Akademik Milli Dram Teatrı əsaslı təmirdən
sonra
ilk dəfə tamaşaçıları "Qarabağnamə" ilə
salamlamışdır
Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra ilk dəfə qapılarını teatrsevərlərin üzünə açmışdır.
AzərTAc xəbər verir ki, teatrın yaradıcı heyəti Milli Teatr Günündə teatrsevərlərə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında tam yeni quruluşda hazırlanmış "Qarabağnamə"ni təqdim etmişdir.
Tamaşaya Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, tanınmış elm və mədəniyyət xadimləri də baxmışlar.
Tamaşadan əvvəl çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün sənət adamlarını əlamətdar gün münasibətilə təbrik etmiş və 138 illik tarixi olan Azərbaycan teatrının hazırkı inkişaf prosesi ilə bağlı ətraflı məlumat vermişdir. Nazir demişdir ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezidentin bilavasitə təşəbbüsü ilə son illər ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra dövlət sənədləri qəbul edilmişdir.
Ə.Qarayev əminliklə vurğulamışdır ki, müasir üslubda təmir edilmiş, ən yeni texnologiya ilə təchiz olunmuş Akademik Milli Dram Teatrı Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayacaqdır. Sonra ikihissəli faciə - "Qarabağnamə" nümayiş etdirilmişdir.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı, əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir.
Əsas rolları xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, əməkdar artistlər Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Əli Nurzadə, Elşən Cəbrayılov, aktyorlar Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov və başqaları ifa etmişlər.
Böyük maraqla qarşılanan tamaşa martın 11-12-də də göstəriləcəkdir.
Azərbaycan.- 2011.-11 mart.- S. 2.