Güclü cəmiyyətin zəif müxalifəti

 

Yaxud bizə hansı müxalifət lazımdır?

 

Hər bir normal, demokratik cəmiyyətdə vətəndaşların sosial fəallığının, siyasi yetkinliyinin hərarət və səviyyəsini müəyyənləşdirən meyarlardan biri, bəlkə də, öncülü seçki institutudur.

Ölkədəki prezident, bələdiyyə və parlament seçkilərindən ötən dövr ərzində radikal müxalifət düşərgəsində siyasi passivliklə müşahidə olunan kəskin böhran daha da dərinləşib. Son parlament seçkilərinin demokratikliyi seçkinin nəticələrini tanımayan müxalifət düşərgəsini daxili və xarici qınaqlarla üzləşdirdi. Bu fakt özlüyündə hakimiyyət iddiasında olan müxalif düşərgənin az qala iki onilliyi əhatə edən səbatsız siyasi fəaliyyətinin məntiqi nəticəsidir. Ana müxalifətçiliyə iddialı iki partiyanın namizədlərinin parlamentdən kənarda qalması ilə nəticələnən seçkilər sübut etdi ki, ölkə vətəndaşı müxalifət liderlərinə etimad göstərmir, destruktiv və dağıdıcı siyasi qüvvələrin hakimiyyətə gəlmək istəyini dəstəkləmir.

 

Yeniləşmiş müxalifət cəmiyyətin sifarişidir

 

Siyasi partiyaların mübarizə tarixində qələbə çalmaq üçün onların yeniləşməsi, məzmun və forma etibarilə daha məhsuldar və effektiv gedişləri ehtiva edən yeni taktiki konsepsiya müəyyənləşdirməsi əsas şərt kimi dəyərləndirilir. Məsələn, ABŞ-ın əsas siyasi təşkilatları olan demokratlar və respublikaçılar partiyalarında ayrı-ayrı seçkilərə eyni namizədlərlə getmək praktikası yoxdur və bu, onlar üçün qəbahət sayılır.

Siyasi elitanın yeniləşməsi zərurəti sosial sifarişə çevrilərək bütün dünyada gedib. Vaxtilə Türkiyədə Böyük Millət Məclisinə keçirilən erkən seçkilərdə Dövlət Baxçalı, Məsud Yılmaz, Tansu Çillər, Bülənt Ecevit kimi simalar siyasi səhnəni tərk etdilər. Almaniyada 1998-ci ildə keçirilən kansler seçkisində məğlub olan böyük siyasi xadim Helmut Kol, Afrikanın azadlıq mücahidi Nelson Mandela, Böyük Britaniyada "dəmir ledi" Marqaret Tetçer də bu yolu tutdular, siyasi məğlubiyyəti şəxsi faciə kimi deyil, xalqın seçimi kimi dəyərləndirdilər. Bu, normal siyasi mədəniyyət, davranış tövrüdür.

Düzdür, radikal müxalifət liderləri ilə bu simalar arasında paralellər aparmaq mümkün deyil. Lakin bir reallıq qəbul edilməlidir: uduzanlar siyasətdən getməli, onların yerini praqmatik, konstruktiv qüvvələr tutmalıdır. Seçki məğlubiyyətinin dəfələrlə təkrarlanmasına rəğmən, radikal müxalifət liderləri belə bu addımı çoxdan atmalı idilər. Artıq nəinki cəmiyyət, heç rəhbərlik etdiyi partiyaların üzvləri də onların gələcəyinə inanmır. Son illər ərzində Müsavat və Xalq Cəbhəsi partiyalarının sıralarındakı "yarpaq tökümü"nə nəzər salmaq kifayətdir. Kimlər getmədi? Kimlər tərk etmədi yumşaq "divan"dakı yerini? Qabil Hüseynli, Sülhəddin Əkbər, Adil Qeybulla, İbrahim İbrahimli...

