AŞ PA Siyasi komitəsinin
yığıncağı keçirilmişdir
Martın 9-da Avropa Şurasının (AŞ) Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Siyasi komitəsinin növbəti yığıncağı keçirilmişdir. Komitə üzvləri yığıncağın gündəliyinə çıxarılmış Parlament Assambleyasının islahatı, Avropa Şurasına Lissabon müqaviləsinin təsiri, Avropa Şurası və Avropa İttifaqının Şərq tərəfdaşlığı, Belarusda vəziyyət, Əfqanıstandan daşınan narkotik maddənin trafikinin artmasının Avropanın təhlükəsizliyi üçün ciddi təhlükə olması, İranın nüvə proqramı, Tunisdə və Yaxın Şərqdə vəziyyət, mədəniyyətlərarası dialoqun dini ölçüsü və digər məsələləri müzakirə etmişlər.
Fransanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Jan-Klod Minonun Parlament Assambleyasının islahatı ilə bağlı məruzəsində və bu problem ətrafında müzakirələrdə çıxış edən deputatlar 60 illiyi bu yaxınlarda qeyd edilən Avropa Şurasına yeni üzvlərin qəbul edildiyini bildirmiş, uzun illər onun iş prinsipində heç bir dəyişiklik aparılmadığı və elə buna görə də qurumun ciddi islahatlara ehtiyacı olduğu diqqətə çatdırılmışdır. Avropa Şurası və Avropa İttifaqının Şərq tərəfdaşlığı (məruzəçi polşalı deputat D.Lipinski) məsələsi ilə bağlı müzakirələrdə bu problemin Avropa Şurasında 2009-cu ilin fevralında müzakirə olunduğu xatırlanmış, Avropa Komissiyası tərəfindən irəli sürülmüş Şərq tərəfdaşlığı proqramının Avropa İttifaqı ilə keçmiş SSRİ respublikalarından olan Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında əlaqələrin gücləndirilməsi məqsədi daşıdığı bildirilmişdir. Belarus istisna olunmaqla, beş respublika Avropa Şurasının üzvü olduğu üçün Şərq tərəfdaşlığı proqramının haradasa quruma aid olduğu qeyd edilmiş, Şərq tərəfdaşlığı dövlətləri ilə Avropa İttifaqı arasında siyasi dialoqun nəzərdə tutulduğu bəyan edilmişdir. Bu məsələdə Avropa İttifaqının Şərqi Avropa ölkələrinə yaxınlaşmasının əsas məqsəd daşıdığı bildirilmişdir.
Belarusda vəziyyət məsələsinin müzakirəsində bu ölkədə keçirilmiş prezident seçkiləri zamanı çoxlu qanun pozuntusuna yol verildiyi, müxalifət qüvvələrinin sıxışdırıldığı, seçkilərin Avropa Şurasının tələblərinə cavab vermədiyi qeyd olunmuşdur. Tunisdə və Yaxın Şərqdə vəziyyətlə bağlı çıxış edən məruzəçilər və komitə üzvləri istər Tunisdə, istərsə də Misirdə əhalinin acınacaqlı, yoxsulluğun son həddində yaşadığı, hakim qüvvənin varlanmaq hərisliyinin isə sonluğunun onun məhvi ilə nəticələndiyi, Yaxın Şərqdə sülhün bərqərar olmasının vacibliyi bildirilmişdir. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeyini açıqlamışlar.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.-11 mart.- S. 3.