Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Edmond Hacinaston Albaniyanın Baş naziri Sali Berişanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayaraq Azərbaycanda gedən sürətli inkişaf proseslərini respublikamızın düzgün istiqamətdə irəliləməsinin göstəricisi kimi dəyərləndirdi. Nazir Albaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi. Edmond Hacinaston bildirdi ki, Azərbaycan ilə Albaniya arasında mövcud olan siyasi münasibətlər əlaqələrimizi həm ikitərəfli, həm beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirə bilər. Ölkələrimizin bir-birini dəstəkləməkdə davam edəcəyini vurğulayan qonaq qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün böyük imkanların olduğunu dedi.

Ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Albaniyanın yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, Albaniya Prezidenti ilə dostluq münasibətində olduğunu bildirdi. Azərbaycan ilə Albaniya arasında fəal dialoqun mövcudluğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birini dəstəkləməsinin güclü əməkdaşlıq əlaqələri yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun ölkəmizə səfərinin azərbaycanlı həmkarları ilə əməkdaşlığımızın inkişafına dair gələcək planların müzakirə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etdi.

Dövlətimizin başçısı Albaniyanın Baş naziri Sali Berişanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 mart.- S. 1.