Heç kəsə sirr deyil ki, bu gün radikal mövqe nümayiş etdirən müxalifət partiyaları maliyyə dəstəyini xarici dövlətlərdən alır, əlləri "qoca qitə"dən, Skandinaviyadan tutmuş okeanın o tayınacan səpələnmiş "dayı"larının cibindən çıxmır. Bu isə birbaşa Azərbaycanın dövləti və milli təhlükəsizliyinə təhdid və təhlükə mənbəyidir. El arasında nahaq yerə demirlər ki, özgəsinin buğda süfrəsindən yalmanan pişik məqam düşəndə özününkünün qəsdinə duran çaqqala çevrilə bilər.

Ötən prezident və parlament seçkiləri bir daha göstərdi ki, müxalifətin artıq xalqa deyəsi heç bir sözü qalmayıb, o tükənib, aşınıb, köhnəlib. Belə bir uğursuz sonuc nəticə etibarilə müxalifətin səhnədən üzüsulu getməsini şərtləndirməli idi. Bu, iqtidarın arzusu, yaxud hansısa siyasi qrupun istəyi deyil, konkret situasiyada özünü təsbit edən yeganə məntiqi variantdır. Bu gün onların arasında gənc müxalifət yetişir. Onlar tək yaşlarına görə deyil, həm də düşüncə, ideya etibarilə mütərəqqi və gəncdirlər. Sıralarındakı köhnə təfəkkürlü, antimilli adamları görürlər, müasir tipli mübarizə vasitələrinə meyil edirlər, intellektual üstünlüyə, ağıl və əməlin prioritetinə önəm verirlər. Anlayırlar ki, sivil mübarizə yolu ilə, ağılla məqsədə daha tez və rahat çatmaq mümkündür, nəinki küçələrə tökülüşüb fit calmaq, daş atmaq, məzhəkə çıxarmaqla. Belə bir davranış artıq müxalifətin öz içərisindən çıxan müxalifət yaranmasından xəbər verir. Cəmiyyət normal müxalifət və sivil mübarizə üsullarını tanıyır.

Bu gün Azərbaycandakı real hakimiyyətə konstruktiv müxalifətçilik edən siyasi qüvvələr də var. Demokratik İslahatlar, Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi və digər partiyalar fəaliyyətləri dövründə cəmiyyətə normal, sivil müxalifətçiliyin nümunəsini göstərməklə sosial baza toplaya bildilər və elə həmin fəal elektoratın dəstəyi ilə növbəti parlament seçkilərində də deputat mandatı əldə etdilər. Müsavat və AXC isə qapısının ağzında tum sata-sata gözü onun-bunun arxasında qalan qarı kimi hələ də yerində sayır.

Təkzibedilməz faktdır, ən yeni tariximizin inkişaf və kəşməkeşlərlə müşayiət olunan ötən illərində müxalifət öz üzərində işləmədi, şitil olaraq qaldı. Azərbaycan cəmiyyəti, toplum o qədər tolerantdır ki, müxalifət partiyalarının yaranıb kağız üzərində də olsa təşəkkül tapması üçün münbit zəmin tanıyıb. Ancaq həmin partiyalar ümummilli maraqları sıxışdıraraq öz dar firqə maraqlarını önə çəkdilər ki, bu da artıq xalqın sinirlərini oynatmağa başladı.

Müxalifət bu xalqa nə verib? Bəs iqtidar xalqa nə verib? Dəyərləndirmə məhz bu müstəvidə, qoyulan suallar ətrafında getməlidir. 1993-cü ildən bəri, xüsusilə coşqun inkişaf illəri kimi yadda qalan son səkkiz ildə Azərbaycanın nail olduğu nə varsa, hamısı iqtidarın əməyi, əməli, zəhmətidir. Qərb sərhədlərimiz Balakəndən və Qazaxdan, şimalda Qusar, cənubda Lənkərandan, Naxçıvandan üzü bəri respublikanın hər bir guşəsində, rayonunda, kəndində, paytaxt Bakıda həyata keçirilən nəhəng quruculuq işlərinin, hər gün həyata vəsiqə alan yeni-yeni sosial-mədəni və istehsal təyinatlı ünvanların tək bir memarı və inşaatçısı var - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtidarı və onları dəstəkləyən Azərbaycan xalqı!

