Edmond Hacinaston: Albaniya Azərbaycanın
ərazi bütövlüyünü tam dəstəkləyir
Martın 10-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Albaniyanın Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinaston ilə görüşmüşdür.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında müzakirə olunan məsələlərlə bağlı ətraflı məlumat verilmişdir.
Azərbaycan ilə Albaniya arasında dostluq münasibətlərinin olduğunu deyən E.Məmmədyarov görüşdə ölkələrimiz arasında bir çox istiqamətlərdə, xüsusilə siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunmuşdur. Görüşdə "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş"in imzalandığını bildirən E.Məmmədyarov vurğulamışdır ki, bu sənəd ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə öz töhfəsini verəcəkdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi ilə bağlı albaniyalı nazirə ətraflı məlumat vermişdir.
Ölkəmizə səfərindən məmnun olduğunu bildirən E.Hacinaston Azərbaycanın sürətlə inkişaf etdiyini və bu tərəqqinin təkcə respublikamız deyil, bütün region üçün əhəmiyyətli olduğunu qeyd etmişdir.
Qısa müddətdə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin planlaşdırıldığını bildirən albaniyalı nazir ölkələrimiz arasında digər sahələrlə yanaşı, turizm və ticarət sahəsində də əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
E.Hacinaston Albaniyanın Azərbaycanın ərazi
bütövlüyünü tam dəstəklədiyini və
danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini qeyd
etmişdir.
Azərbaycan.- 2011.-11 mart.- S. 3.