Prezident İlham Əliyevin yekun
nitqi
- Bugünkü iclasın əminəm ki, çox böyük əhəmiyyəti olacaqdır. Çünki bu iclasda nəinki şəhərdə və qəsəbələrdə görülmüş işlər müzakirə edildi, eyni zamanda, ən əsası ondan ibarətdir ki, gələcək addımlarımız bu yaxınlarda müəyyən olunacaqdır.
Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm Bakının qəsəbələrində hansı problemlər öz həllini gözləyir. Sadəcə olaraq hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün, bir də demək istəyirəm, xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu proqramda öz həllini tapacaqdır.
Bundan başqa, proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır. Hər bir qəsəbə üzrə proqramda xüsusi bəndlər olacaqdır. Hər qəsəbə üzrə kompleks yanaşma təmin edilməlidir, icra mexanizmləri, icra müddəti, şübhəsiz, müəyyən edilməlidir. Proqramın qəbul olunmasından sonra dövlət büdcəmizdə əlavələr edilməlidir ki, ilin sonuna qədər biz artıq proqramın icrasına başlayaq. Biz vaxt itirməməliyik. Bu proqramı, bir də demək istəyirəm ki, biz 2-3 il ərzində icra etməliyik, bunu uzatmamalıyıq. Baxmayaraq ki, burada görüləcək işlər çoxdur və xüsusilə infrastruktur layihələri həm böyük vəsait tələb edəcək, həm onların icrası üçün müəyyən qədər vaxt tələb olunacaqdır. Ancaq hesab edirəm ki, biz 3 il ərzində bu proqramın icrasına nail olacağıq.
Burada infrastruktur layihələri arasında elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Demək olar ki, ölkə üzrə bütövlükdə bu məsələ öz həllini tapmışdır. Son illər ərzində 10 yeni elektrik stansiyası tikilmişdir. Hər bir bölgədə dayanıqlı elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Xüsusilə Bakı şəhərində bu məsələyə xüsusi diqqət göstərilmişdir. Bakı Elektrik Şəbəkə Şirkəti qurulandan sonra bu sahədə müsbətə doğru çox ciddi dönüş yaranmışdır. Proses davam edir. Dövlət büdcəsindən vəsait ayrılır və növbəti illərdə yeni yarımstansiyaların tikintisi, xətlərin dəyişdirilməsi, transformatorların quraşdırılması nəzərdə tutulur. Əlbəttə ki, proqramda da hər bir qəsəbə üzrə bu məsələ öz həllini tapmalıdır. Hazırda vəziyyət qənaətbəxşdir. Amma nəzərə alsaq ki, ölkəmiz inkişaf edir, əhali artır, ölkəmizdə böyük sənayeləşmə prosesi gedir. Hazırda Bakıda yeni tikilmiş və tikiləcək binalar, mehmanxanalar, sənaye obyektləri əlavə enerji tələb edəcəkdir.
Biz elə etməliyik ki, daim enerji ilə təminat tələbatımızı qabaqlasın. Bu məqsədlə növbəti illərdə tədbirlər görüləcəkdir. Qazlaşdırma ilə bağlı bizim üçün ən böyük problemlərdən biri də ondan ibarət idi ki, bu məsələ uzun illər ərzində ölkəmizdə lazımi səviyyədə öz həllini tapmamışdır. Bunun səbəbləri təkcə qazın az olmasında deyildir. Hazırda biz qazın istehsalını böyük dərəcədə artırmışıq, yeraltı qaz anbarları tikilmişdir və o anbarlara 3 milyard kubmetr qaz doldurulub. Bir neçə il bundan əvvəl o anbarların gücü cəmi 500 milyon kubmetr idi və əlbəttə ki, qış aylarında müəyyən problemlər yaranırdı. Ancaq problemlər təkcə qazın həcmi ilə deyil, qaz şəbəkəsinin infrastrukturunun lazımi səviyyədə olmaması ilə bağlıdır. Hazırda Dövlət Neft Şirkəti və onun tərkib hissəsi olan "Azəriqaz" qurumu bu məsələ ilə bağlı çox ciddi məşğuldur. Bütün bölgələrdə qazlaşdırma prosesi gedir, ən ucqar bölgələrdə, xüsusilə sərhəd bölgələrində böyük proqramlar icra edilir. Bakı şəhərində və Bakı qəsəbələrində bu proqram tam şəkildə icra olunmalıdır.