Müxalifət də ortaya dəbdəbəli bəlağətdən, quru boşboğazlıqdan, yazdığı donoslardan savayı bir iş qoysun, sarıdığı bir yaralı barmaq göstərsin. Məgər bu ölkənin onlara dəxli yoxdurmu?! Barmaq qatlasınlar görək yığışıb harada bir ağac əkiblər, bir kimsəsizə hayan durub, bir imkansıza əl uzadıblar?! Bu ölkə, bu xalq üçün görülən işlərin hansına sevindikləri, alqışladıqları yadlarına düşürmü? Məgər bu dövlətdən barınanlar içində özcə qohumları, tanışları, qonşuları yoxdurmu? Yoxsa Allah onları sevinmək hissindən də qısır yaradıb?

Radikal müxalifət düşərgəsinin yeniləşməsinin zəruriliyi bir neçə amillə diktə olunur. Başlıca amil ondan ibarətdir ki, onlar son 13 ildə ölkədə keçirilmiş bütün seçkilərdə (dörd prezident, dörd parlament və üç bələdiyyə seçkisi) məğlubiyyətə uğrayıblar. Məğlub partiyalar isə qəbul edilmiş siyasi davranış normalarına görə ya yeniləşməli, ya da tarixin arxivinə atılmalıdır. Təəssüflər olsun ki, bizdə nə birinci proses baş verir, nə də "əbədi gənc" təqaüdçülər siyasi səhnədən çəkilmək mədəniyyəti nümayiş etdirirlər. Azərbaycanda müxalifətçiliyi hansı amillər şərtləndirir - ideoloji faktorlar, dövlət və xalq naminə ümummilli mənafe, yoxsa şəxsi ambisiyalar? Müxalifət hələlik sonuncu əlamət əsasında birləşdiyini sübut edə bilib.

Bu müxalifətin əsas məqsədi cəmiyyətdə siyasi qüvvələr arasında sivil münasibətlər qurmaq, ümummilli məsələlərin həllində vahid mövqe nümayiş etdirmək, Azərbaycanın Avropanın, Qərbin demokratik cəmiyyətlərinə inteqrasiyası yolunda atdığı addımlarda iqtidara yardım göstərmək deyil, əksinə, iqtidarın uzun illər gördüyü işləri, çox gərgin fəaliyyət nəticəsində əldə etdiyi uğurları inkar etmək, bütün vasitələrlə, hətta vətəndaşlar arasında qarşıdurma yaratmaq, xalqa maddi ziyan və mənəvi zərbələr vurmaq bahasına olsa belə, öz çirkin məqsədlərinə nail olmaqdır. Lakin indi onların nə əvvəlki tək zəif olaraq qalan sosial bazası, nə də müxalifətçiliklərinin uzanması səbəblərini izah edə biləcək ciddi arqumentləri qalıb.

 

Müxalifət nəyə ümid edir?

 

Ac toyuğun yuxudakı darı sevdasına.

Bəli, nə qədər gülünc görünsə də, son aylar ərəb ölkələrində baş verən hadisələr ölkə müxalifətinin radikal qanadını irreal illüziyaların ağuşuna atıb. Səhv etmirəmsə, mütəfəkkirlərdən O.Uayldın sözüdür: "Cəmiyyət bəzən cinayətkarı da bağışlayır. Xəyalpərəsti yox!" Bu yerdə Molla Nəsrəddinin məşhur "Sənə nə" lətifəsi də yada düşür.

Bəli, əlləri hər yerdən üzülən İsa Qəmbər, Əli Kərimli və K-sı düşünür ki, uzaq Aralıq sahillərində başlayan narazılıq dalğası hansı ruzgarlarınsa təsiri ilə Xəzərin sahilinə də gəlib çıxa bilər. Bu, türk qardaşlarımız demiş, "zəka küpləri" ali təhsillərinə, neçə illik siyasətçi təcrübələrinə rəğmən hələ də dərk edə bilməyiblər ki, inqilablar üçün zaman və şəraitdən başqa səbəb də olmalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev hələ üçüncü çağırış Milli Məclisinin ilk iclasında çıxış edərkən açıq bəyan etmişdi: "İnqilab etmək üçün real situasiya və bunu bacaran cəsarətli siyasi liderlər lazımdır. Bu iki amilin heç biri Azərbaycanda mövcud deyil".

