Prezident İlham Əliyev Sloveniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Milan Yazbetsin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Milan Yazbets etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Milan Yazbetsin səfir kimi ölkəmizdə fəaliyyəti dövründə Azərbaycan ilə Sloveniya arasında əlaqələrin uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlət başçıları səviyyəsində çox yaxşı əlaqələrin və şəxsi münasibətlərin olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Sloveniyanın Azərbaycana yaxın dost və tərəfdaş ölkə olduğunu deyən dövlətimizin başçısı münasibətlərimizin inkişafı üçün möhkəm zəminin olduğunu və əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu dedi.

Səfir Milan Yazbets Sloveniya Respublikasının Prezidenti Danilo Türkün salamlarını dövlətimizin başçısına çatdırdı. O, Sloveniya dövləti başçısının Azərbaycan Prezidenti İlham Əliyev ilə yaxşı şəxsi əlaqələrinin olmasının ölkələrimiz arasında münasibətlərin inkişafındakı önəmini qeyd etdi. Milan Yazbets ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini bildirdi.

Dövlətimizin başçısı Sloveniya Respublikasının Prezidenti Danilo Türkün salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 mart.- S. 1.