Mən giriş sözümdə qeyd etdim ki, hazırda Bakıda qazlaşdırma 97 faiz təşkil edir və qalan 3 faiz də öz həllini tapmalıdır. Yenə də deyirəm, biz xətlərin çəkilişi ilə də məşğul olmalıyıq. Harada təzyiq aşağıdır, təzyiqin qaldırılması və lazımi səviyyəyə çatdırılması üçün əlavə tədbirlər görüləcəkdir.
Burada qaldırılan məsələlərdən biri kanalizasiya və içməli su məsələləridir. Bu məsələlər əfsuslar olsun ki, şəhərimizə bütün dövrlərdə xas olan problemlərdir. Bakını içməli su ilə təmin etmək üçün çox böyük layihələr icra edilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi məhz bu məqsədi daşıyırdı. Ondan sonra Bakıda su anbarları tikilir və tikilməlidir, su xətləri yeniləşdirilməlidir. Burada itkilər çox böyük səviyyədədir. Əgər biz o itkiləri aradan götürsək, hətta hazırkı su təchizatı Bakını su ilə təmin etmək üçün artıqlaması ilə kifayətdir.
Biz inkişaf etmiş şəhərlərin su təchizatı ilə bağlı problemlərin necə həll olunmasına yaxşı bələdik. Əgər bəzi inkişaf etmiş şəhərlərin əhalisi ilə müqayisə aparsaq görərik ki, Bakıdan daha da az həcmdə su verilir, ancaq orada təminat 100 faiz təşkil edilir. Bizdə isə bu itkilər və köhnə xətlərin yararsız vəziyyətdə olması məsələləri ilk növbədə, həllini tapmalıdır. Biz bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Burada yanaşma dünyanın inkişaf etmiş şəhərlərinin səviyyəsində olmalıdır. Bu, böyük vəsait tələb edən məsələdir. Ancaq biz bunu etməliyik və edəcəyik. Onu da qeyd etmək istəyirəm ki, bu layihələr sırf sosial xarakter daşıyır, çünki Azərbaycanda suyun qiyməti çox aşağı səviyyədədir. İnkişaf etmiş şəhərlərlə müqayisədə bəlkə 10 dəfədən aşağıdır. Bölgədə də ən aşağı su tarifləri Azərbaycandadır. Yəni, bu layihələr, yenə də deyirəm, ancaq bir məqsədi güdür ki, Azərbaycan və Bakı sakinləri təmiz içməli su ilə təmin olunsunlar.
Mən ümid edirəm ki, bu sahədə aparılan islahatlar tezliklə öz bəhrəsini verəcəkdir. Bakının və qəsəbələrin təmiz içməli su ilə dayanıqlı təminatı üçün qəbul ediləcək bu proqramda çox ciddi məsələlər və müddət qoyulmalıdır, şübhəsiz ki, maliyyə resursları da təmin edilməlidir.
Qəsəbələrarası
yollar problemi vardır. Bu problem tədricən həll olunur.
Ancaq mən deyə bilərəm ki, bu məsələnin həlli
magistral yolların hesabına baş verir. Bakı-Aeroport
avtomobil yolunun genişləndirilməsi və yenidən
qurulması müəyyən dərəcədə qəsəbələrarası
yolların da inkişafına xidmət göstərir. Ancaq biz
bununla bərabər, xüsusilə qəsəbələri
birləşdirən yollara fikir verməliyik, əlavə vəsait
də nəzərdə tutulacaqdır.
Bakı-Aeroport və
Aeroport-Zığ istiqamətində tikilmiş yollar əlbəttə
ki, qəsəbələrarası yolları da birləşdirir.
Nəzərə alsaq ki, bu yolun indi tikintisi davam edir, o,
Sumqayıta qədər uzadılacaqdır. Beləliklə,
burada bir neçə qəsəbə bir-biri ilə
bağlanacaqdır. Hazırda görülmüş işlər
Bülbülə, Binə, Mərdəkan, Buzovna, Bilgəh qəsəbələrini
birləşdirir. O yol Bilgəhdən Sumqayıta - Nardaran,
Kürdəxanı, Pirşağı, Fatmayi, Novxanı,
Masazır və Corata qədər uzadılacaqdır. O yol
dünya səviyyəli bir yol olacaqdır. Ancaq yenə də
deyirəm, bu, tək sadəcə bir istiqamətdir. Biz
bütün qəsəbədaxili və qəsəbələrarası
yolları da, o layihələri də bu proqrama
salmalıyıq. Bu məsələ ilə bağlı
xüsusi tapşırıqlar veriləcəkdir.
