Albaniya Azərbaycan ilə əlaqələrin
inkişafında maraqlıdır
Martın 10-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Albaniya Baş nazirinin müavini və xarici işlər naziri Edmond Hacinaston ilə görüşmüşdür.
Qonağı
səmimiyyətlə salamlayan Baş nazir A.Rasizadə
E.Hacinastonun Bakıya səfərinin ikitərəfli
münasibətlərin inkişafına təkan verəcəyinə
əminliyini söyləmiş, əlaqələrimizin daha da
inkişaf etdirilməsi üçün geniş potensialın
mövcud olduğunu bildirmişdir.
A.Rasizadə qonağa
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə də məlumat vermişdir.
Göstərilən
qonaqpərvərliyə görə minnətdarlığını
bildirən E.Hacinaston Bakıda aparılan tikinti-quruculuq işlərini
yüksək qiymətləndirərək bunu Azərbaycanın
inkişafının bariz nümunəsi kimi dəyərləndirmişdir.
Albaniya ilə Azərbaycan dost dövlətlərdir deyən
qonaq, təmsil etdiyi ölkənin Baş nazirinin
salamlarını Artur Rasizadəyə
çatdırmışdır.
Bakıya səfərinin məqsədinin Azərbaycan ilə Albaniya arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etmək, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək olduğunu vurğulayan E.Hacinaston bildirmişdir ki, ölkəsi bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır.
Albaniya Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini də vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 11 mart.- S. 2.