Prezident İlham Əliyev
Sudanın Azərbaycanda yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Hussein Hasan Zarougun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Mohammed Hussein Hasan
Zaroug etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə
söhbət etdi.
Səfir Mohammed Hussein Hassan
Zaroug Prezident İlham Əliyev kimi nüfuzlu şəxsiyyətin
rəhbərlik etdiyi Azərbaycana səfir təyin
olunmasından şərəf hissi duyduğunu bildirdi. Səfir
Sudan Prezidenti Ömər Hassan əl-Bəşirin
salamlarını və dərin ehtiramını dövlətimizin
başçısına və Azərbaycan xalqına
çatdırdı. Ölkələrimiz arasında ümumi
dəyərlərin mövcud olduğunu qeyd edən sudanlı
diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi
ilə bağlı ölkəmizin hüquqlarını, eləcə
də Azərbaycanın İslam Konfransı Təşkilatı
və BMT-yə təqdim etdiyi qətnamələri ölkəsinin
dəstəklədiyini bildirdi. Sudanın Azərbaycanla iqtisadi
sahədə əməkdaşlığının genişləndirilməsinin
vacibliyini qeyd edən Mohammed Hussein Hasan Zaroug ölkəmizin
neft sahəsində böyük təcrübəyə malik
olmasını nəzərə alaraq, Azərbaycanın
Sudanın neft sənayesinin inkişafı ilə bağlı
təcrübəsinin bölüşdürülməsində
və Azərbaycanın Sudanın energetika sahəsinə sərmayə
qoyulmasında ölkəsinin maraqlı olduğunu dedi.
Sudanın neft sənayesində hazırda yüksək vəzifələri
tutan xeyli sayda mütəxəssisin vaxtilə Azərbaycanda təhsil
aldığını vurğulayan səfir, sudanlı tələbələrin
yenidən ölkəmizdə təhsil almaları ilə
bağlı müqavilənin imzalanmasının zəruriliyini
də bildirdi.
Ölkəmizlə
münasibətlərə dair səfirin fikirlərinə
razılığını bildirən dövlətimizin
başçısı beynəlxalq təşkilatlarda
Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Azərbaycanın ərazi
bütövlüyünü və ölkələrimizin beynəlxalq
təşkilatlarda bir-birini dəstəkləməsini yüksək
qiymətləndirdi.
Dövlətimizin başçısı
Prezident Ömər Hassan əl-Bəşirin salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Sudan dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2011.-11 mart.- S. 2.