Azərbaycan müxalifəti və ya iflasa aparan yolun tənha piyadası

 

Göz eyni nöqtəyə baxmaqdan, dil eyni yalanı danışmaqdan, qulaq eyni səfsəfəni eşitməkdən yoruldu.

Amma müxalifət yorulmadı. Onun tuği-lənət olub bu millətin boğazına keçmiş radikal qanadı 18 ildən bəridir ətrafa yalan, böhtan, xəyanət püskürür, xalqı xırda bir cığırdan böyük el yoluna çevrilmiş müstəqillik, firavanlıq və haqq yolundan sapdırmağa çalışır.

Bəs bu adamlar niyə Azərbaycana qənim kəsiliblər? Umacaqları nədir? Hakimiyyət?! Bu zavallılar hələ də dərk etməyiblər ki, siyasət meydanında onlara yer qalmayıb, kağız-kuğuzlarını qoltuqlarına vurub bir zamanlar hərəkata başladıqları çayxanalara dönmək vaxtıdır. Dialektikanın qanunudur: hər şey əvvəl-axır başlanğıc nöqtəsinə qayıdır. Ancaq nə yazıq ki, nə həmin çayxanalar qalıb, nə də onları dinləyəcək işsiz-gücsüz adamlar.

2008-ci ilin prezident seçkiləri radikal müxalifət üçün iflasla nəticələndi. 2010-cu ilin noyabrında Azərbaycanın parlament adlı "qatarı" da növbəti mənzilə onlarsız yola düşdü. Bu isə artıq fizikanın qanunudur: nöqtələr arasındakı məsafə artdıqca, biri kiçilib yox olur.

 

Sağlam cəmiyyətə sağlam müxalifət

 

Hər şey mizanında gözəldir. Mübahisə tərəflərin davası deyil, həqiqəti ortaya qoymaq naminə intellektual seçim imkanı olduğu üçün məqbul sayılır. Həqiqəti görməmək, ən pis halda isə onu görməzliyə vurmaq ya nadanların işidir, ya da əbləhlərin. Dialektikanı şərtləndirən, qidalandıran başlıca amil əksliklərin vəhdətidir. Xeyirlə Şərin, İşıqla Qaranlığın, Hörmüzlə Əhrimənin mifoloji davasından boy götürən qlobal inkişaf konsepsiyasının kökündə duran yeganə stimul da elə ziddiyyətin özüdür. Atom elementi hissəciklərə parçalandıqda dəhşətli qüvvəyə çevrildiyi kimi, ictimai münasibətlərin, bütövlükdə isə cəmiyyətin inkişafının əsas istiqaməti də mülahizələrin, qənaətlərin, fikirlərin çalın-çarpaz "müharibəsində" ortaya çıxan həqiqət vasitəsilə təyin edilir.

Siyasi müstəviyə keçirdikdə istənilən normal cəmiyyətdə hakim fikrə, iqtidar qüvvəyə pərsəng qismində müxalif cərəyanın olması təbii olduğu qədər də labüddür. Bu rakursda müxalifət hakimiyyətə iddialı qüvvədən daha çox cəmiyyətdə fikir polifoniyasını, düşüncə tənasübünü təmin edən sağlam bir qüvvə kimi nəzərdən keçirilir. Ona görə də - fərqli, müxalif fikir inkişafın lokomotividir - tezisi ilə razılaşmamaq haradasa mümkün də deyil. Ancaq baxır harada və necə?

İctimai-siyasi qüvvə olmaq etibarilə müxalifət birtərəfli qaydada, yalnız müxalif qüvvələr adlanan tərəfin iradəsi ilə yarana bilməz. Belə ki, müxalifətin hansı formada təzahür etməsi - konstruktiv, mədəni, sivil qaydalara uyğun müxalifət və ya bunların əksinə olaraq, antaqonist münasibətlər zəminində formalaşan dağıdıcı bir qüvvəyə çevrilməsi ilk növbədə iqtidardan asılıdır. Bu münasibətlərin dövlət və milli mənafelər məxrəcində konstruktiv, yaxud barışmazlıq zəminində təşəkkülü isə artıq iqtidarın müdriklik və rasionallığından çox müxalifətin iş birliyinə nə qədər hazır olmasının səviyyəsindən asılıdır.

