Prezident İlham Əliyev
Tailandın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Arbhorn Manasvaniçin etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Arbhorn Manasvaniç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə
söhbət etdi.
Dövlətimizin başçısı əminliklə bildirdi ki, ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün ölkələrimiz arasında daha sıx əməkdaşlığın həyata keçirilməsi zəruridir. Azərbaycan ilə Tailand Krallığı arasında siyasi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif istiqamətlərdə - iqtisadi, energetika, turizm və bir sıra digər sahələrdə genişləndirilməsi üzərində çalışmağın önəmini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan tərəfinin Tailandın daha çoxlu sayda şirkətlərinin ölkəmizə gəlməsinə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev ölkələrimizin iş adamları arasında bir-birini daha yaxşı tanımaq üçün qarşılıqlı maraqların olduğunu da qeyd etdi. Dövlətimizin başçısı xanım Arbhorn Manasvaniçin səfir kimi Azərbaycandakı fəaliyyətinin ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Səfir xanım Arbhorn Manasvaniç Tailand Kralı Bhumibol Adulyadejin salamlarını dövlətimizin başçısına çatdırdı.
Azərbaycan ilə Tailand arasında ikitərəfli əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu bildirən xanım Arbhorn Manasvaniç əməkdaşlıq imkanları ilə yaxından tanış olmaq və ticarət əlaqələrinin genişləndirilməsi üçün ölkəsini təmsil edən iş adamlarının özü ilə birgə Azərbaycana gəldiyini dedi. O, Azərbaycanda tailandlılardan ibarət kiçik bir icmanın yaşadığını da bildirdi.
Dövlətimizin başçısı Kral Bhumibol Adulyadejin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tailandın dövlət başçısına çatdırmağı xahiş etdi.
Azər Tac
Azərbaycan.- 2011.-11 mart.- S. 2.