Evlərin qeydiyyata
alınması problemi vardır. Biz bu problemi bilirik. Biz bu
problemi həll etməliyik. Ancaq biz elə etməliyik ki, bu
problem həll olunarkən xoşagəlməz halların
qarşısını tam şəkildə ala bilək. Şəxsən
məni bu məsələnin həlli ilə bağlı ən
çox narahat edən məsələlər məhz bu mənfi
hallar və onların mümkünlüyüdür.
Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma
sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər
də irəli sürülə bilər, rüşvət, əsassız
maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də
Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin
həlli üçün şəffaf mexanizm işlənilməlidir
ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə
aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs
yenə də bəzi adamların tamahkarlığı
ucbatından bizə ancaq problemlər gətirə bilər.
Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi
təftiş aparılmalıdır ki, hansı evlər
qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə
bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir. Yoxsa
indi sənədsiz, qanunsuz tikilmiş bu evləri qeydiyyata
alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri
veriləcək və evlər tikiləcəkdir. Bizdə əfsuslar
olsun ki, keçmişdə də bu praktika olub. Bir neçə
gün ərzində daşları tökürlər,
binanı qaldırırlar, sonra da deyirlər ki, mən burada
yaşayıram, sənəd verin.
Belə olmaz. Biz axı indi
müasir şəhərdə, müasir dövlətdə
yaşayırıq. Burada qanunun aliliyi hər yerdə bərqərar
olunmalıdır. Bütün bu məsələlər qanun
çərçivəsində tənzimlənməlidir. Ona
görə çox səmərəli mexanizm
hazırlanmalı, işlənilməli və mənə təqdim
edilməlidir. O təqdirdə bu məsələ öz həllini
tezliklə tapa bilər.
Qəsəbədaxili
yolların tikintisi məsələləri tezliklə öz həllini
tapmalıdır. Deyə bilərəm ki, bu sahədə vəziyyət
məni qane etmir. Bilirsiniz, bu məsələni siz yerlərdə
həll etməlisiniz. Bu, nə Prezidentin, nə də hətta
şəhər icra hakimiyyəti
başçısının məsələsi deyildir.
Baxmayaraq ki, biz bu məsələlərlə də məşğuluq,
bu, yerlərdə həll olunmalıdır. İndi bələdiyyələr
vardır, onlar bu işləri görməlidirlər. Əslində
bu, onların işidir. Qəsəbədaxili yollar bərbad vəziyyətdədir,
bir çox hallarda torpaq yollarıdır, heç asfalt da
yoxdur. Yağış, qar yağanda oradan keçmək
mümkün deyildir. Dözülməz bir haldır. Bu,
Bakı şəhərinin içidir, niyə elə
olmalıdır?! Biz bütün yolları, görün,
hansı yüksək keyfiyyətlə tikirik. Yol
qovşaqları, tunellər tikilir. Bir də demək istəyirəm
ki, əgər biz bir neçə il bundan əvvəl bu layihələrə
başlamasaydıq, bu gün şəhərdə nəqliyyat
dayanardı və iflic vəziyyətinə düşərdi.
Amma bu, ola bilməz. Mən görürəm bəzi hallarda
magistrala çıxan yollar palçıq, torpaq
yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə
dəfələrlə göstəriş vermişəm. Hələ
ki, bu məsələ məni qane etmir. Ona görə də
burada məsuliyyət bölgüsü aparılmalıdır
ki, hansı yolları kim tikməlidir. Onsuz da bu pulların
böyük hissəsi dövlət büdcəsindən
verilir. İndi bələdiyyənin yığdığı
pulla müəyyən işləri görmək olar, amma
burada dövlət dəstəyi də olmalıdır.
