Prezident İlham Əliyev
Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Arturo Duarte Ortiz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə
söhbət etdi.
Dövlətimizin
başçısı Azərbaycan ilə Qvatemala arasında
BMT çərçivəsində məhsuldar əməkdaşlığın
olduğunu vurğuladı. Siyasi sahədə münasibətlərimizin
səviyyəsindən razılığını bildirən
Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif
istiqamətlərdə yeni əməkdaşlıq sahələrinin
müəyyənləşdirilməsinin,
qarşılıqlı ticarət əlaqələrinin
qurulması üçün imkanların
araşdırılmasının zəruriliyini
vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın
inkişaf etdirilməsi üçün
xalqlarımızın arasında münasibətlərin
möhkəmləndirilməsinin vacibliyini bildirdi.
Səfir Arturo Duarte Ortiz
Qvatemala Respublikasının Prezidenti Alvaro Kolom Kabayerosun
salamlarını dövlətimizin başçısına
çatdırdı. Qvatemalanın Azərbaycan ilə siyasi
münasibətlərinin razılıq doğurduğunu deyən
səfir ölkələrimiz arasında digər sahələrdə
də yaxşı əlaqələr qurmaq üçün əməkdaşlıq
imkanlarının araşdırılmasının zəruriliyini
qeyd etdi.
Prezident İlham Əliyev
Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosun salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Qvatemala dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2011.-11 mart.- S. 1.