Qeyd edildiyi kimi, müxaliflik ictimai münasibətdir və cəmiyyətdəki digər mövcud ictimai münasibətlər kimi iştirakçı tərəflərin iradə ifadəsi kimi meydana çıxır. Ona görə də bütün ictimai münasibətlər kimi bu mürəkkəb siyasi hadisə də qanunla, hüquq normaları ilə tənzimlənməlidir. Əlbəttə, bu, dünya təcrübəsində analoqsuz hadisə olardı. Fəqət, Azərbaycan da bir çox paradoks və nonsenslərə beşiklik etmiş bir məmləkətdir. Və bu ölkənin müxalifəti türfə özəlliklərə malik bir zümrə olduğu üçün onunla bağlı hər hansı orijinal fikir belə odioz görünməməlidir.

İqtidarla müxalifət mübarizəsinin əsasını hakimiyyət uğrunda mübarizə və bütövlükdə müxalifətin fəaliyyətinin ideya-qayəvi mahiyyətini hakimiyyət dəyişikliyi təşkil edir. Sual oluna bilər: Bu, çoxmu təhlükəlidir? Prinsip etibarilə xeyr! Bir şərtlə ki, dövlətçiliyin təməl prinsiplərinə, cəmiyyətin getdiyi yolun mahiyyətinə xətər toxunmasın. Hakimiyyətə can atmaq istəyində də qeyri-adi heç nə yoxdur. Fəqət, baxır kimlər və hansı yollarla bu istəyi reallaşdırmaq istəyirlər. Müxalifət, təəssüf ki, həmişə dinc, sivil, qarşılıqlı anlaşma məxrəcində əyarlanan yollara inqilabi metodları, qiyam, iğtişaş və xaosu üstün tutur. Azad və demokratik seçkilərdən, xalqın iradə və istəyindən keçən vasitələr qulaqardına vurulur. Bir var ki, müxalifət ortaya mövcud iqtidarın fəaliyyət qabiliyyətsizliyini sübut edən dəlillər qoysun, bu və ya digər məsələlərin həllini ondan daha yaxşı bacardığını isbatlaya bilsin, cəmiyyət həyatının dinamik, yüksələn əyri ilə inkişafını özündə ehtiva edən proqramlarla çıxış etsin, bir də var ki, iqtidarın müsbət addımlarına mane olmaq yolu tutsun, taleyüklü məsələlərin həllinə konseptual deyil, intuitiv, qonşu barısından o yana addımlamayan bəsit yanaşma nümayiş etdirsin, demokratiyanı kabus qiyafəsinə salıb iqtidarın qazandığı uğurları qərəzli insinuasiya və böhtan atəşfəşanlığına bələsin. Sağlam fikirli, konstruktiv müxalifət demokratik cəmiyyətin pərsəngidir. Ölkə müxalifətinin radikal qanadı isə - Azərbaycan xalqına nə qədər pisdirsə, bizim hakimiyyətə gəlmək şansımız o qədər güclüdür - prinsipi ilə hərəkət edərək qarşısına çıxan demokratik dəyərlər adına nə varsa, hamısını çığnayıb dağıtmaq yolunu tutub.

 

Kim kimdir, yaxud bizdən olub bizimlə olmayanlar

 

Birisi barədə məlumat əldə etmək üçün öncə tərcümeyi-halı ilə tanış olurlar. Zira, insan öz əməllərinin övladıdır. Eyni müstəvidən yanaşsaq, ölkə müxalifətinin ömürlüyü, keçib gəldiyi yolun şəcərəsi onu ifşa etmək üçün ən səhih mənbə ola bilər.