Bu vəsait şəhər
icra hakimiyyətinə, Nəqliyyat Nazirliyinə verilir. Şəhərin
mərkəzində yollar indi şəhər meriyası tərəfindən
tikilir və hətta ən xırda nüanslara qədər
belə çox keyfiyyətlə tikilir. Biz fikir veririk, təzə
alınmış lüklər artıq yol hərəkətinə
problem yaratmır. Onlar elə qoyulur ki, o lükün
üstündən maşın keçəndə heç
adam hiss etmir. Amma qəsəbədaxili yollar da bu səviyyədə
olmalıdır. Ona görə proqramda bu məsələ həll
olunacaqdır. Burada nəzarət mexanizmi təşkil edilməlidir.
Burada gərək məsuliyyət
və işə normal münasibət olsun. Biz hamımız
burada yaşayırıq. Bakıda istər mərkəzdə,
istər qəsəbədə, ən ucqar yerdə yaşayan
vətəndaş normal yollardan istifadə etməlidir.
Bütün bu məsələlər
qısa zamanda təhlil edilməlidir. Proqramda o yolların
tikintisi ilə bağlı konkret göstərişlər
verilməlidir. Hesab edirəm ki, bu məsələ qısa
müddət ərzində, bir ilə öz həllini tapa bilər.
Keçən dəfə bu
salonda keçirilən görüşdə qəsəbələrin
nümayəndələri məktəb tikintisi ilə
bağlı məsələlər
qaldırmışdılar. O vaxt o məsələlərə
operativ reaksiya verildi, məktəblər tikildi. Bu gün bu məsələ
qaldırılmadı, çünki əsas məsələlər
öz həllini tapmışdır. Ancaq yenə də məktəb
tikintisinə ehtiyac vardır. Bakıda və Bakının qəsəbələrində
qəzalı vəziyyətdə məktəblər vardır.
Bu məsələ ilə bağlı göstəriş
vermişəm ki, ciddi təftiş aparılsın. Bu il biz
artıq qəzalı vəziyyətdə olan məktəbləri
bərpa etməliyik. Son illər ərzində qəsəbələrdə
34 məktəb tikilib, ancaq hələ ki, tikintiyə ehtiyac
vardır.
O cümlədən tibb
müəssisələrinin yaradılması, təmiri, bərpası
prosesi getməlidir. Son illərdə Bakı qəsəbələrində
11 idman və sağlamlıq ocağı tikilmişdir. İki
Olimpiya İdman Kompleksi - biri Şağanda, biri Hövsanda
istifadəyə verilmişdir. Bütün qəsəbələrdə
idmanla məşğul olmaq üçün şərait - ya
idman meydançaları, ya kiçik futbol
meydançaları, ya məşq zalları olmalıdır.
Bu məsələlərə də diqqət verilməlidir.
Ölkəmizdə və
xüsusilə Bakıda bütün mədəniyyət
ocaqlarının təmiri prosesi gedir. Mən bu barədə
artıq söylədim. Bakıda, şəhərin mərkəzində,
İçərişəhərdə, digər yerlərdə
tarixi-memarlıq abidələri, məscidlərimiz bərpa
olunur, yenidən tikilir. "Qala" tarixi-etnoqrafiya qoruğu
yaradılıbdır, açıq səma altında nadir
muzey mərkəzidir. Bu, nəinki Bakıda, regionda nadir bir mərkəzdir.
Qobustan qoruğu - artıq orada da yeni muzeyin tikintisi layihəsi
icra edilir, çünki o da dünya miqyasında nadir mədəniyyət
ocağımızdır. O qayaüstü rəsmlər
göstərir ki, burada 10 minlərlə il bundan əvvəl
insanlar yaşamışlar.
"Atəşgah" tarixi
muzey mərkəzinin bərpası və yenidən
qurulması layihəsi vardır, yəni, bu məsələlərə
daha da ciddi diqqət göstərilməlidir. Bütün dini
abidələrimiz bərpa olunmalıdır. Qəsəbələrdə
bu proses gedir, məscidlər təmir olunur, yeniləri tikilir.
Bu məsələyə də xüsusi diqqət verilməlidir.
