Albaniya Azərbaycanla iqtisadi, ticarət əlaqələrinin genişlənməsində maraqlıdır

 

Azərbaycanda səfərdə olan Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinaston martın 10-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Görüşdə Oqtay Əsədov qonağın Azərbaycana ilk səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini bildirmişdir. Dİqqətə çatdırmışdır ki, Azərbaycan və Albaniya arasında dostluq münasibətlərinin çox qədim tarixi vardır. Əlaqələrimiz bu gün hərtərəfli inkişaf edir. Əməkdaşlığımızın daha da genişlənməsində, əlaqələrimizin dərinləşməsində dövlətlərimizin başçılarının xüsusi rolu vardır. Ötən il Azərbaycanda səfərdə olmuş Albaniya parlamentinin sədri Jozefina Topallini ilə görüşünü diqqətə çatdıran Milli Məclisin Sədri qarşılıqlı səfərlərin, aparılan danışıqların əməkdaşlığımızın möhkəmlənməsində mühüm rol oynayacağını nəzərə çatdırmışdır. Son illər Azərbaycanda qazanılmış nailiyyətlərdən, ölkənin dinamik inkişafından danışan O.Əsədov demişdir ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, respublikanın iqtisadi inkişafı daha sürətli olardı. Sədr xalqımızın ən ağrılı problemi barədə də qonağa ətraflı məlumat vermiş, Azərbaycanın münaqişənin sülh yolu ilə, ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamışdır.

Edmond Hacinaston Bakıda olmağından məmnunluğunu bildirərək Azərbaycanın dinamik inkişafını öz gözləri ilə gördüyünü söyləmişdir. Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini, Baş nazir və xarici işlər naziri ilə görüşdüyünü diqqətə çatdıran qonaq demişdir ki, belə görüşlər münasibətlərimizdə yeni səhifələr açacaqdır. Albaniya Azərbaycanla iqtisadi, ticarət əlaqələrinin genişlənməsində çox maraqlıdır.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 mart.- S.2.