İmişlidə "Bələdiyyələrin
işində korrupsiya ilə mübarizə inzibati nəzarət
qaydasında gücləndirilir" mövzusunda
seminar-müşavirə keçirilmişdir
Martın 9-da Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təşkilatçılığı ilə İmişli şəhərində "Bələdiyyələrin işində korrupsiya ilə mübarizə inzibati nəzarət qaydasında gücləndirilir" mövzusunda seminar-müşavirə keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Regional ədliyyə şöbəsinin, Kənd, Qəsəbə və Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının, rayon icra hakimiyyəti orqanlarının, yerli torpaq, vergi, maliyyə, əmlakın dövlət reyestri xidmətinin əməkdaşları, eləcə də ətraf rayonların bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.
Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə bildirmişdir ki, respublikamızın inkişafında şəffaflığın təmin olunması, qanunçuluğun qorunması və ona riayət edilməsi mühüm rol oynamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsaslı uğurlar əldə olunmuşdur. Son illər dövlət və yerli özünü idarəetmə sistemində şəffaflığın qorunması, dövlət və bələdiyyə əmlakının, vəsaitlərinin idarə olunmasına, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə maliyyə nəzarətinin, eləcə də korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə tədbirlərini genişləndirməsi buna zəmin yaradan əsas amillərdir.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi yerli özünüidarəetmə orqanlarının işinin səmərəliliyini artırmaq üçün xüsusi tədbirlər planı hazırlamış, bələdiyyə orqanlarında baş verən qanunsuzluqların aradan qaldırılmasına nail olmuşdur.
M.Səlimzadə demişdir ki, bələdiyyələr hüquq pozuntularına və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir dövrdə fəaliyyətlərinə ciddi yanaşmalı, qarşıda duran vəzifələri layiqincə yerinə yetirməlidirlər. O, bələdiyyələrə qəbul etdikləri qərarları inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etməyi, fəaliyyətləri barədə əhaliyə şəffaflfq prinsiplərinə uyğun olaraq hesabat vermələrini tövsiyə etmişdir.
Bələdiyyələrin işində qanunçuluğun möhkəmləndirilməsi istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən bələdiyyə nümayəndələri onları narahat edən məsələlərə toxunmuş və dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərildiyini yüksək qiymətləndirmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-10 mart.- S. 5.