Şəhər nəqliyyatının vacib hissəsi olan metro
tikintisi davam edir, 2008-2009-cu illərdə iki stansiya - "Nəsimi"
və "Azadlıq prospekti" stansiyaları istifadəyə
verilmişdir. Bu proses gedir, bir müddət bundan əvvəl
mənim sədrliyimlə şəhərimizin metro təsərrüfatının
inkişafına dair geniş müşavirə keçirildi,
proqram hazırlanır və qəbul olunmalıdır. Xarici məsləhətçilər
cəlb edilmişdir və ən azı 2015-ci ilə qədər
Bakıda yeni altı stansiya istismara verilməlidir. Hazırda
stansiyaların sayı iyirmi ikidir. Böyük inkişaf planına
əsasən, bu stansiyaların sayı haradasa yetmişə
çata bilər. Ancaq bu böyük inkişaf, bəlkə
də 30-cu ilə qədər çəkəcəkdir. Hər
halda, 15-ci ilə qədər altı stansiya istismara verilməlidir.
Ekoloji məsələlərin
həlli sahəsində çox yaxşı işlər
gedir, xüsusilə magistral yolların kənarında
böyük meşə zolaqları salınır. Keçən
il "Ekologiya ili" olduğuna görə, qeyd etdiyim kimi,
Bakıda üç milyondan artıq ağac əkilmişdir.
Bu proses davam etdirilməlidir. İndi yaz başlayır.
Yaz-payız mövsümlərində bu işə həm Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin xətti ilə
daha da böyük təkan verilməlidir. Yenə yerli icra
orqanları bu işlərə fəal qoşulmuşlar və
mən bu addımları qiymətləndirirəm. Bir daha demək
istəyirəm ki, biz şəhərimizin ətrafında və
mərkəzində yeni meşə zolaqları
yaratmalıyıq. Vaxtilə Aeroportun yanında fəaliyyət
göstərən yarmarkanı oradan köçürdük,
o da çox böyük məsələ idi. Heç kim
inanmırdı ki, biz oranı köçürə bilərik.
Ancaq biz köçürdük, onlara yerlər də verildi,
orada iş adamları da müasir səviyyədə ticarət
obyektlərini tikdilər. Ondan sonra dairəvi yol da ora birləşdi
və bu gün xaricdən və bölgələrdən
Bakıya alış-veriş üçün gələnlər
şəhərin mərkəzinə girmədən şimal
istiqamətindən, yaxud da ki, cənub-qərb istiqamətindən
birbaşa o ticarət mərkəzinə rahat çata bilirlər.
Keçmiş yarmarkanın yerində isə meşə
zolağı salındı və əminəm ki, bir neçə
ildən sonra orada böyük meşə yaranacaqdır. Bir də
demək istəyirəm ki, planlarımızda şəhərin
müxtəlif yerlərində yeni parkların, meşə
zolaqlarının, bağların salınması da vardır.
Şəhər icra hakimiyyətinə bu məsələlərlə
bağlı müvafiq tapşırıqlar verilib. İndi təhlillər
aparılır, hesab edirəm ki, gələn ildən bu məsələ
ilə bağlı da biz əməli tədbirlərə
başlayacağıq. Qəsəbələrin problemlərinin
həlli üçün, yenə də deyirəm, ilk növbədə
qaz, işıq, su, kanalizasiya, suvarma, sosial infrastruktur layihələri
öz həllini tapmalı, məktəblər, tibb ocaqları
tikilməli, abadlıq işləri aparılmalıdır. Bəzi
qəsəbələrdə abadlıq işləri lazımi
səviyyədə aparılır, bəzi qəsəbələrdə,
ümumiyyətlə, aparılmır. Proqramda bu məsələ
ilə bağlı xüsusi maddələr olmalıdır ki,
qəsəbələrin xarici görkəmi də gözəl,
müasir olsun. Bütün qəsəbələrdə
müasir şərait yaradılmalıdır. Bununla bərabər,
Bakıətrafı qəsəbələrdə yaşayan vətəndaşların
məşğulluq məsələləri də həll
olunmalıdır.
Bütövlükdə
ölkəmizdə yüz minlərlə yeni iş yerləri
açılmışdır. Bu iş yerlərinin
açılması prosesi daha çox bölgələrdə
baş vermişdir. Bu da bizim siyasətimizin tərkib hissəsidir
ki, bütün rayonlar, bölgələr inkişaf etsin. Ancaq
Bakı qəsəbələrində iş yerlərinin
açılması ilə bağlı daha da ciddi tədbirlər
görülməlidir.