Azərbaycanın milli-mücadilə tarixində mühüm bir dövrü əhatə edən 1991-1993-cü illərin siyasi xəritəsini cızarkən taleyin acı istehzası sayəsində alababat müxalifətçilikdən miyanə iqtidara sürüşmüş AXC-Müsavat hakimiyyətinin ulu öndər Heydər Əliyevə qarşı sürəkli olaraq dostluqdan uzaq hisslər bəslədiklərinin şahidi oluruq. Görünən gerçəklik ondan ibarətdir ki, Heydər Əliyevin siyasi nüfuz dairəsi genişləndikcə ona qarşı yeni müxalifət yaranırdı və bu müxalifətin cəbbəxanası ən iyrənc mübarizə metodları ilə zənginləşirdi.

AXC-nin Heydər Əliyevə qarşı təzyiq kampaniyası Ali Sovetin 1992-ci il aprel sessiyasından sonra yeni bir vüsət aldı. Səbəbi Ermənistana gedən qatarların açılması və digər qanun pozuntularının AXC-nin iştirakı ilə həyata keçirilməsinin Heydər Əliyev tərəfindən ifşa olunması idi.

1992-ci il iyunun 29-da "İzvestiya" qəzetində dərc olunmuş müsahibəsində Heydər Əliyev bu gün müxalifətdə, tarixin əcaib ironiyası sayəsində isə 18 il əvvəl iqtidarda peyda olmuş adamların xarakterik cizgilərini çox dolğun şəkildə təsvir edə bilmişdi: "Bəli, burada həqiqətən elə adamlar var ki, son üç ildə mitinqlərdə, küçələrdə kommunist partiyasını, sovet imperiyasını söyə-söyə, müstəqillik və milli dövlətçilik tələb edə-edə lider kimi boy atmışlar. İndi bu mərhələ arxada qalıb, bundan başqa isə onlar heç nə etməyə qadir deyillər. Onlar vurnuxur, nə etdiklərini bilmir və buna görə də bir çox çirkin əməllərə əl atırlar. Mənim haqqımda isə ağlasığmaz şayiələr uydurub yayırlar. Ancaq onlara inanan yoxdur. Xalq məni tanıyır. Hamı mənim arxamda durub".

Ümummilli lider Heydər Əliyev böyük dövlətşünas və demokratiyanın müqəyyəd prinsiplərinə sədaqətli vətəndaş kimi yeniləşməkdə, zamanın yeni redaktəsinə uyğun dəyişməkdə olan cəmiyyətdə həqiqi müxalifətin qabaqcıl rol və missiyasını görür və bunu yüksək qiymətləndirirdi. Fəqət, Azərbaycan müxalifətinin türfə özəlliyi onun ruhən qurucu olmasında deyil, dağıdıcı və güruhçu kimi zühur etməsində idi. 1994-cü ilin gərgin hadisələrində müxalifət dövlətçilik lehinə səsini qaldırmamaqla, əslində, şərin yanında, separatçı qüvvələrlə koalisiyada olduğunu isbatladı. 1995-ci ilin mart hadisələrində də müxalif düşərgə üzdə neytrallıq nümayiş etdirsə də, həqiqətdə qiyamçılara dəstək verməklə Azərbaycan dövlətçiliyinə düşmən mövqeyini ortaya qoydu. Martın 19-da Prezident yanındakı müşavirədə Heydər Əliyev deyirdi: "...Özlərini guya müxalifət hesab edərək cinayətlə məşğul olanlar müxalifət deyillər. Müxalifət siyasi müxalifət olmalıdır, amma onlar cinayətkarlardır. Əgər bu gün soruşsaq ki - kimdir tökülən qanların günahkarları?- deyə bilərik ki, onlardır və onlardır".

Təəssüf ki, xarakter və mahiyyəti etibarilə evolyusiyaya köklənmiş zamanın gərdişi müxalifətin timsalında heç bir keyfiyyət yeniliyi ilə fərqlənmədi. Müxalifət özünütəmizləmə və tənzimləmə proseslərinə məruz qalmaq əvəzinə, daha da radikallaşdı, mürtəceləşdi, cəmiyyətin ictimai-siyasi orqanizmində iltihab və qızdırmalarla müşayiət olunan qarayaraya çevrildi.

