Biz döyüş əmrini gözləyirik

 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Vətənə və xalqa sədaqət andına daim sadiqdir

 

"Azərbaycan dövləti, dövlətçiliyinin inkişafı və möhkəmlənməsi üçün Daxili Qoşunların xidməti yüksək səviyyədədir və məni qane edir".

 

İlham ƏLİYEV

 

 Memarı ulu öndər Heydər Əliyevin olduğu müstəqil Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Keçdiyimiz 20 illik yol şərəfli olduğu qədər də çətin və keşməkeşli, ağrı-acılarla dolu olmuşdur. Daxildən və xaricdən uzanan düşmən əllər zaman-zaman müstəqilliyimizi devirməyə, böyük qurbanlar bahasına qazandığımız azadlığı əlimizdən almağa yönəlmişdi. Dövlət çevrilişinə olan cəhdlər, ölkə daxilində sabitliyin pozulmasına hesablanan təxribatlar qüdrətli sərkərdə, bütün dünyanın qəbul etdiyi görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin uzaqgörənliyi ilə zərərsizləşdirilmişdir.

Zamanın ağır sınaqlarından çıxmış müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Yenilməz iradəsi, nurlu zəkası ilə müstəqil dövlət quran Heydər Əliyev onu qoruyub saxlamaq üçün həyati əhəmiyyətə malik tövsiyələrini də vermişdir. Dövlətçiliyin və müstəqilliyin möhkəmlənməsi yönümündə ümummilli liderimizin həyata keçirdiyi siyasətin ən fəal icraçılarından biri də Daxili İşlər Nazirliyi və onun Daxili Qoşunları olmuşdur. Bu baxımdan ulu öndərin Daxili Qoşunların yaranması günü ilə əlaqədar imzaladığı fərman məhz Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təminatına hesablanmışdı. Respublikamızın ərazi bütövlüyünün qorunmasında, Qarabağ müharibəsində Daxili Qoşunların şəxsi heyəti mərdliklə döyüşmüş, igidlik və qəhrəmanlıq nümunəsi göstərmişdir.

Bərdə rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsi müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti, nümunəvi nizam-intizamı ilə diqqəti cəlb edir. Hərbi hissə abad və yaraşıqlı şəhərcikdir. Geniş həyətdə səliqə ilə əkilmiş həmişəyaşıl ağacların sayı-hesabı bilinmir. Əsgər və zabitlər nəinki hərbi hissənin həyətini, eyni zamanda, ətraf əraziləri də təmiz saxlayır, abadlığa xüsusi fikir verirlər. Yazın ilıq nəfəsinin duyulduğu, ana torpağın qış yuxusundan ayıldığı bu günlərdə əsgərlər yenə də həvəslə ağac əkirlər. Hərbi hissə komandirinin maddi-texniki təchizat üzrə müavini, polkovnik-leytenant Rauf Əliyevlə elə həyətdə ağac əkən əsgərlərin yanında görüşdük. Müsahibim söhbətə Dədə Qorquddan gətirdiyi misalla körpü saldı:

 - Torpağı əkib-becərməsən, qorumağa, qorumasan, əkib-becərməyə dəyməz! Bu torpağın hər qarışı bizim üçün əzizdir. Müstəqil dövlətimizin varlığı üçün başqa heç nə ilə əvəz edilməyən ən mühüm şərt də məhz torpaqdır, respublikamızın ərazi bütövlüyüdür.

Komandir söhbətinə davam edib deyir ki, bizə ictimai asayişi, vətəndaşların konstitusiya hüquqlarının qorunması, xüsusi təhlükəli cinayətkarların zərərsizləşdirilməsi, mühüm dövlət obyektlərinin mühafizəsi və başqa bu kimi vəzifələr etibar edilmişdir. Bu vəzifələri yüksək məsuliyyət hissi ilə yerinə yetirir, bu yolda həyatımız üçün yaranan təhlükədən belə çəkinmirik.

Öyrənirik ki, hərbi hissə son illər bir sıra uğurlu əməliyyatlara imza atıb. 2009-cu ilin 18-23 oktyabrında Ağdaş rayonunun Kotavan kəndində silahlı cinayətkarın axtarışında və zərərsizləşdirilməsində, 2010-cu ilin yazında Saatlı və Sabirabad rayonlarında sel fəlakəti ilə mübarizədə, keçən ilin iyul ayında Tərtər rayonunda ictimai asayişin kütləvi şəkildə pozulmasının qarşısının alınmasında hərbi hissənin döyüşçüləri xüsusi bacarıq və qabiliyyət nümayiş etdirmişlər. Ötən ilin payızında hərbi hissədə "Alay hücumda" xüsusi taktiki təlimin keçirilməsini yaxından müşahidə edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, daxili qoşunlar komandanı, general-leytenant Zakir Həsənov və yüksək rütbəli digər hərbçilər əsgər və zabitlərin fiziki hazırlığını, onların müasir döyüş texnikasını məharətlə idarə etməsini, mürəkkəb tapşırıqları peşəkarlıqla yerinə yetirməsini yüksək qiymətləndirmişlər.

Hərbi hissə ilə yaxından tanışlıq sözün həqiqi mənasında adamda qürur hissi doğurur. Daxili marağımızın diktəsi ilə əsgər yataqxanasında döşəkağlarına qədər hər şeyə nəzər yetirdik. Əsgərlər üçün bişirilən yeməklərin dadına da baxdıq. Çamaşırxanaya, hamama, çayxanaya baş çəkdik. Gördüklərimiz qəlbimizi fərəhlə doldurdu. Dövlətin öz əsgərinə yaratdığı şərait, göstərdiyi qayğı və diqqət inkişafımızın, qazandığımız iqtisadi uğurların bir baxış rakursundan aydın sezilən görüntüləri idi.