Mən artıq müvafiq
göstərişləri verdim, o cümlədən
İqtisadi İnkişaf Nazirliyinə. Çünki biz əsas
vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə bölgələrə yönəldirik. Mən təklif
etdim və indi tapşırıq verdim ki, o vəsaitdən
Bakı qəsəbələrinə də kredit şəklində
verilməlidir. Yaxud Bakı qəsəbələrinin
inkişafı üçün xüsusi bir kredit fondu
yaradıla bilər. Biz bu kredit fondundan yalnız kiçik və
orta sahibkarlığın inkişafı üçün istifadə
etməliyik. Hər halda, indi İqtisadi İnkişaf Nazirliyi
bu məsələlərlə bağlı işləyir və
hesab edirəm ki, yaxın zamanlarda öz təkliflərini verəcəkdir.
Mən hesab edirəm ki, bu gün səslənən və
bundan sonra daha çox yerlərdən veriləcək
bütün təkliflər təhlil edilməlidir. Elə etməliyik
ki, Novruz bayramından sonra bu proqramı təsdiq edək. O
vaxt - güman edirəm ki, aprel ayında dövlət büdcəsinə
əlavələr ediləcəkdir. Çünki indi maliyyə
imkanlarımız genişlənir və biz bu il görülə
biləcək işləri gələn ilə saxlamamalıyıq.
Ona görə bu proqram da ən uzağı aprel ayında tərtib
olunmalıdır ki, dövlət büdcəsində öz əksini
tapsın. Mən iş yerlərinin açılması ilə
bağlı yerli və xarici investorları da dəvət edirəm
ki, Bakı qəsəbələrində investisiya qoysunlar.
Çünki buna ehtiyac vardır. Vaxtilə Azərbaycan
Dövlət İnvestisiya Şirkətini o məqsədlə
yaratdıq ki, xarici investorları cəlb etsin, bizə
lazım olan istiqamətlərdə vəsait qoysun. Yəni,
İnvestisiya Şirkəti də bu işlərə
qoşulmalıdır. Əlbəttə ki, ən böyük
yükü Azərbaycan dövləti öz üzərinə
götürəcək və biz güzəştli kreditlərin
verilməsi ilə və infrastruktur layihələrinin
yaradılması sayəsində buna nail olacağıq.
İndi qəsəbələrdə əlbəttə ki, bu
sahədə müxtəlif işlər gedə bilər.
Görüləcək işlərin bəzi istiqamətlərini
qeyd etmək istəyirəm. Hesab edirəm ki, zeytunçuluq
inkişaf etməlidir. Bunun gözəl ənənələri
vardır və təbii iqlim də buna müsaidə edir.
Zeytunçuluq təsərrüfatlarının, müasir emal
müəssisələrinin yaradılması prosesi sürətlə
getməlidir. İndi Azərbaycanda zeytun istehsalı sürətlənir.
Bakı qəsəbələrində bunu etmək
üçün çox yaxşı imkanlar vardır.
Quşçuluq fabriklərinin
yaradılmasına artıq başlanmışdır. Bəzi
qəsəbələrdə quşçuluq fabrikləri
işə salınır. Bütövlükdə biz hələ
ki, quş əti ilə özümüzü təmin etmirik,
haradasa 80 faiz səviyyəsində təmin edirik. Mən
göstəriş vermişəm ki, quşçuluğun
inkişafı üçün əlavə vəsait
ayrılsın, o cümlədən Bakı qəsəbələrində
biz bu məsələyə baxmalıyıq. Yerli istehsal, eyni
zamanda, qiymətlərin sabit vəziyyətdə
saxlanmasına da şərait yaradacaq, hər halda
yaratmalıdır. Ancaq bu məsələ ilə bağlı
bir məqamı da vurğulamaq istəyirəm. Bəzi hallarda
biz inhisarçılıqla bağlı mübarizəmizi
ancaq idxal olunan malların gətirilməsində
görürük. Burada həqiqət və ədalət
vardır. Biz inhisarçılıqla bağlı ciddi mübarizəni
aparırıq və aparacağıq. Ancaq o da həqiqətdir
ki, son illər ərzində ölkəmizdə görülən
işlər, qoyulan vəsait və aparılan iqtisadi siyasət
nəticəsində bizdə yerli istehsal böyük dərəcədə
artıbdır.