2001-ci il ilin noyabrında YAP-ın ikinci qurultayında çıxış edən ulu öndər müxalifətin öz ampluasında qıfıllanıb qaldığını, məzmun və keyfiyyətcə daha da mürtəceləşdiyini təəssüflə qeyd edirdi: "...Bizim müxalifət çox radikal, düşməncəsinə mövqelərdə duran müxalifətdir. Bu müxalifət mənfi nöqteyi-nəzərdən dünyada bütün müxalifətlərdən fərqlidir. Heç bir ölkədə belə müxalifət yoxdur. Bunlar, üzr istəyirəm, hər bir çirkin, tərbiyəsiz yollara gedirlər".

Akademik Ramiz Mehdiyev Azərbaycan məkanında müxalif cərəyanın yaranması və mahiyyəti barədə "Azərbaycan: qloballaşma dövrünün tələbləri" monoqrafiyasında belə düşünür: "Təəssüflə qeyd etmək lazım gəlir ki, Azərbaycanda müxalifətçilik fenomeni dövlət quruluşu prinsiplərinin, siyasi baxışların, ideyaların digər prinsiplər, baxışlar və ideyalar ilə sağlam rəqabət aparması vasitəsi kimi dərk olunmayıbdır... Yaranmış siyasi reallığa uyğunlaşmayan, hakim elitanın siyasi və mənəvi məsuliyyətinin yükünün əhəmiyyətini dərk edə bilməyən bizim müxalifət liderləri daha yaxşı ideyalar və səmərəli təkliflərlə deyil, hökumətin ünvanına ancaq uydurma ittihamlarla çıxış edir, əsassız tənqid atəşini ölkənin siyasi-iqtisadi xəttinə qarşı, ölkə Prezidentinə və onun komandasının üzvlərinə qarşı yönəldirlər".

Səkkiz il öncə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin söylədiyi aşağıdakı fikir müxalif düşərgənin hər seçkiöncəsi əl atdığı fəndlərin nimdaşlığına işarə etməklə yanaşı, həm də xalqın birmənalı mövqeyini ortaya qoyur: "Müxalifət namizədlərindən hər biri bildirir ki, ikinci tura çıxmasa, seçkiləri tanımayacaqdır. İndidən aydındır ki, müxalifət məğlubiyyətlə barışmaq istəmir. Çünki on ildən çoxdur ki, eyni şeyi deyən, yerinə yetirilməsi mümkün olmayan eyni vədlər verən müxalifət "liderləri" məğlubiyyətlə barışsalar, siyasət meydanından getməli olacaqlar.

Tarixə yenilikçi, novator kimi yox, məhz Heydər Əliyevin xəttinin davamçısı kimi düşmək daha şərəflidir. Biz "novatorları" Azərbaycanda 1992-ci ildə görmüşük. Bu "novatorlar" hakimiyyətdə bir il qaldıqdan sonra Azərbaycan xalqı qapını göstərdi, özü də kifayət qədər birmənalı şəkildə".

Prezident seçkilərini yada salmışkən, həmin dövrdə ABŞ Milli Demokratiya İnstitutunun ölkəmizdəki səfiri xanım M.Severin mətbuata açıqlamaları böyük maraq doğurmuşdu: "Mən 2002-ci ilin noyabrından bu vaxta qədər Azərbaycanın müxtəlif partiyaları ilə tanış olmaq imkanı qazandım. Müşahidələrimə əsasən deyə bilərəm ki, müxalifət hazırkı hakimiyyətə qarşı həddindən artıq radikaldır. Bu radikallıq müxalifətə hakimiyyət orqanlarının işinə real tənqidi nöqteyi-nəzərdən yanaşmağa imkan vermir. Müxalifət cəmiyyəti düzgün qiymətləndirməyi bacarmır".

