsasa söykənib ki, hər oxuduqca sənə yeni gəlir düşünürsən. Məsələn, "Yel qayadan aparar", "Yelnən gələn, selnən gedər", "Yel apardığını qaytarmaz", "Yelin işini bilmək olmaz", "Külək kimi hərdən bir yana əsmə" ifadələri tarixin sınağından çıxıb. Bayatı ağılarda da küləklə bağlı yaddaqalan, dillər əzbəri olan, hətta mahnıya, nəğməyə çevrilən folklor nümunələri çoxdur:

 

Yel əssin yelə dəysin,

Meh əssin telə dəysin.

Tək əldən çıxar,

Əl gərək ələ dəysin.

 

* * *

 

Xırmanda şana qaldı,

Yel əsdi şana qaldı.

Xırmana bir qız gəldi,

Saçı nişana qaldı.

 

Bilməcələrdə xalqın təfəkkürü, idrak, düşüncə tərzi özünü büruzə verir. Ümumiyyətlə, tapmacalara adi uydurma, oyun kimi baxmaq düz geyil. Hər bir tapmacada dövrün ovqatı, həm öyrətmək, öyrənmək meyili güclüdür: "Əl ilə tutmaq olmaz, göz ilə görmək olmaz" (Külək).

 

Hər yan ələk-vələkdir,

İşi tamam kələkdir.

Dəyirmana can verər,

Xırmana da gərəkdir (Külək).

 

* * *

 

Üç qardaşım var,

Biri suluyur,

Biri üfürür.

Biri bitirir (Yağış, Yel, Günəş).

Xalq hələ qədim dövrlərdən küləyə Allahın qüdrəti kimi baxmış, ona mehr məhəbbət göstərmişdir. Hətta bu barədə dini ədəbiyyatlarda da müəyyən məlumatlar var. Qurani-Kərimdə küləyin Allah tərəfindən göndərildiyi onun mərhəmətli, qəzəbli xüsusiyyətlərə malik olduğu qeyd edilir. Nənələr həmişə söyləyib: "Yel əsdirəni söyləməzlər", "Yelin adına nəzir deyərlər".

İnanclara görə, Yel çərşənbəsi axşamı ağac altında durub niyyət edərlər Yel babanı köməyə çağırarlar. Əgər həmin anda meh hiss etsən ağacın budaqları torpağa toxunsa, deməli, arzun yerinə yetəcək. Tanrı diləyini eşidib. Qədim zamanlarda xırmanın mövcud olduğu vaxtlarda Yellə bağlı yaranmış ən çox inanclar taxılla, çörəklə xırmanla bağlı olardı. Hətta bəzi yerlərdə Küləyi tərənnüm edərək onun şəninə ağız-ağıza verərək nəğmə oxuyarmışlar. Buna el arasında "Yel baba" mərasimi deyərdilər:

 

Ay Yel baba, Yel baba,

Tez gəl baba, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən yığılıb dağ olsun,

Yel babamız sağ olsun.

 

Küləklə əlaqədar müxtəlif miflər mərasimlər mövcuddur. Deyilənə görə, Novruz bayramının obrazlarından biri olan Fatı qarı yeddi rəngli ip əyirib hərəsini bir bağlamaya yığaraq dizinin altına qoyubmuş. Birdən necə olursa, axırıncı bağlama qarının dizinin altından çıxıb kənara düşür. Qəzəblənən Fatı qarı Yelə qarğış edir: "Azarım-bezarım dəymiş Yel baba, hardan gəlib çıxdı axı?" Bu deyinməkdən sonra qarının o biri bağlamaları da diyirlənməyə başlayır. Fatı qarı buna dözməyərək qarğışı-qarğışa calayır onun bu gileyləri, söyüşləri öz başına bəla gətirir. Yel baba qarının iplərini qanadlarına alaraq üfüqlərə qədər aparır. Deyilənə görə, o vaxtdan Fatı qarının ipləri yeddirəngli qurşağa dönərək göydə parıldayır. Qarı da qədər edirsə, Yel babanı vura bilir, ipləri tutur. Odur ki, gur yağışdan sonra üfüqdə görünən yeddirəngli qurşağa el arasında "Fatı qarının hanası" da deyirlər. Sonralar Fatı qarı üzünü göyə tutaraq qədər nəğmə oxusa da, Yel baba onu eşitmədi:

 

Yelli babam,

Yel babam.

Telli babam,

Tel babam,

Gül babam.

Dərdimi gəl bil babam,

Gəl babam, ay gəl, babam.

 

Artıq hər şey gec oldu. Qarının aşı təknədə, başı çiynində qaldı. Ona görə atalar deyib ki, küləkdən aman dilə, küləyə qarğış elə. Bəlkə elə buna görə ataların hikmətli sözlərini həmişə yada salmaq lazımdır: "Yel aparan yelinki, yerdə qalan mənimki", "Yel əsəndə yellənər, yol görəndə yollanar", "Yel üfürdü, su töküldü", "Yel apardığını qaytarmaz", "Yelə qoşulan uzağa getməz".

Beləcə, Boz ayın müqəddəs çərşənbələrindən sayılan təbiətin nemətləri ilə bağlı olan Sudan içdik, Oddan keçdik, Küləyin həzin mehinə bələndik. Qarşıdan isə müqəddəs Torpaq çərşənbəsi gəlir. İllərlə əl-ələ verərək bu əziz günlərin şərəfinə oxumuşuq: "Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi. Təzə ömür, təzə məhsul, il gəldi". Deyirlər ki, Çərşənbə axşamı Tanrı ancaq xoş sözləri eşidir. Həm başqaları üçün edilən diləklər Allaha xoş gedir. Mərhəmətli Tanrıdan torpağımıza, el-obamıza firavanlıq diləyək. Bayram tonqallarına həsrət qalmış yurd yerlərimizə bir yaz axşamında Novruz ellikcə qədəm qoya bilsin. Qoy o dağlarda, bizə həsrət qalan yurd yerlərində bayram küləkləri əssin, il təzələnsin! Amin!

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-8 mart.- S. 8.