Biz indi özümüzü
bir neçə əsas ərzaq məhsulları ilə tam
şəkildə təmin edirik. O məhsullarla ki, təmin
etmirik biz onu da bilirik, yaxın zamanlarda onu da təmin edəcəyik.
Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti
bəzi hallarda əsassız və süni şəkildə
artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin
şəkildə artmışdır. Mən göstəriş
verdim ki, araşdırsınlar. Biz özümüzü
yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir,
demək olar ki, idxal olunmur. Nə üçün onda qısa
müddət ərzində yumurtanın qiyməti bir neçə
dəfə qalxdı? İndi iyirmi qəpikdən
artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni.
Burada sırf inhisarçılıq, istehsal sahəsində
inhisarçılıq vardır. Buna dünyada "Kartel
sövdələşməsi" deyirlər. Bu, sırf
"Kartel sövdələşməsi"nin təzahürüdür.
Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini
süni şəkildə şişirdənlər məsuliyyətə,
cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət
işi açılıbdır və bunu edənlər öz
cəzasını alacaqlar.
Biz sahibkarlığı dəstəkləyirik.
Mən dəfələrlə demişəm ki, sahibkarlıq
inkişaf etməlidir. Nə qədər kreditlər verilib.
Dövlət kreditlər verməsəydi, onlar o pulu haradan
götürüb fermaları tikə bilərdilər? Dövlət
onlara dəstək olmasaydı, infrastruktur yaratmasaydı,
elektrik xətləri çəkməsəydi, haradan bu
sahibkarlıq inkişaf edə bilərdi? Mən nə qədər
deyirəm ki, sahibkarlıq inkişaf etməlidir. Burada oturan
icra başçılarına nə qədər deyirəm ki,
əl dəyməyin bunlara, icazə verin işləsinlər,
mane olmayın, kömək göstərin və bir çox
hallarda biz bunu görürük. Yerli icra orqanları
sahibkarlığın inkişafına dəstək verirlər.
Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə
deməkdir, niyə qiymətin süni şəkildə
qaldırılması ilə məşğul olurlar?! Yumurta
indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində
başqa sahələrdə də qiymətlər qalxır. Nə
üçün? Bilirsiniz, məsuliyyət və bir də
vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri
görüləcəkdir. Bu gün özlərini
vicdansızcasına aparan sahibkarlar, süni şəkildə
qiyməti artıran bir neçə yumurta
istehsalçısı görəcək ki, dövlətin
onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır.
Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin
süni şəkildə artımı ilə məşğul
olmaq istəyirsə, özü üçün nəticə
çıxarsın və fikirləşsin ki, onu hansı aqibət
gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı
prinsipləri əsasında tənzimlənir, ancaq biz də
bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər
necədir?!
İndi dünyada neftin qiyməti
bahalaşıb, şübhəsiz, idxal olunan məhsullara
öz təsirini göstərəcəkdir. Bəlkə dərhal
olmayacaq, bu proses bir müddətdən sonra hiss ediləcəkdir.
Bunu biz bir neçə il bundan əvvəl də
görmüşük, neftin qiyməti qalxandan bir neçə
ay sonra burada idxal olunan məhsulların qiyməti qalxdı.
Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır?
Biz özümüzü ətlə, meyvə-tərəvəzlə,
başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da
edirik. Nə üçün o qiymət qalxmalıdır? Kim
bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec
deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz
çox güclü və təsirli olacaqdır.
Hesab edirəm ki, Bakı qəsəbələrində
sahibkarlığın inkişafı üçün yeni
çörəkbişirmə sexləri
yaradılmalıdır. Bütövlükdə, bu sahəyə
ölkə miqyasında daha da böyük diqqət göstərilməlidir.
Ölkəmizdə indi müasir emal fabrikləri, konserv
zavodları, süd kombinatları, ət kəsim fabrikləri,
ət kombinatları tikilib, hamısı müasir səviyyədə.
Ancaq son illərdə çörək istehsalına o qədər
də fikir verilməmişdir, bu proses hələ də
köhnə, elə dədə-baba üsulla gedir. Mən
İqtisadi İnkişaf Nazirliyinə göstəriş
vermişəm ki, çörəkbişirmə sexlərinin
yaradılmasını kreditlərlə stimullaşdırsınlar
və xüsusilə Bakıda və Bakının qəsəbələrində
bu proses daha da sürətlə getməlidir.
