ABŞ Prezidentinin elm məsələləri
üzrə xüsusi nümayəndəsi Səngəçal
neft və qaz terminalı ilə tanış olmuşdur
Azərbaycanda səfərdə olan ABŞ Prezidentinin elm məsələləri üzrə xüsusi nümayəndəsi Elis Qast martın 10-da Səngəçal neft və qaz terminalı ilə tanış olmuşdur.
Terminal ilə tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Bildirilmişdir ki, mərkəz gəncliyin neft-qaz sektoruna marağının artırılması üçün yaradılmışdır. Hər gün buraya neft hasilatı və neft-qaz sənayesinin tarixi ilə tanış olmaları üçün şagirdlərin ekskursiyaları təşkil edilir.
Sonra qonağa Azərbaycanın neft və qaz hasilatının tarixi, neft sektorunun ölkəmizin iqtisadiyyatında mühüm rolu, neft kəmərləri, Xəzərin neft və qaz yataqları, terminalda görülmüş işlər, o cümlədən xam neft nümunələri barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda həyata keçirilən bütün iri neft layihələrinin qovuşduğu bu terminalın tikintisinə 2001-ci ilin noyabrından başlanmışdır. Terminalda tutumu 880 min barel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır.
Sonda E.Qast Səngəçal
terminalının ərazisini avtobusla gəzmişdir.
Qonağa terminaldakı texnoloji proseslər barədə ətraflı
məlumat verilmişdir.
Azərbaycan.- 2011.-11 mart.- S. 3.