Bəs M.Sever hansı əsaslarla belə nəticəyə gəlmişdi? Sən demə, müxalifət funksionerləri arasında politoloji test keçirmək qərara alınıbmış: "Onlara tapşırıq verdik ki, hər biri cəmisi bir sətirdə ifadə olunmaqla hökumətin 10 mənfi xüsusiyyətini yazsın. Onlar həmin xüsusiyyətləri o qədər qarışıq və qeyri-konstruktiv ifadə etdilər ki, düzü, bu nəticə bizi narahat etməyə bilməzdi. Bundan sonra belə qənaətə gəldik ki, müxalifətin hətta rəhbərliyində olan şəxslər belə hökumətin çatışmayan cəhətləri barədə aydın təsəvvürə malik deyillər. Onlar ayrı-ayrı müxalifət nümayəndələrinin müxtəlif vaxtlarda mətbuatda və kuluar söhbətlərdə söylədikləri hakimiyyətin tənqidinə yönəlmiş fikirləri sistemsiz şəkildə ifadə etdilər..."

Göründüyü kimi, çox ciddi ittihamdır. Zavallı xanımcığaz nə biləydi ki, maye suyun adi halı olduğu kimi, bu cür gerizəkalıq və korazehinlik də bizim müxalifət funksionerlərinin əksəriyyətinin normal vəziyyətidir.

Almaniyanın "Neye Zuricher Zeitunq" qəzeti bizim müxalifətin iç üzünü çox yaxşı "oxumuşdu": "Azərbaycan müxalifəti iqtisadiyyatın və əhalinin sosial problemlərindən tamamilə uzaqdır. Müxalif liderlərin sevimli işi hakimiyyətin siyasi yollarla dəyişdirilməsi yollarını müzakirə etməkdir. Bu müxalifətlə işləyən alman fondlarının təmsilçiləri bu qənaətdədirlər ki, onlar yalnız hakimiyyətdəki postları tutmaq üçün mübarizə aparırlar. Onlar proqramlarda hakimiyyətə gəldikdən sonra görəcəkləri işlər barədə heç nə yazmırlar. Azərbaycan bir dövlət olaraq inkişaf edir. Onun mövcud hakimiyyəti müxtəlif sahələrdə islahatlar həyata keçirir. Müxalifət isə durduğu yerdən tərpənmir və tərpənmək də istəmir".

Təsadüfi deyil ki, Müsavat Partiyasının sədri İsa Qəmbər 2000-ci ilin iyununda ABŞ-da səfərdə olarkən "Hakimiyyətə gələcəyiniz halda Heydər Əliyevdən fərqli hansı daxili və xarici siyasət yeridəcəksiniz?" - sualına doğru-dürüst cavab verə bilməmişdi. Ümumi ifadələrlə kifayətlənmişdi ki, "...Bəs biz daxili və xarici siyasət sahəsində əsas istiqamətləri saxlamaqla daha effektiv siyasət yeridəcəyik..." ABŞ nümayəndələri elə oradaca İsa Qəmbərə xatırlatmışdılar ki, o, artıq bir dəfə hakimiyyətdə olub və dar ayaqda onu başlı-başına buraxaraq çıxıb gedib (R.Mehdiyev, XXI əsrdə milli dövlətçilik: demokratik inkişaf və müxalifət).

2003-cü ilin seçkilər öncəsi İ.Qəmbərin öz siyasi həmfikirlərinə "torba tikmək" istəyi AXCP(k) sədri Mirmahmud Mirəlioğlunun da qınağına tuş gəlmişdi: "İsa Qəmbər başda olmaqla Müsavtın bütün funksionerləri bizi aldatmağa çalışıb. Müsavat bizimlə saziş imzalayır və öhdəlik götürür ki, hakimiyyətə gələcəkləri təqdirdə AXCP ilə hesablaşacaqlar. Amma bir müddətdən sonra İ.Qəmbər vahid namizədliyini digər partiyaların sədrlərinə qəbul etdirmək üçün ADP ilə saziş imzalayıb. Hətta hakimiyyətdə onların daha yüksək səviyyədə təmsil olunacaqları barədə öhdəlik götürüb" ("Həftə içi", 06.11.03, səh.1).