Görüləcək
işlər arasında biz müasir texnologiyalar əsasında
fəaliyyət göstərən istixanalar yaratmalıyıq.
Bu istixanalarda həm faraş tərəvəz yetişdirilə,
həm gülçülük inkişaf etdirilə bilər.
Bu, Bakı qəsəbələri üçün demək
olar ki, ənənəvi bir sahədir. Bunu biz daha da gücləndirməliyik.
Hazırda Bakıda və başqa yerlərdə müasir
texnologiyalarla işləyən istixanalar vardır və
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu
prosesə daha da böyük təkan verilməlidir. Yerli icra
orqanları da bu istixanaları yaratmaq istəyən sahibkarlara
kömək göstərməlidirlər. Bununla bağlı,
bütün müvafiq qərarlar qəbul ediləcəkdir.
Burada qaldırılan məsələlər
öz həllini gözləyir. Amma bu, ancaq məsələlərin
bir hissəsidir. Biz Bakı qəsəbələrinin
inkişafına tam şəkildə nail olmalıyıq. Yenə
də deyirəm, biz burada həm infrastruktur, həm sənayeləşmə,
iş yerləri, yollar, kommunal sahə - bütün bu məsələlərə
kompleks şəkildə yanaşmalıyıq. Bu proqram, bir də
demək istəyirəm ki, çox böyük proqramdır.
Bu proqram yeni şəhərin infrastrukturunun
yaradılmasına bərabər bir proqramdır. Bu
proqramın icrası nəticəsində əminəm ki,
Bakıda və Bakı qəsəbələrində
bütün işlər ən yüksək səviyyədə
görüləcəkdir.
Bakımızın
inkişafı davam edir, şəhərimiz gözəlləşir,
abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə
başlamışdır - "Ağşəhər" layihəsi.
Bu layihənin də çox böyük rəmzi mənası
vardır. Çünki tarixi "qaraşəhər"
adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim
edilibdir. Beynəlxalq sərgilərdə "Ağşəhər"
layihəsi təqdim olunur. Böyük bir yaşayış mərkəzi
olacaqdır. Kiçik bir şəhərə bərabər
inkişaf layihəsi olacaqdır. Yəni, əslində
Bakının içində ekoloji cəhətdən ən
yararsız yerlərdə, neftlə, neft tullantıları ilə
çirklənmiş torpaqlarda müasir, ekoloji təmiz,
gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir.
Orada yaşayış, ofis binaları, ticarət mərkəzləri,
istirahət parkları tikiləcək, dənizə
çıxışı olacaq yeni bulvar salınacaqdır. Yəni,
çox böyük vəsait tələb edən layihədir
və bu layihəni biz həm dövlət tərəfindən
maliyyələşdirəcəyik, həm də ki, əsas
yükü özəl sektor öz üzərinə
götürəcəkdir. Azərbaycanda özəl sektorun
inkişafı, xarici sərmayələrin qorunması
üçün bütün lazımi tədbirlər
görülüb. "Ağşəhər" layihəsinin
icrası, mən hesab edirəm ki, şəhərimizin,
ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü
kimi də dünya şəhərlər xəritəsində
öz yerini tutacaqdır. Bu layihə, yenə deyirəm ki, daha
çox özəl vəsait hesabına icra olunmalıdır.
Ona görə biz investorları, o cümlədən xarici
investorları cəlb etməliyik və ümid edirəm ki,
buna nail olacağıq.
Bu gün verilən
tapşırıqlar növbəti illərdə icra
olunmalıdır. Şəhərimizdə bütün işlər
yüksək səviyyədə görülməlidir, sakinlərin
rahatlığı üçün bütün şərait
yaradılır, yaradılacaqdır. Bakı şəhərinin
qəsəbələrinin yeni inkişaf proqramının qəbul
olunmasından sonra qəsəbələrə yeni həyat gələcək,
güclü təkan veriləcəkdir. Bütün dövlət
qurumları, yerlərdəki nümayəndələr bu
proqramın icrasında fəal iştirak etməlidirlər.
Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir.
Elə etməliyik ki, Bakı şəhərində
bütün işlər yüksək səviyyədə
görülsün.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2011.-10 mart.- S. 3, 4.