İllər öncə müsavatçı H.Hacızadə də erməni qəzeti "Arovat"ın suallarını cavablayarkən açıq mətnlə etiraf etmişdi ki, Azərbaycanda hər hansı bir rəngli inqilab gözləntisinin perspektivi sıfıra bərabərdir. Situasiya elədir ki, müxalifətin buna imkanları yoxdur, potensialı olduqca zəifdir: "Söhbət demokratik fədakarlardan getmir. İnqilab olması üçün ona uyğun şərait olmalıdır. Azərbaycanda isə bu yoxdur. Çayxanada çay içib söhbət etməklə iş bitmir".

Postseçki dövrünün reallıqları radikal müxalifətin destruktiv-pozucu xarakterini, bu qüvvələrin ölkədəki ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən təxribatçı addımlarını tam çılpaqlığı ilə ortaya qoyur. İqtidarın ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı hər uğurlu layihəsindən sonra aqressiv müxalifətin ölkə daxilində ictimai-siyasi sabitliyi pozmaq, bu yolla respublikanın beynəlxalq imicinə zərbə vurmaq cəhdləri özünü daha qabarıq göstərir. "Vəziyyət nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır" prinsipindən çıxış edən bu dağıdıcı qüvvələrin fəaliyyəti pozuculuğa, qeyri-sivil mübarizə metodlarına, şər və böhtan kampaniyasına, şayiə texnologiyasına əsaslanır.

Azərbaycanda müxalifətin fövqündə cəmiyyətin, toplumun radikallaşması üçün real zəmin oynaya biləcək amillər yox dərəcəsindədir. Hakimiyyətin ölkəiçi siyasətinin əsas məhvərini, aparıcı leytmotivini xalqın sosial rifahının artırılması xətti təşkil edir. Həqiqətdir ki, bu gün Azərbaycan insanı işini, çörəyini, övladlarının sabahını kimlərinsə volyuntarist iddialarının ayaqları altına atıb meydanlara çıxmayacaq. Ən azından Prezidentdən sonra kütləni arxasınca apara biləcək ikinci belə bir siyasi qüvvə, lider də yoxdur.

Ötən səkkiz ilin iqtisadi tərəqqi və sosial rifah faktoruna söykənən yüksəliş tarixinin vizual təhlili belə göstərir ki, Azərbaycanda demokratik proseslərin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynayır. "Güclü iqtisadiyyat - müstəqil və liberal dövlət" prinsipinin uğurla reallaşdırıldığı ölkədə hansısa "anarxist ssenari"nin gerçəkləşdirilməsi nəinki mümkünsüzdür, ümumiyyətlə, siyasi müzakirə predmeti deyildir. Bir sıra MDB respublikalarından fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və uğurlu şəkildə idarə edilir. Hakimiyyət qolları arasında nəinki qarşıdurma meyilləri yoxdur, əksinə, onlar arasında konstruktiv əməkdaşlıq mövcuddur. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir.

Etiraf olunmalıdır ki, cənab İlham Əliyevin hakimiyyətinə alternativ ciddi siyasi müxalifət, yaxud 18 il əvvəl olduğu kimi, hərbi müxalifət təhlükəsi yoxdur və dövlətçilik mexanizmi sistemli şəkildə oturaqlaşıb. Dövlət artıq 1993-cü ilin deyil, müasir dünyanın gerçəklikləri ilə yaşayır

Beləliklə, bu gün Azərbaycanda hakimiyyətə iddialı müxalifət liderləri 90-cı illərin səviyyəsində ilişib qalıblar. Lakin indiki dövr quruculuq dövrüdür və konstruktiv təklif və proqramlar, mütərəqqi ideya və konsepsiyalar irəli sürməyi zəruri edir. Müxalifət isə məhz bu məsələdə intellektual qısırlıqdan əziyyət çəkir. Çünki 2003-cü ilin payızında hakimiyyət başına gəlmiş cənab İlham Əliyev başqa yolu - sivil və intellektual mübarizə yolunu seçib. Elə bir dirçəliş kursu seçilib ki, sonucda Azərbaycan insanı dəyişsin, cəmiyyətə yeni düşüncə və təfəkkür tərzi hakim kəsilsin: "Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir".