Cənab İlham Əliyev hələ yeniyetməlik dövründə ulu öndərimizi müşayiət edərək bu hərbi hissəyə üç dəfə gəlmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi də 2009-cu il martın 2-də hərbi hissədə olmuşdur. Təbii ki, Ali Baş Komandanın gəlişi hərbi hissənin həyatında unudulmaz əlamətdar hadisəyə çevrilmiş, eyni zamanda, dərin iz qoymuşdur. Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında hərbi hissənin maddi-texniki bazası daha da möhkəmlənmiş, əsgər və zabitlərin sosial ehtiyacları yüksək səviyyədə təmin edilmişdir. Hərbi şəhərcikdə 60 ailəlik zabit yataqxanasında bütün məişət rahatlığı yaradılmışdır. Hərbi şəhərcik mərkəzləşdirilmiş müasir tipli isitmə sistemi ilə qızdırılır. Həyətdə suyu içməyə yüksək səviyyədə yararlı olan subartezian quyusu qazılmışdır. Şəhərcik elektrik enerjisi, təbii qaz və su ilə fasiləsiz təmin edilir.

Hərbi hissədə rastlaşdığımız maraqlı bir fakt barədə ətraflı danışmağı əhəmiyyətli sayırıq. Tərbiyə işləri üzrə bölmə rəisi-baş təlimatçı, mayor Zirəddin Hüseynovun dedikləri:

 - Burada gördüklərinizə bir cəhəti də əlavə etmək istərdim. Xidmətə yeni gələn əsgərlərlə apardığımız söhbətlər təsirsiz qalmır. Gənclərimiz siqaret çəkmək kimi zərərli vərdişdən tamamilə xilas olmuşlar. Biz hər bazar günü üçün xüsusi tədbirlər planı hazırlayırıq. Hərbi hissə komandiri tərəfindən təsdiq olunan bu tədbirlər planında siqaretin sağlamlığa vurduğu zərər barədə söhbətlərə geniş yer ayırırıq. Qarşımıza qoyduğumuz məqsədə çatmışıq. İndi hərbi hissədə siqaret çəkən yoxdur. Bununla bağlı valideynlərdən çoxsaylı minnətdarlıq eşidirik. Hərbi xidmətə gələnə qədər siqaretə öyrəşmiş cavanlar burada ətrafına baxıb bu zərərli vərdişi tərgitməyə məcbur olurlar. Bunu kimlərsə sadə və əhəmiyyətsiz bir məsələ hesab edə bilər. Amma biz bu işdə israrlıyıq.

Hərbi hissədə aparılan siyasi-ideoloji işin səviyyəsi də təqdirəlayiqdir. Burada hər bölüyün öz divar qəzeti var. Əsgərlər qəzetə ad seçməkdə sərbəstdirlər. "Komanda" və "Hədəf" adlı divar qəzetləri öz yüksək siyasi və bədii səviyyəsinə görə fərqlənirlər. İctimai-siyasi və mədəni-maarif işləri otaqları əsgərlərin sevimli yeridir. Əsgərlər burada dövri mətbuatla tanış olur, öz maraqlarına uyğun müxtəlif elmi-publisistik və bədii kitablar oxuyurlar.

Tərbiyə işləri üzrə bölmə rəisinin otağında stolun üstündə bir qovluq diqqətimizi cəlb etdi. Üstünə "Valideyn məktubları" yazılmış qovluqda respublikamızın müxtəlif bölgələrindən göndərilmiş yüzlərlə məktub vardı. Sıradan birini götürüb oxuduq. Cəlilabad şəhərindən göndərilmiş məktubda yazılır:

 

"Daxili Qoşunların "N" saylı hərbi hissəsinin komandiri, polkovnik cənab Sahib Məmmədova

 

Çox hörmətli hərbi hissə komandiri! Bir valideyn kimi çox qürur hissi keçirirəm ki, mənim oğlum müstəqil Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmət edir. Gündən-günə təkmilləşən Daxili Qoşunlarımız hər bir vətəndaşımızın qürur qaynağı və güvənc yeri olmuşdur. Hörmətli komandir, oğlum Kərimov Elvin Yasər oğlu uşaq vaxtından nizam-intizamlı böyümüş, həmişə valideynlərinin qulluğunda durmuş, heç vaxt bizi incitməmişdir. Mənim oğlum vətənpərvərdir. Vətənini, millətini çox sevir, çalışqandır. Bütün bunları nəzərə alaraq mən bir valideyn kimi sizlərə inanıram və inandığım üçün mən öz övladımı sizə əmanət edirəm. Allah müstəqil Azərbaycanın bayrağını daim uca etsin. Tanrı sizi saxlasın.

 

Hörmətlə: Kərimov Yasər, valideyn"

 

Buradakı gənclərlə qısa görüş istər-istəməz həmsöhbətin əhval-ruhiyyəsini yüksəldir. İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə atılmaq arzusuyla çırpınan odlu ürək sahiblərinin gözlərində qığılcımlar oynayır. Komandir Sahib Məmmədov hərbi hissədəki yüksək əhval-ruhiyyənin qələbəyə olan böyük inamdan doğduğunu ifadə edərək dedi ki, ən böyük arzumuz Qarabağı azad etməkdir. Döyüşçülərimizin hərəsi bir aslandır. Belə oğulları olan Vətən basılmaz. Biz hər an döyüş əmrini gözləyirik!

Azərbaycan xalqı igid oğullarının bu fədakar əzminə tam əmindir!..

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.-10 mart.- S. 6.