Hələ 1992-ci ildə "7 gün" qəzetinin 4 iyul tarixli nömrəsinə müsahibəsində Araz Əlizadə ovaxtkı iqtidarı Etibar Məmmədov kimi neobolşeviklər deyil, mavi faşistlər adlandırırdı. Yəni, kim mənimlə deyilsə, mənim düşmənimdir: "Azərbaycanın siyasi aləmində intriqa siyasətinin yaradıcısı İsa Qəmbərdir. İlk dəfə o, AXC kimi demokratik təşkilatı radikal təşkilata çevirmişdi". Bu fikri Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də dəstəkləyir və bu cür inkişaf etdirir: "Hansısa siyasi üsullarla mübarizə apara bilməyən İsa Qəmbər siyasi mübarizəsini ancaq siyasi münaqişələrdə görür. İqtidarla mübarizə aparmağı bacarmayan, siyasəti münaqişə kimi başa düşən səriştəsiz siyasətçilər siyasi mövcudluqlarını ancaq münaqişələrlə təsdiq edirlər. Onun bütün fəaliyyəti sıfırla nəticələnib. İsa Qəmbər sıfırla nəticələnən bir siyasətçidir: əməkdaşlığı bacara bilməyən, əməkdaşlıq edə bilməyən və hər zaman məğlub olan". Bəhsi gedən siyasi fiqurun Azərbaycanda milli-azadlıq hərəkatının təşəkkülü dövründə Rusiyanın emissarları ilə sıcaq münasibətləri, məşhur "Delo" məsələsi,

20 Yanvar faciəsinin ideoloqlarından sayılan Y.Primakovun "simpatiçnıy parenyok" komplimenti, eləcə də silahdaşlarının dəfələrlə qeyd etdiyi kimi, vacib siyasi qərarlar çıxarmaq məqamında aradan sürüşmək məharəti onu etibarsız və hiyləgər müttəfiq kimi tanıdıb.

Müxalifətin əsas "lider"lərindən sayılan İ.Qəmbərin daha çox fatihəyə oxşayan bu tam olmayan "istehsalat" xarakteristikası heç də bu düşərgənin "ana"lığına iddia edən Əli Kərimlinin "şücaətlərini" kölgə altına almır və azaltmır. 1993-cü il mayın 25-də Prezident sarayında keçirilən müşavirədə komsomolçu şövqü ilə çıxış edən dövlət katibi deyirdi: "İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanması, bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib... Cinayət faktları göstərir ki, dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir".

Bəli, qura bilmədikləri bir dövlətə katiblik edən Ə.Kərimlinin etirafları ilə razılaşmamaq mümkün deyildir. AXC-Müsavat iqtidarının bildirçinin bəyliyinə bənzəyən "beş günlük şahlığı" təcrübəsizlik, səriştəsizlik, savadsızlıqla yanaşı, həm də tamahkarlığın, rüşvətxorluğun, qənimətçiliyin badına getdi.

Sonralar dəfələrlə birləşib ayrılmış L.Ş.Hacıyeva da vaxtilə bu siyasətçi ilə bağlı "simpatiya"sını gizlətmirdi: "Əli Kərimlidən çox alçaq səviyyə gördüm. İnsan düşməniylə, rəqibiylə də çərçivə, adət-ənənə daxilində davranmalıdır. Bizdə ona kişilik deyirlər. Kişilik xarakterdir, şalvar deyil". ("XC", 30.07.03, səh.7).

 

* * *

 

Azərbaycan yeni yolun başlanğıcındadır. Bu yol genişdir, perspektivlidir, lakin rahat və hamar deyil. Yanında vəfalı, fədakar dostları var. Fəqət, uğurlarına darılanları da az deyil. Atalarımızın müdrik bir məsəli var; birindən soruşanda ki, - Qardaşın necə adamdır? - Cavab verir ki, bilmirəm, yol yoldaşı olmamışam!

Bir də deyirlər ki, sən mənə dostunu göstər, deyim necə adamsan.

Bölücülüklə, təfriqəçiliklə işimiz yoxdur. Yaxşımız da, pisimiz də özümüzünküdür. Öz içimizdəndir. Sadəcə, yol getmiş, yoldaşlıq etmiş adamların bir-biriləri haqqında nə düşündüklərini yada saldıq.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.-10 mart.- S. 7.