 

Qüruba, yoxsa üfüqə doğru?

 

Etiraf edək: bu gün Azərbaycan kimlərinsə istəyib-istəməməsindən, coşqun inkişafın bəhrəsi kimi həyatımıza daxil olan yenilikləri qəbul edib-etməməsindən asılı olmayaraq beynəlxalq miqyasda tanınan, konkret məsələlərlə bağlı rəy və mövqeyi nəzərə alınan bir ölkədir. Bəşəri dəyərlərə fəal inteqrasiya edən Azərbaycanda demokratiya təkamül yolu ilə inkişaf edir. Bu həqiqəti həyata keçirilən demokratik islahatları izləmək üçün ölkəmizə mütəmadi səfərlər edən beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının təmsilçiləri də təsdiqləyirlər. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan müstəqil Azərbaycan atdığı addımlarla bu dəyərlərə sadiqliyini nümayiş etdirir. Cəmiyyətə əyani sübutlarla təlqin edilir ki, görülən işlər deklarativ xarakter daşımır, hansısa beynəlxalq təşkilata, dövlətə xoş gəlmək məqsədinə deyil, ölkəmizin uğurlu gələcəyinə hesablanıb.

Müstəqil dövlətimiz Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik prinsipləri həyata keçirdiyi siyasi strategiyanın önündə saxladığını təsdiqləyib. Ölkəiçi siyasi hadisələrin major ovqata kökləndiyi bir şəraitdə daxili bədxahlarımız xarici antiazərbaycançı qüvvələrlə işbirliyi əsasında ölkədə aparılan demokratik islahatları, onların uğurlu nəticələrini inkar edir, ölkə iqtidarını demokratiyanın inkişafında, guya, maraqlı olmamaqda suçlayır.

Bu gün müxalifət xaricdəki şəbəkələrlə birləşib pozuculuq, təxribat xarakterli fəaliyyətini genişləndirməyə cəhd göstərir. Nə azərbaycançılığa, nə müsəlmançılığa, nə insanlığa, nə də ki bütövlükdə milli-mənəvi, etik-əxlaqi dəyərlərimizə yaraşan çirkin təbliğat aparır. Əsas məqsəd xalqda inamsızlıq və çaşqınlıq yaratmaq, sabitliyi pozmaqdır. Cəhdlərinin əbəsliyi, ictimaiyyətin destruktivliyi qətiyyətlə rədd etməsi onları qıcıqlandırır. Bu müxalifətin bir sosial toplum olaraq siyasət səhnəsindən silinməsinin zəruriliyini diktə edən daha bir amil isə sosial bazasının, elektoratının düşkün, zəif və marginal olmasıdır. Azərbaycan reallığında hətta normal opponentliyə belə yaramayan antimilli müxalifət partiyalarının sosial bazasını təşkil edən qruplar yekrəng və amorfdurlar. Onları ideya-qayəvi birlik, milli həmrəylik, azərbaycançılıq ideologiyası, xəlqi ruh, məfkurə yekdilliyi deyil, şəxsi maraq və ambisiyalar birləşdirir. Ancaq zaman başqa, şərait özgədir. Xalq müxalifətdən deyil, bu cür müxalifətdən bezib.

Fizikadakı adi hərəkət qanununa görə, dalğa bir yerdə qala bilməz; o, fasiləsiz olaraq irəli və geri hərəkət etməlidir. Tarix də elədir. İctimai həyatın çirkin ifrazatı radikal ruhlu müxalifətin sıralarında yer aldığına görə o nə isə etmək, bacarmaq, yaratmaq iqtidarında deyil.

Bir də deyirlər ki, dəniz çirkab götürmür; o, yad cisimlərdən xilas olmaq üçün güclü dalğaları ilə vurub sahilə çıxarır. Öz doğuşu və təşəkkülü ilə ən yeni tariximizin ikrahdoğurucu səhifələrindən birini yazmış radikal, antimilli müxalifət də cəmiyyətimizin kükrəyən inkişaf ahənginin miqyaslarına tab gətirməyərək siyasi səhnədən silinməkdə, çökməkdə, iflas etməkdədir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.-11 mart.- S. 6.