BSU-nun jurnalistika fakültəsində
təhsil alan istedadlı tələbələrə qəzet
redaksiyalarında təcrübə keçmək və
işlə təmin olunmaq üçün şərait
yaradılacaqdır
Martın 10-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə təhsil ocağının jurnalistika fakültəsinin tələbələri ilə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilmişdir.
Görüşün əhəmiyyətini xüsusi vurğulayan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bildirmişdir ki, əsas məqsəd jurnalistika fakültəsinin istedadlı tələbələrinə qəzet redaksiyalarında təcrübə keçmələri və gələcəkdə işlə təmin olunmaları üçün şərait yaratmaqdır.
Fondun həyata keçirdiyi layihənin gənclərin gələcəyinə dövlət qayğısının təzahürü olduğunu qeyd edən K.Abdullayev görüşün tələbələr üçün faydalı olacağına əminliyini ifadə etmişdir.
Layihə haqqında ətraflı məlumat verən fondun icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, universitetin rəhbərliyi tərəfindən seçilən tələbələr beş ay ərzində qəzet redaksiyalarında müqavilə əsasında aparıcı təcrübə keçəcəklər. Bu müddətdə özünü doğruldan tələbələr gələcəkdə redaksiyada işlə təmin olunacaqlar. Bu yaxınlarda Bakı Dövlət Universitetində (BDU) də bu cür görüşün keçirildiyini diqqətə çatdıran V.Səfərli hazırda BDU-nun jurnalistika fakültəsinin 22 tələbəsinin qəzet redaksiyalarında işə başladıqlarını vurğulamışdır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları fondun reallaşdırdığı layihəni yüksək qiymətləndirmiş, görüşün uğurlu nəticəsinə əminliklərini ifadə etmiş, eləcə də gələcək jurnalistlərə məsləhət və tövsiyələrini vermişlər.
Görüşdə BSU-nun jurnalistika fakültəsinin tələbələrinin fəaliyyəti, xarici jurnalistlərlə birgə proqramları haqqında məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.-11 mart.- S. 3.